Xəbər verildiyi kimi, Fransanın Ermənistandakı səfiri Conatan Lakot həddini aşaraq diplomatın səlahiyyətlərinə aid olmayan mövsuya toxunub, siyasi meyitə çevrilmiş ATƏT-in Minsk qrupunun dirildilməsi, Zəngəzur nəqliyyat dəhlizindən imtina olunması, Qarabağın “statusu” ilə bağlı cəfəng açıqlamalar verib. Məsələ siyasi qalmaqal yarada bilmək səviyyəsindədir. Professor Vaqif Abdullayev "Təzadlar"a bunları söylədi:
- Növbəti dəfə “erməni sevgisini” nümayiş etdirən səfirin bu mövqeyi Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçılarının 10 noyabr sazişinin müddəlarına qarşı çıxmaqla yanaşı, regionda yeni formalaşan kövrək və dayanıqlı sülh və sabitliyə qarşı xain çəhddir, siyasi təxribatdır və eyni zamanda, Azərbaycan, Türkiyə və Rusiyanın birgə iştirakı ilə bölgədə gerçəkləşən layihələrə mane olmağa çalışmaqdır.
Fransanın yaxın siyasi tariximizdə baş nazirlərinin, müxtəlif hökumət üzvlərinin əsasən erməni əsilli olması və ermənipərəsət siyasət yürütməsi hər kəsə aydındır. Bu dövlətin vaxtilə ATƏT-in Minsk qrupuna həmsədrlərdən biri təyin edilməsi də Qarabağ probleminin həllində bitərəfliyi, ədalətliliyi heçə endirdi və rəsmi Paris 30 il ərzində davranışı ilə Ermənistanın işğalına haqq qazandırdı. 44 günlük Vətən müharibəsi günlərində də Fransa hakimiyyəti, o cümlədən icraedici və qanunverci hakimiyyət öz mövqelərini açıq şəkildə nümayiş etdirdi, açıq-aşkar ermənipərəst mövqe sərgilədilər.
Öz doğma torpaqlarını erməni faşizmindən xilas edən Azərbaycan Minsk qrupunu arxivə göndərdiyi kimi Fransanı da ofsaytda qoydu. Ona görə də, Fransanın həm Minsk qrupunun həmsədr, həm də, Azərbaycanla siyasi münasibətlərini korlamış ermənipərəst ölkə kimi artıq bizim üçün heç bir əhəmiyyəti qalmayıb və rəsmi Parisin bölgə ilə bağlı hansısa bəyanatlar səsləndirməsi mənasızdır. O ki qala öz ölkəsində heç bir hörməti olmayan, fransızlar tərəfindən daim gülüş və lağ obyektinə çevrilən, öz vətəndaşııın tərs və ağır silləsi ilə alçaldılan Makrona, o, Fransada yaşayan 513 min erməninin səsini almaq üçün ermənipərəst siyasət yürüdür və haylardan bir vasitə, marionet, oyuncaq kimi istifadə edir. Ermənilər həmişə, tarixboyu olduğu kimi, alət olaraq istifadə olunur, onlara vədlər verirlər və sonra da aldadırlar.
Onu da nəzərə almaq lazımdır ki, erməni lobbisinə xidmət edən fransalı siyasi dairələrin, eləcə də Avropanın bəzi siyasətçilərinin Ermənistana səfərləri və ermənilərə boş və mənasız vədləri bundan sonra daha çox olacaq. Eyni zamanda, avropalı rəsmilərin Azərbaycanın və Türkiyənin birgə Qarabağda həyata keçirdiyi işlərə qarşı təxribatçı hərəkətlərinə də rast gələcəyik. Ancaq, belə bəyanatlar, fikirlər Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyini, siyasi iradəsini dəyişdirə bilməz. Belə “hücumları” Vətən müharibəsində də görmüşdük, Azərbaycanın Lideri həmin çətin günlərdə özünəməxsus təmkinilə, siyasi müdrikliyi, dəyişməz qəti və sərrast mövqeyi ilə Fransa və bəzi ermənipərəst ölkələrin bütün təxribatlarını alt-üst etdi. Azərbaycan müstəqil, dünənkindən daha güclü dövlətdir, regionda yeni reallıqlar yaradıb, bölgənin siyasi xəritəsini müəyyən edir, dəyişir. Ona görə də, Fransanın və digərlərinin ölkəmizlə bağlı hansısa siyasi addımlarının heç bir təsiri yoxdur və ola da bilməz, Qarabağ məsələsində isə hər hansı bir formada müdaxilə edə bilməz.
Prezident İlham Əliyev bu günlərdə ölkəmizə səfər etmiş Avropa İttifaqı Şurasının rəhbəri, fransalı Şarl Mişelin də diqqətinə çatdırdı ki, BMT-nin 4 qətnaməsini özü təkbaşına yerinə yetirən Azərbaycan indi də regional kommunikasiyaların yaradılması, Qarabağda, Zəngəzurda nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində dayanmadan, qətiyyətlə işləri davam etdirir. Bizim planlarımıza heç kim mane ola bilməz.
Ona görə də, Fransa hökuməti və Makron çox gecikib, onun və ətəyinə sığındığı Paşinyanın qışqırıb-bağırmasından asılı olmayaraq Zəngəzur dəhlizinin çəkilişi, kommunikasiyalrın yaradılması və digər bütün işlər çoxdan başlayıb və Azərbaycan öz hədəflərinə irəliləyir.
Və yaxın tarix də göstərəcək ki, Makronlar gəldi-gedərdi, Azərbaycanın qətiyyətli mövqeyi, dəyişməz hücum siyasəti, Heydər Əliyev siyasəti isə əbədidir...
Təqdim etdi: A.Məmmədli