“Hər şeydən əvvəl Türkiyə Əfqanıstanla qonşu bir ölkə deyil”

Türkiyə Avstriya kansleri Sebastian Kurzun əfqan qaçqınlar üçün Türkiyəni "daha yaxşı yer" olaraq göstərən ifadələrinin təəccüblə qarşılandığını bildirib.

Türkiyə XİN-in mətbuat katibi Tanju Bilgiç Sebestian Kurzun qəzetlərdən birinə verdiyi müsahibədəki fikirlərinə cavab verib: "Bütün dünyaya təsir edən və hər kəs üçün ortaq bir mövzu olan qanunsuz miqrasiya problemini həll etmək üçün ortaq səyləri və əməkdaşlığı vurğulamaq əvəzinə," miqrantlar buraya gəlməsin, başqa bir yerə getsin" ifadəsi həm eqoist, həm də faydasız bir yanaşmadır. Türkiyə bölgədən qaynaqlanan kütləvi bir köç dalğasının nəticələrinə dözməyəcək və yeni bir köç dalğasını da öhdəsinə götürməyəcək. Türkiyənin Avropa İttifaqının (Aİ) sərhəd gözətçisi və ya qaçqın düşərgəsi olmayacağını vurğulayırıq".

Qeyd edək ki, Türkiyə qaçqınlara qucaq açan və hər zaman onlara yardım edən, haqlarını qoruyan ölkə olub. Və buna bütün dünya Suriya nümunəsində də şahidlik edib. Sebestian Kurzun köç dalğasını Türkiyəyə istiqamətləndirməsi isə doğrudan da təəccüblüdür...   

Xatırladaq  ki, uzun zamandır ki, "Taliban" hücumlarından əziyyət çəkən insanlar Əfqanıstanı tərk etmək məcburiyyətində qalıb. Və yüzlərlə əfqan artıq Tacikistana sığınıb. Tacikistan FHK sədrinin müavini İmamali İbroximzoda bu günlərdə verdiyi müsahibəsində ölkəsinin 100 min Əfqanıstan qaçqınını sərhədyanı ərazilərdə yerləşdirməyə hazır olduğunu bildirmişdi.

“Lazım olarsa bundan da artıq qaçqın qəbul edə bilərik. Biz hazırda bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla iş aparırıq. Yaxın vaxtlarda Xaroq şəhəri yaxınlığında iki anbar istifadəyə veriləcək. Bu anbarlarda əfqan qaçqınları üçün ərzaq məhsulları, çadırlar, yataq ləvazimatı, gigiyena vasitələri saxlanacaq”, - deyə İ.İbroximzoda bildirmişdi.

JASMİN