Avropanın əksər ölkələrinin və ABŞ-ın, Kanadanın... Rusiyaya qarşı sanksiya tətbiq etməsi fonunda Gürcüstanda qalmaqallı hadisə baş verməkdədir...

"Biz Rusiya Federasiyasına sanksiya tətbiq etməyəcəyik, öz ölkəmizi və xalqımızı cəzalandırmayacağıq, ona görə də heç bir qərar qəbul etməyəcəyik". Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən deyib. Sitat: "Bizim mövqeyimiz sadədir, Rusiya Federasiyasında yaşayan bir milyona qədər Gürcüstan vətəndaşı və ya gürcü, Gürcüstanı tərk etmiş insanlar var. Bu gün həmin insanlar Gürcüstana başqa ölkələr vasitəsilə, məsələn, Ermənistan vasitəsilə gəlməli olur ki, bu da xərcləri artırır, diskomfort yaradır və s. Əslində, 2019-cu ildə Rusiya Federasiyası bu insanlara qarşı cəza, sanksiya tətbiq etdi. Yəni Gürcüstan vətəndaşlarına, bu məsələdən potensial faydalanan bir milyona qədər insana qarşı müəyyən cəza tətbiq olundu və sonda bu sanksiya bu gün götürüldü. Bu sanksiya birtərəfli qaydada tətbiq edilmişdir, indi də birtərəfli qaydada ləğv edilib. Gürcüstan tərəfinə gəlincə, gürcü tərəfi Rusiyaya qarşı sanksiyalar tətbiq etmir. Burada səbəb də sadədir ki, biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə əslində öz ölkəmizə və xalqımıza qarşı sanksiyalar tətbiq edəcəyik, bunu təbii ki, etməyəcəyik”.

Maraqlıdır ki, ölkə prezidenti Salome Zurabişvli dünən hökuməti Təhlükəsizlik Şurasının iclasını keçirməyə və Rusiya vətəndaşlarına viza tətbiq etməyə çağırmışdır. Bu isə siyasi dairələrdə və hökumətdə ciddi fikir ayrılığı yaradıb. Qalmaqal isə davam edir...
A.Məmmədli