44 günlük Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanının müəllifi Asif Mərzili Prezident İlham Əliyevə müraciət ünvanlayıb…

Həmin müraciəti təqdim edirik:

"Çox hörmətli cənab Prezident!

Sizin Fərmanınızla təsis edilmiş Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2024-cü il üzrə qərarına əsasən, 5 istiqamət üzrə işlər Komissiyaya təqdim edilmişdir. Həmin işlər sırasında 44 günlük Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanım da vardır. Lakin Komissiyanın sonuncu təkliflərinə uyğun olaraq Sizin 24 may 2024-cü il tarixli Sərəncamınızla yalnız iki istiqamət üzrə (texnika və mədəniyyət) Dövlət mükafatı verilmişdir. Komissiyanın təqdimatından belə məlum olur ki, sanki son iki ildə (Dövlət Mükafatları 2 ildən bir verilir) Azərbaycanda elm, incəsənət və ədəbiyyat üzrə heç bir tutarlı iş görülməmişdir.

Məlumat üçün bildirirəm ki, mən 30 ildən çoxdur yaradıcılıqla məşğulam, əsasən, jurnalistika sahəsində rəhbər vəzifələrdə çalışmışam və hazrda da bu işimi davam etdirirəm. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əlimdən gələni etmişəm və edirəm. Belə ki, indiyədək Azərbaycanın rəsmi mətbuatında məsul vəzifələr daşımışam, hazırda "Təzadlar" qəzetinin və saytının təsisçisi və baş redaktoruyam. Avropa Mətbuat Federasiyasının üzvüyəm, Türkiyənin 4 saytının köşə yazarıyam. Avstraliya Parlamenti ilə yazışmalarımdan sonra 2020-ci il oktyabrın 12-də "DQR" adlı separatçı qurumun tanınmasının qarşısını almaqda xüsusi xidmət göstərmiş, eləcə də Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan "Kukruznik" əməliyyatının Avstraliya mediasında işıqlandırılmasına dair araşdırma yazılarıma görə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin Sərəncamı ilə "Hərbi sahədəki səmərəli əməkdaşlığına görə" Medalı ilə təltif olunmuşam. Eləcə də indiyədək ondan çox müxtəlif məzmunlu kitabların müəllifiyəm.

Azərbaycanın 44 günlük Zəfər müharibəsindən bəhs edən ilk bədii əsər olan "Sonuncu əmr" romanı barədə Türkiyə və Azərbaycan  mətbuatında tanınmış tənqidçi və ədəbiyyatşünasların rəyləri, məqalələri çap olunmuşdur, əsərin Azərbaycanda geniş auditoriyalarda ictimai müzakirələri keçirilmişdir. Əsər yüksək qiymətini almışdır. Hazırda əsərin motivləri əsasında tanınmış quruluşçu rejissor Ağalar İdrisoğlu tərəfindən pyes yazılır və səhnələşdirilməsinə hazırlıq görülür. Eləcə də romanın motivləri əsasında qələbəmizdən bəhs edən ilk bədii filmin çəkilməsi üçün məsləhətləşmələr aparılır və bu məqsədlə Ukraynaya dəvət olunmuşam.  

Cənab Prezident! Romanın məzmunu barədə mətbuatda geniş məlumat və yazılar dərc olunduğundan, qısaca olaraq deyim ki, Azərbaycanın ədəbiyyat tarixində ilk əsərdir ki, ölkəmizin ərazi bütövlüyünün tam bərpası ilə nəticələnmiş Zəfər müharibəmizdən bəhs edir. Əsərin adı da Sizin Qarabağda uzun illər kök salmış erməni separatçılığına son qoyulması barədə verdiyiniz ən sonuncu əmrinizdən götürülmüşdür. Hansı ki, Sizin sonuncu əmrinizlə Xankəndində qələbə Paradı keçirilmişdir!

Cənab Prezident! Şəhid Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov igidlik göstərərək Sizin Sərəncamlarınızla ən yüksək Dövlət mükafatlarına layiq görülmüşdür. Şəhid qəhrəmanın döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanı isə onun bundan sonra xatirələrdə yaşayacaq əbədi-bədii həyatına bir mükafat olardı. Ona görə də hesab edirəm ki, əsər Dövlət Komissiyasının təqdimatında yer alarsa, bu həm də romanda öz övladının qəhrəmanlığını görən ana və atalara, öz qardaşının, nişanlısının igidliyini axtaran, duyan qardaş və bacılara… bir əbədi təsəlli olardı!

Son olaraq qeyd edim ki, əsərə general-leytenant Mais Bərxudarov və digər hərbi mütəxəssislər, həmçinin görkəmli ədəbiyyatşünas-yazıçı Seyran Səxavət rəsmi rəy vermişdir.

Cənab Prezident! Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təqdimatlarına yenidən baxılmalı, 3 istiqamət üzrə də qərar qəbul edilərək Dövlət Mükafatlarının verilməsi üçün təqdimatlar hazırlanmalıdır.

İnanıram ki, bu məktubum səmimiyyətlə qarşılanacaq, müvafiq qərar qəbul olunacaq.

Dərin hörmətlə:

Asif Mərzili,

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim edilmiş "Sonuncu əmr" romanının müəllifi"  

sonuncu-emr-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN