...Respublikanın beş böyük şəhərindən biri olan Sumqayıtda köşklərdən, poçt şöbələrindən və kitabxanalardan qəzet yığışdırılıb, yəni Sumqayıt şəhərini mətbuatı baykot edən, abunəsinə də qadağa qoyulmuş şəhərə çeviriblər. Rayonda yaşayarkən köşkdən alıb oxuduğum beş həftəlik qəzetdən (“Ədəbiyyat”, “Türküstan”, “Ədalət”, “Təzadlar”, “Unikal”) demək olar ki, heç birini alıb ya tapıb oxuya bilmirik.

Qəzet haqqında düşünərkən, yaxud odu söndürüb külünə qızınmaq istəyəndə...

Türk xalqlarının qəhrəmanlıq dastanı olan “Koroğlu”nun sonuncu qolunu xatırlayırsınızmı? Odlu silahı (tüfəngi) görən Koroğlunun misri qılıncını “sənin zamanın qurtardı” deyib yerə qoymasını nəzərdə tuturuq. İndi ən azından Azərbaycanda qəzetlər vaxtı keçmiş həmin misri qılıncı xatırladır. Niyə ən azından Azərbaycanda - bu barədə fikirləşmirlər?

Ötən əsrin 90-cı illərinin ortaları idi. Müstəqil Azərbaycanda ilk dəfə “KİV haqqında” Qanun hazırlanırdı. Milli Məclisin müvafiq komissiyasında layihə müzakirə olunarkən jurnalist kimi bizi də dəvət etmişdilər. Və təxminən 25 ildən sonra həmin müzakirələrdən şəxsən mənim yadımda qalan o olub ki, sən demə, bizdə, layihəyə əsasən, KİV təsis etmək üçün nəinki müvafiq ali, ümumiyyətlə, təhsilə ehtiyac yox imiş. Bəli, bəli, təəccüblənməyin, həmin qanunla Azərbaycanda sözün birbaşa və dolayısı mənasında yoldan ötən hər kəsə KİV təsis etmək hüququ verilirdi. Və bizim hər vəchlə etirazlarımıza baxmayaraq, verildi də. Adam belə bir vəziyyətə alışsa da, hər dəfə yada düşəndə dəhşətə gəlir. O illər kimlər doluşmadı bu şərəfli və məsuliyyətli peşəyə?! Hətta o dərəcədə ki, həmin dövr cibində “Press” vəsiqəsi olmayan çox az adam tapılırdı. Hətta o həddə ki, “qədim peşə sahibləri” belə, kütləvi surətdə “müxbir” olmuşdular. Hətta o səviyyədə ki, əsl jurnalistlər “jurnalistəm” deməyə utanırdılar.

 Həmin illərin “qəzet”lərinin təkcə adlarına nəzər salmaq yetərdi ki, səviyyələri məlum olsun. İndi onları sadalayıb ürək bulandırmaq istəmirik. Baxmayaraq ki, onlar şər-şəbədə ilə neçə-neçə adamın ürəyini bulandırır, nə isə qoparmaq üçün min oyundan çıxırdılar.

 Bununla “zorən jurnalist”lər həm də mətbu sözü hörmətdən salır, qəzetin ictimai nəzarət və ictimai qınaq funksiyasını heçə endirirdi. Başqa sözlə desək, cəmiyyətin inkişafı üçün vacib sayılan şərtlərə ictimaiyyətin münasibətini pis yönə dəyişirdilər. Əleyhinə olunan bütün cəhd və etirazlarsa nəticəsiz qalırdı. Azsaylı və abrına qısılmış peşəkar jurnalistlər çoxsaylı və təşkilatlanmış “həmkar”larının qarşısında təsirli nə edə bilərdilər ki?!

O illərdən xeyli zaman ötüb. Dövr, tələb və imkanlar da dəyişib, həmin, yumşaq desək, boşluğun aradan qaldırıldığı “KİV haqqında” Qanun da. Hətta yeni qanunun adına da əl gəzdirilib, indi “Media haqqında” adlanır. Dəyişməyən nə isə varsa, o da qeyri-peşəkar “jurnalist”lərin yenə ölkə KİV-ində meydan sulamalarıdır. Düzdür, indi onlar “qəzet redaktorları” deyillər. Əvəzində hərəsinin bir neçə saytı, internet TV-si var. Hətta aralarında özlərini “media holding” sahibləri adlandıranlar da tapılır, baxmayaraq ki, nə ol(may)an təhsillərinin, nə də savad və qabiliyyətlərinin jurnalistikaya dəxli var. Olan yalnız xərclərini qarşılayan sponsorlarıdır ki, onların da məqsədləri dairəsində xalqın və dövlətin maraqlarını qoruyan informasiya siyasətindən savayı nə desən mövcuddur.

Amma bu gün ölkənin internet kütləvi informasiya vasitələrində vəziyyəti acınacaqlı edən təkcə həmin resursların müəyyən qisminin qeyri-peşəkarların əllərində olması deyil. Əlavə problem bundadır ki, belələrinin jurnalist kimi tərəfsiz olmamaları bir yana, əqidə cəhətdən etibarsız və sürüşkən mövqe nümayiş etdirmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Belə halda isə onların ictimai rəyə nəinki təsiri olur, hətta fəaliyyətləri əks effekt verir ki, bu da indiki gərgin ideoloji mübarizə zamanında təhlükəli tendensiyadır. Çünki əqidə bir yana, ictimai marağı şəxsi mənafeyə qurban verib tez-tez səngər dəyişənlərə stavka etmək “rus ruletkası” qədər risklidir. Ən yeni tariximiz dəfələrlə sübut edib ki, “ingilis bayrağı”na bənzəyən belələri ilə kəşfiyyata demirik, balıq tutmağa da getmək olmaz. Lakin nə olsun? Gedirlər də, lap o yana keçirlər də.

O yan demişkən. Görürsünüz o yandakı sosial şəbəkə üzərindən “media” yaradanlar nə gündədir? İndi onların söyüş və təhqir dolu ağızlarını yummaq üçün qanuni yollar və üsullar axtarılır. Halbuki jurnalistikanın qapıları qeyri-peşəkar və təsadüfi adamların üzünə vaxtında bağlansaydı, bunu söz və mətbuat azadlığının boğulması kimi qələmə verənlərin cavabı arqumentlər və qətiyyətlə verilsəydi, indi belə axtarışa da ehtiyac qalmazdı. Axı o yana, jurnalistikada indinin özünəcən medianın yanından keçməyə layiq olmayan kəslərin meydan suladığı bu yandan köçüblər. Bu yanda görsəydilər ki, media peşəkarlıq tələb edən sahədir, onlarlıq deyil, o yanda klaviatura, mikrofon və ya kamera arxasına keçməyə cəsarət etməzdilər.

Sözsüz ki, bu, problemin, necə deyərlər, texniki tərəfidir. Mənəvi tərəfi, təbii ki, başqadır. Və bu, ilk növbədə tərbiyə məsələsidir. Amma tərbiyəni formalaşdıran amilləri də unutmaq olmaz. O amillərdən biri isə gözün gördüyü, yəni KİV-in qapılarının hər “sort” adamlar üçün indiyəcən açıq qalmasıdır və heç kim də inkar edə bilməz ki, KİV-də “açıq qapı” siyasətinin ziyanları bu gün “populyar” olan xəbər saytlarında daha aydın görünür. Vaxtaşırı bu barədə çox yazıldığı, üstəlik, yazılanların heç bir təsiri olmadığı, əksinə, birinin üzərinə beşinin qoyulduğu üçün həmin ziyanları təkrar sadalamaq fikrindən uzağıq. Bununla belə, adını xəbər portalı qoyub hər cür oyundan çıxan saytlardakı mövcud reallığa göz yumulmasını da istəməzdik. Axı savadsız əməkdaşlarının səviyyəsiz yazıları, çayxana xəbərləri, bir-birilərini demək olar bütünlüklə təkrar etmələri bu zaman hətta “mənbə”nin kobud səhvlərini tirajlamaları və s. bir yana, adamları şantaj edib pul qoparmaq kimi cinayətlə məşğul olmalarına necə göz yummaq mümkündür?! Xüsusən də bu zaman söhbət KİV-in və jurnalistin nüfuzundan gedirsə...

