Böyük zəhmət və dövlət büdcəsinin subsidiyaları hesabına yetişdirilən soğan hazırda çürüyüb gedir, dövlət qurumlarından isə sahib çıxan yoxdur…

(Əvvəli ötən buraxılışda)

 …Gəlirik əsas vəzifəsi fermerlərə arxa-dayaq olmalı dövlət qurumlarının fəaliyyətinə. Budur, Azərbaycanın rəsmi, yəni Dövlət informasiya agentliyi olan AzərTAC-ın ötən il yayımladığı bir xəbərinə. Agentlik “Aqrar tədarük və təchizat” ASC-nin fəaliyyəti barədə məlumat yaymışdır ki, sən demə, ASC-nin rəhbər şəxsləri mütəmadi olaraq müxtəlif regionlarda fermerlərlə görüşlər keçirirlər və fermerlərə məhsullarını necə satmağın yollarını təklif edirlər.

 Çox gözəl! Əla! Amma Ergi qəsəbəsi ərazisində ötən mövsümdə minbir zəhmət sayəsində soğan yetişdirən fermerlər indi olduqca müflis və acınacaqlı vəziyyətdədirlər. Görəsən, niyə “Aqrar tədarük və təchizat” ASC rəsmiləri onlara da hazır kisələrdə olan soğan məhsullarını necə satmağın yollarını öyrətməyiblər??? Fermerlər isə məhsullarını hələ də sata bilməyiblər, yüz tonlarla soğan hazır kisələrdə çürüyüb məhv olur, Haramı düzünə, Qarqar çayın sahilinə tökülür…  Halbuki ASC-nin Nizamnaməsində qeyd olunub ki, qurumun fermerlərdən satın alınan məhsulun istehlakçılara çatdırılmasına nəzarət etmə ixtiyarı və dövləti mexanizmi var. Amma bu nəzarətin necə olduğu sual altındadır. Fakt da göz qabağında!

***

…Ergidə gördüklərimiz ASC rəsmilərinin bölgələrdən tamamilə bixəbər olduğundan xəbər verirdi… Fermer Qərib Məmmədov deyir ki, soğanın yığım vaxtı 20-22 kq-lıq kisəni 8-14 manata alverçilərə verə bilirdik, amma indi heç 3-4 manata belə gəlib almırlar: «…Alverçilər, sanki Bakıda öyrədilmiş qiymətlə bura gəlirlər. Elə qiymət deyirlər, heç çəkdiyimiz xərcin yarısı da deyil. Bu il lap acınacaqlı vəziyyətdir. Yəqin yollarda maşın-maşın çürümüş soğan zibilliyini gördünüz. Halbuki bu işə cavabdeh dövlət qurumları vaxtında alıb soyuducularda saxlayıb bazara çıxara bilərdilər. Həm özlərinə xeyiri dəyərdi, həm də fermerlərə. Bizim isə Erginin bu eşşəkkeçməz yolları ilə Bakıya, yaxud «Meyvəli bazar»a soğan aparıb satmaq imkanımız yoxdur. Hər adamı da o bazara buraxmırlar… Vəziyyətimiz belədir. Dövlət subsidiya verir, gübrə verir, amma məmurlar məhsulumuza yiyə durmur…».

 s-1

Sahələrdə məhv edilən dövlət vəsaiti…

 Xatırladım ki, Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” iki il əvvəl Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur. Hazırda da fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir, mərkəzlə əlaqələndirməni isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirməkdədir.

 Beləliklə, subsidiya vəsaitləri fermerlərin bank kartlarına (fermer kartı) köçürülür və fermerlər əkin subsidiyasının bir hissəsini (25%-ni) birbaşa nağdlaşdıra bilir, yerdə qalan vəsait (75%) isə gübrə, pestisid, toxum və s. alışı zamanı hesabdan-hesaba köçürülür.

