Ölkə mediası oktyabrın 24-də Bakıda Ukraynalı gənc qadının avtoqəzada ölməsi barədə iki cümləlik məlumat paylaşdı.

Sitat: «Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Piyadanı maşın vuraraq öldürüb.  Hadisə Səbail rayonu ərazisində baş verib. Yolu keçmək istəyən piyada, 31 yaşlı Ukrayna vətəndaşı Viktoriya Vladimirovna Şepeli maşın vurub. Şepel hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır…».

Vəssalam!

Lakin çox maraqlıdır ki, hadisənin harda, hansı şəraitdə baş verdiyi, yaxud da Ukrayna vətəndaşı olan gənc xanımı hansı dövlət nömrə nişanlı avtomobilin öldürdüyü və həmin avtomobilin kimə məxsus olduğu barədə məlumatlar sirr olaraq saxlanıldı…

 «Təzadlar»ın elektron poçtuna daxil olan məlumatdan isə bəlli olur ki, qeyd olunan və ağır sayılan yol-nəqliyyat hadisəsi, əslində, küçədə deyil, Bakının Sabir bağı, Kiçik qala küçəsində yerləşən «Manqal» restoranının parklama yerində baş verib. Sitat: «…Həmin gün Ukrayna vətəndaşı olan və Bakıda gözəllik salonlarının birində makiyaj və s. işlərlə məşğul olan (özü hüquqşünasdır, təcrübəli mütəxəssisdir) Viktoriya Vladimirovna Şepel «Manqal» restoranına bacısı ilə gəlib… Onlar restoranda teleaparıcı kimi tanınan (hələki adını çəkmirik.Red.) bir gənc qadının dostları ilə birlikdə şam yeməyində olurlar. Gecə saat 22:00 radələrində Ukrayna vətəndaşı olan Viktoriya Vladimirovna Şepel əsəbi halda restoranı tərk edir. Bu zaman restoranın parkovka yerində dayanıb evə getmək üçün taksi sifariş edir. Belə bir məqamda onu restorana dəvət etmiş tele-aparıcı həyətə düşüb özünün şəxsi avtomobilinə minir və Viktoriyanın qarşısını kəsib onu dayandırmaq istəyir, bu vaxt Viktoriya maşının altında qalır. Sonuncu avtomobili arxaya verəndə yenidənViktoriyanı sanki qəsdən tapdayır və sonuncu həyatını itirir…».

ukr-1

Məsələyə aydınlıq gətirilməsi üçün əvvəlcə «Manqal»ın 0559201015 xidməti telefonuna zəng edərək bəzi suallara aydınlıq gətirmək istədik. Lakin telefonu götürən şəxs jurnalist olduğumuzu bilən kimi qapatdı.

Səbayil rayon Polis İdarəsi Yol Polisi Şöbəsində isə ümumiyyətlə, içəri daxil ola bilmədik ki, bu hadisə barədə nəyisə kimdənsə soruşa bilək.

Biz eyni zamanda tele-aparıcı kimi təqdim edilən və ölümə səbəb olan həmin gənc xanımın  instaqram səhifəsinə daxil olduq, lakin iki gün əvvəl aktiv olan səhifəsi silinmişdi. Niyə???

-Bəs həmin tele-aparıcı, əslində, kimdir? Onu Viktoriya Vladimirovna Şepellə nə bağlayırdı?

-O, həmin gün Viktoriya Vladimirovna Şepeli «Manqal» restoranına nə üçün dəvət etmişdi?

-Səbayil rayon Polis İdarəsi Yol Polisi Şöbəsində baş vermiş bu dəhşətli hadisəni hansı istiqamətdə araşdırırlar?

-Ukraynalı qadını öldürən həmin tele-aparıcı deyilən qadın saxlanılıbmı?

-Onun hadisə baş verən vaxt içkili olub-olmadığı barədə rəy alınıbmı?

Araşdırmamız davam edir. Əlavə məlumat veriləcək.

«Təzadlar»ın Araşdırma Qrupu

sevinc-pija