***

 Söz ki, nüfuzdan düşdü, deməli, KİV-in “ağsaqqal”ı hesab edilən qəzet məsələsinə qayıtmağın məqamıdır. Birbaşa və açıq etiraf edək: dövlətin bütün yardım və dəstəyinə baxmayaraq, bu gün Azərbaycanda qəzetlərin vəziyyətinin yaxşı olduğunu demək reallığa göz yummaq təsiri bağışlayardı. Bunu başqa cür necə izah edək ki, ölkənin əsas rəsmi mətbu orqanı sayılan “Azərbaycan” qəzetinin tirajı cəmi 5 min civarındadır. Və bu, hazırda ölkə üzrə... ən yüksək tirajdır. İndi təsəvvür edin ki, başqa qəzetlər nə gündədir. Halbuki, məsələn, Belarusda “Azərbaycan”la eyni statusda olan “S.B.Belorus seqodnya” qəzeti 190 min, paytaxt Minskin mətbu nəşri “Veçerniy Minsk” isə 100 min tirajla çıxır. Belarusu misal gətirməyimizin səbəbi ölkələrimizin əhalisinin təxminən eyni olması və bir sistemdən çıxmasıdır. Üstəlik, digər keçmiş sovet respublikalarında, məsələn, Rusiyada, Qazaxıstanda, Özbəkistanda da qəzetlərə münasibətdə vəziyyət Belarusdan pis deyil ki, yaxşıdır!

Elə isə Azərbaycanda nə baş verib ki, qəzetə maraq bu dərəcədə azalıb? Dövlət dəstəyi zəifdir? Bunu heç kim iddia edə bilməz. Bəlkə də dünyanın heç bir ölkəsində KİV-ə, o cümlədən qəzetlərə Azərbaycandakı qədər dövlət tərəfindən təmənnasız dəstək verilmir. Təkcə MEDİA İnkişaf Agentliyini xatırlatmaq yetər ki, ölkəmizdə dövlət-KİV münasibətlərinin səviyyəsi məlum olsun.

Xalqın qəzet oxumaq vərdişinin zəifləməsi? Bu suala birmənalı cavab vermək çətindir. Lakin həmin səbəbi də qəzetlərin indiki durumunun əsas “günahkar”ı hesab etmirik. Pisdən-yaxşıdan, azdan-çoxdan oxuyan xalqımız hələ əlifbanı unutmayıb.

Həyatımızın bütün sahələrinə daxil olan internetin təsiri? Sözsüz ki, operativ və pulsuz informasiya almaq imkanı 40 qəpik ödəyib qəzet oxumaq istəyini üstələdiyindən bu arqumentin üstündən xətt çəkə bilmərik. Amma fikirləşəndə ki, Azərbaycanı müqayisə etdiyimiz ölkələrdə də internet var, onda bu səbəbi də qəzetlərin əsas “qənim”i saymaq olmaz.

Bəlkə qəzetlərin maraqsız olmaları, səhifələrində oxumağa nə isə tapılmaması? Bu səbəb ilk baxışdan həqiqət təsiri bağışlasa da, onu bütün oxucu kateqoriyalarına aid etmək düzgün deyil. Bəli, kim xəbərin doğru, ya yalan, ictimai əhəmiyyətli, yaxud yalan sensasiya, maarifləndirici və ya ziyanlı olmasının fərqinə varmırsa, qoy adlarını səhvsiz yaza bilməyənlərin təsis etdikləri saytları izləsin. Amma bu ölkədə hamı belə deyil axı... Elitar oxucu şayiələr və ara söhbətləri əsasında yazılanları qəbul etmir, ona doğru informasiya, ağıllı təhlil, obyektiv şərh lazımdır ki, onları da bu gün səviyyəsiz saytlardan yox, səviyyəli qəzetlərdən oxumaq mümkündür. Bir də indi bu cür qəzetlərin özlərinin də saytları var. Amma onların digərlərindən fərqi etibarlı mənbə imiclərini qorumalarıdır. Elə buna görə də bu saytlarda nə haradasa maşının ağac kötüyünə dəyməsi, nə ər-arvad davası, nə də hansısa toy müğənnisinin makiyajı və ya avtomobilinin markası haqqında xəbərə rast gəlmək mümkündür. Bu kimi “fakt”lardan xəbər düzəldib “layk” qazanmaq bizim işimiz deyil.