 Onu da xatırladım ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kre­dit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən subsidiyaların həcmi ilbəil artırılır. Məsələn, 2023–2024-cü təsərrüfat ili üzrə 536 min 702 əkinə görə 263 min 992 fermerə təxminən ilkin mərhələdə 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 min 298 hektar sahəni əhatə edib. Bu vəsaitin nə qədəri məhz soğan əkən fermerlərə verilib, bu barədə dəqiq və rəsmi rəqəm əldə edə bilmədim. Amma bəllidir ki, söhbət ümumilikdə milyonlarla manatdan gedir.

aqil-asc

 Maraqlı məsələ həm də budur ki, Aqrar Subsidiya Şurası 22 iyul 2022-ci il tarixli iclasında mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə 2022-ci il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib. Beləliklə, Şuranın qərarına əsasən, 2022-ci ildən əkin subsidiyasının artımı və yekun əkin subsidiyasının məbləği baş soğan üçün hər hektara görə 330 manat müəyyən edilib.

 Təsəvvür edin, dövlət soğan əkən fermerlərə hər il milyonlarla manat subsidiya (yardım) verir, son məhsul isə batıb məhv olur. Deməli, aidiyyəti dövlət rəsmilərinin günahı üzündən dövlətin bu qədər vəsaiti zay məhsulun aqibəti kimi havaya sovrulur. Baiskar kimdir? Özünüz nəticə çıxarın.

 Yeri gəlmişkən, Baş Prokurorluq müntəzəm olaraq dövlətə vurulmuş ziyanla bağlı cinayət işi başlayır və həbs edilənlər, cəzalandırılanlar olur. Bu qədər dövlət vəsaiti hesabına becərilmiş məhsul zay edilir, deməli, dövlətin kənd təsərrüfatı maraqlarına bu qədər ziyan vurulur, amma məsuliyyət daşıyan yoxdur. Axı bu məsələdə fermerə subsidiya verən dövlət qurumları var, deməli, əkilən və becərilən məhsulun da sifariş verəni-stimullaşdırıcısı həmin qurumlardır. Bəs niyə onlar son məhsula da yiyə durmur, taleyi ilə maraqlanmırlar???

s-7

Azərbaycana xarici ölkələrdən valyuta ilə alınan soğan idxal edilir, burdan-bura isə öz soğanımız məhv edilir…

Yuxarıda adını çəkdiyimiz və dövlətin etibar və etimad göstərdiyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Subsidiya Şurası, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC, Dövlət Aqrar İnkişaf Mərkəzləri… niyə verdikləri həmin büdcə vəsaitlərinin sayəsində hasil edilən son məhsulun satışında da maraqlı görünmürlər? Türkiyədən, Özbəkistandan və İrandan, Rusiyadan Azərbaycana soğan idxal edilir, burdan-bura isə öz soğanımız məhv edilir. Deməli, dövlət qurumları təkcə subsidiya verib məhsul becərtdirməməlidir, həm də həmin məhsulun satışı-marketinqi barədə düşünməlidir. Bu sahəyə xüsusi nəzarət və stimullaşdırıcı tədbirlər yönəldilməlidir, lazım gəldikdə, əlavə vəsait ayrılmalıdır. Bölgələrdə formal deyil, işlək tədarük məntəqələri yaradılmalı, soyuducu anbarlar tikilib normal qiymətlə fermerlərə təklif edilməlidir!

***

 Vəziyyəti belə gördükdən sonra Ergidə digər fermerlərdən soruşuruq ki, yuxarıda adı çəkilən dövlət qurumlarından hansının rəsmi nümayəndəsi sahənizdə olub, məhsulunuzla, əkin-biçinizlə maraqlanıb? Məlum olurdu ki, demək olar kimsə maraqlanmayıb. Maraqlanıblar, amma başqa məsələlərdə!

***

 Əkinlə, son məhsulla maraqlanmayanlar dövlətin maddi səaitinin də necə (təyinatı üzrə) xərclənməyi ilə niyə məşğul olsun ki?! Təki onların vəzifələri kağız üzərində də olsa tamamlanmış olsun… Əks halda, foto və videogörüntülərdəki acı mənzərə bu gün fermerlərin göz dağı kimi ortada olmazdı! 

“Aqrar Tədarük və Təchizat” ASC-nin bölgə idarələri nə işlə məşğuldur, bilirsiniz?

