…İki cür yaradıcılıq yolu var. Biri boş söz yığını ilə özünü aldatmaqdır. Digəri sə zamanın ağrılarına sinə gərmək, xalqın yanında olmaq və Vətən sevgisidir. Təəssüflə deyim ki, Azərbaycan ədəbiyyatında, incəsənətində, memarlıq və rəssamlıqda xalqa yaxınlıq, onun ağrılarına doğmalıq və milli təəssübkeşlik hissi çox azdır. Məsələn, rəssamlıqda və heykəltəraşlıqda soyuqqanlılıq elə güclüdür ki, başqa bir xalqa, düşmənə aid olan mövzularda dəridən-qabıqdan çıxan sənətkarlar, öz millətinə və mədəniyyətinə, sanki bir erməni, yaxud da rus qədər yaddır. Təpədən-dırnağa kimi rusist olan Tahir Salahovun yaradıcılığında milli nəyisə görürsünüzmü?

***

"Su parkı" deyilən ərazidə Dədə Qorquda qoyulmuş bir abidə var. Onun açılışında, başda yazıçı Anar olmaqla, xeyli ziyalı və hökumət adamları iştirak etmişdi. Bu abidənin müəllifi yazıçı Nurəddin Babayevin oğlu Göyrüş Babayevdir. Qarmaqarışıq çizgilərdən ibarət olan bu abidədə, biz Dədə Qorqudu görə bilmirik. Necə deyərlər, abidədə Dədə Qorquda aid heç bir əlamət hiss olunmur. Abidədə nə Dədə Qorqud ağsaqqallığı, nə də Qazan xanın və digər igidlərin qəhrəmanlığını görmək olmur. Müəllif elə bil qəsdən dastanı gözdən salmaq istəmişdir. Açılışda iştirak edənlər də abidənin qüsurlu olmasına diqqət yetirməmişlər.

***

 Azərbaycan ədəbiyyatının sovet dövrü və bu günkü vəziyyəti də bərbad vəziyyətdədir. Əsərlərin heç birində xalqımızın müasir qəhrəmanlığını və milli mücadiləsini əks etdirən obrazlar yoxdur. Sovet dövründə ruslar xalqı itaətdə saxlamaq üçün qəhrəmanlıq obrazları yaratmağa icazə vermirdilər. Yazıçılar, ancaq çoban, pambıqçı və inşaatçı obrazları yarada bilərdilər. Bəzi yazıçılar əsərlərini oxunaqlı etmək üçün əsərlərində ya fahişə obrazları yaradır, ya da istedadı olan qəhrəmanlarını Moskvaya «aparmaqla» baş qatırdılar.

Şeirdə vəziyyət lap pis gündə idi. Şairlər Lenin, Ostrovski və komsomol mükafatları almaq üçün yarışa girirdilər. Məmməd İsmayıl isə şeirlərindən birində atasızlığın çətinliyini unutmaq üçün evlərində divardan asılmış bir rus şinelinə sığınması ilə təsəlli tapırdı...

***

 Əli Kərim, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni çıxmaq şərti ilə şairlərimizin hamısı kommunist partiyasına və işğalçı sovet hökumətinə sığınmışdılar.Yaxşı qonorar və buyruq mükafatları üçün Allahı da danmaqdan usanmırdılar.

***

 Bu yazını qeydə almaqda məqsədim odur ki, otuz ildən artıqdır ki, Azərbaycan özünün müstəqilliyinə qovuşub. Bu müstəqillik illəırində də ədəbiyyatımızda, kinomuzda və başqa sahələrdə milli kimliyimizi, qəhrəmanlığımızı əks etdirən əsərlər yaranmayıb. Bu da ondan irəli gəlir ki, sovet hökuməti yıxılsa da onun sovet düşüncəli kadrları ölkəmizdə hələ də ideoloji sahənin başındadırlar. Müstəqilliyimizə həsr olunmuş əsərlərə hələ də qapı açılmır. Sovet dövrünün çörəyi ilə böyümüş həmin adamlar, kommunistlər və komsomolçular Rusiyanın dəstəyi ilə hakim  yerlərini qoruyub saxlayırlar.

 Bu gün Vətənimizin uğurlarında iştirak edən, cəbhədən qalib əsgər kimi qayıdanlara vəzifə verilmir. Hələ də ölkəmizdə ölü rus dili qorunub saxlanılır.

 Belə olan halda, çətin ki, milli kökümüzə qayıda bilərik. Təəssüflə deyim ki, vəzifələrdə yer tutan bəzi anti-milli kadrlar bu gün də Rusiyaya canla, başla xidmət edirlər. Onlardan yaxa qurtarmağın yolu hələ görünmür. Bunun bir yolunu bulmalıyıq. Yoxsa, sadaladığım eyiblər uzun müddət davam edəcək. Rusiyanın mənəviyyatımıza vurduğu dərin zədədən xilas ola bilməyəcəyik…

Özümüz olmaq üçün daha nə etməliyik?

Ədalət TEYMUROV

(«Təzadlar»ın köşə yazarı)