 Bəs onda bizdə “Günəş haradan çıxır” ki, qəzetlərə maraq ən azı tiraj cəhətdən bu qədər azalıb?

Yenə qayıdırıq yazımızın, həm də təkcə yazımızın yox, müstəqillik illərində KİV tariximizin əvvəlinə. Bəli, məhz həmin vaxt KİV-in qapılarını heç bir peşədə olmadığı qədər istənilən (və təsadüfi) adamın üzünə açmağa qərar veriləndə gərək bunun söz və mətbuat azadlığının təminatı yox, söz və mətbuatı hörmətsiz, nüfuzsuz edəcəyi nəzərə alınardı. Nəzərə alınardı ki, indiki kimi jurnalistikada peşəkarlıq problemi yaşanmasın. Çünki qeyri-peşəkarlıq elə bir zərərli “ağac”dır ki, “meyvə”sini hər dəyəndə yığıb qurtarmaq olmur. Əks halda Azərbaycanda bu gün nəşr edilən bütün qəzetlərin üst-üstə tirajı Belarusdakı çox demirik, bir qəzetin tirajına çatardı. Hələ qonşu ölkələrdəki qəzetlərin maddi-texniki imkanlarını demirik. Rusiyanın rəsmi mətbu orqanı olan “Rosiyskaya qazeta”nın 15 xarici ölkədə müxbir məntəqəsi var. Türkiyənin “Sabah”, “Milliyet”, “Hürriyyət” qəzetləri isə dünyanın 50 nüfuzlu nəşrləri sırasındadır.

Biz demirik Azərbaycan qəzetləri dünyanın nüfuzlu çap KİV sırasında olmalıdır, baxmayaraq ki, bunu arzulamaq haqqımızdır. Deyirik ki, yazdıqlarımız heç olmazsa, ölkə əhalisinin 5-10 faizinə də olsa çatsın. Axı qəzet hər cür lazımsız və yalan xəbər tirajlayan sayt, dedi-qodu yayan sosial şəbəkə deyil. Qəzetin sözü tarixən sanbalı, çəkisi, obyektivliyi, ictimai rəyə təsiri ilə seçilib. Təsadüfi deyil ki, aparıcı ölkələrdə indiyəcən gündəmi qəzet manşetləri müəyyən edir, siyasi liderlər sözlərini qəzet səhifələrində deyirlər, biznes adamları səhərlər qəzet səhifələrini vərəqləyəndən sonra işə başlayırlar. Yoxsa dünyanın nəhəng şirkətləri milyonlar hesabına nüfuzlu qəzetlərin səhmlərini almazdılar.

Bütün bunlar o deməkdir ki, sivil ölkələrdə kino teatrların, televiziya kinonun yerini verə bilmədiyi kimi, internet və elektron KİV də yazılı nəşrləri əvəz etməyi bacarmayıb. Və tam əminik ki, əvvəl-axır Azərbaycanda da belə olacaq və 149 yaşlı mətbu sözümüz haqq etdiyi hörməti və şöhrətini qaytaracaq. Təbii ki, bu gün az-çox qəzetlərdə qalan peşəkarların sayəsində.

“Koroğlu” dastanından xatırlatdığımız epizoda gəldikdə isə, onu deyək ki, həmin vaxtdan bəri dünyada nə qədər dəhşətli odlu silahlar yaradılsa da, qəhrəmanlıq rəmzi qılınc olaraq qalır...

Raqif MƏMMƏDLİ