 Açığı, düşünürdük ki, yəqin “Aqrar Tədarük və Təchizat” ASC-nin rayonlardakı çoxsaylı Regional İdarələrinin rəisləri dünyanı narahat edən ərzaq təhlükəsizliyi ilə bağlı indiki vəziyyətdə fermerlərin yanında olacaq və minbir zəhmətlə yetişdirilən, hazırda isə məhv olan soğanının dərdini çəkən fermerlərin göz yaşlarına inanacaq, dərdinə şərik olacaqlar. Hesab edirdik ki, məsələn, elə ərazi üzrə Ağcabədi Regional İdarənin rəisi Elçin Şadlinski (O, Ağdam, Beylaqan, Füzuli, Ağcabədi, Laçın, Xocavənd rayonlarına baxır) hazırda Ergi qəsəbəsi ərazisində məhsulu məhv olmuş fermerlərin dərdinə şərik olmaq üçün orada olacaq. Amma fermerlər heç onun adını belə tanımadılar, nəinki üzünü görmüş olalar…

s-4

Bu da ASC-nin digər regional idarələrinin imtiyazlı-səlahiyyətli rəisləri:   

Salyan regional idarəsi (rəis Ağaşov Rəhman Səfəralı oğlu): Əhatə edir: Biləsuvar, Hacıqabul, Şirvan, Neftçala, Salyan rayonları;

Bərdə regional idarəsi (rəis İmanov Müşviq İskəndər oğlu): Bərdə, Tərtər, Goranboy, Naftalan, Xocalı rayonları;

Xaçmaz regional idarəsi (rəis Zeynalov Eldar Gülağa oğlu): Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları;

Kürdəmir regional idarəsi (rəis Kərimli Azad Azər oğlu):  Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Zərdab, Cəbrayıl rayonları;

Yevlax regional idarəsi (rəis İsmayılov Səbuhi Zülfiqar oğlu): Yevlax, Ağdaş, Mingəçevir, Ucar, Göyçay rayonları;

Masallı regional idarəsi (rəis Ələkbərov Vüqar Tofiq oğlu): Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonları;

Tovuz regional idarəsi (rəis Bayramov Hafis Yunis oğlu): Tovuz, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy rayonları;

Şamaxı regional idarəsi (rəis Nurəliyev Gülalı Talıb oğlu): Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan rayonları;

Gəncə regional idarəsi (İskəndərov İlham İskəndər oğlu): Gəncə, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları;

Ağcabədi regional idarəsi (rəis Şadlinski Elçin Nizami oğlu): Ağdam, Beylaqan, Füzuli, Ağcabədi, Laçın, Xocavənd rayonları;

Zaqatala regional idarəsi (Muradov Nəzir İbadulla oğlu): -Balakən, Qax, Zaqatala, Şəki, Oğuz rayonları...

***

 Təsəvvür edirsinizmi, bu qədər çoxsaylı Regional İdarələrin hər bir rəisinin ayrıca kabineti, aparatı, xidməti maşını, katibəsi, köməkçisi, xidməti maşınlarının yanacaqdan tutmuş digər illik xidmət məsrəfləri... Bu məsrəflər isə binəva fermerin min bir zəhmətlə becərdiyi və su qiymətinə alverçilərə satdığı, bəzənsə sata bilmədiyi məhsulunun maya dəyərində, bir də büdcə vəsaitlərində oturur. 

***

 Əlavə şərhə ehtiyac olmasa da, əlavə araşdırmaya və ən azından Baş Prokurorluğun problemə müdaxilə edərək tədbir görməsinə ehtiyac var. Çünki söhbət etdiyimiz fermerlərdən heç biri, məsələn, Ağcabədi Regional İdarəsinin heç yerini belə tanımır... Bəs onlar subsidiyaları necə və kimlərə ayırdıqlarını necə müəyyənləşdirirlər? Yaxud, son məhsulun aqibətindən xəbərdar olurlarmı???

 Ümumiyyətlə, fermerin yanında olub onun dərd-sərindən xəbərsiz idarələr və onların rəisləri kimə lazımdır???

 Asif MƏRZİLİ 

(Bakı-Ergi-Bakı)