Strasburq məhkəməsinin qərarına əsasən, keçmiş prezident Mixeil Saakaşvilinin Polşaya (Varşavaya) köçürülməsindən imtina edilib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ədliyyə naziri Rati Breqadze keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Strasburq məhkəməsinin qərarı dövlətə Saakaşvilinin ölkə daxilində müalicə üçün başqa müəssisəyə köçürülməsini nəzərdə tutmayıb. Nazir mətbuat konfransında bildirib ki, məhkəmənin qərarı bu gün dərc olunub: “Bu gün Strasburq məhkəməsinin qərarı dərc edilib. Sözügedən qərara əsasən, “Saakaşvili Gürcüstana qarşı” işi üzrə məhkum edilmiş Mixeil Saakaşvilinin Varşavaya köçürülməsindən imtina edilib və dövlətə onun müalicə üçün başqa müəssisəyə köçürülməsi barədə göstəriş verilməyib”, - deyə Breqadze vurğulayıb. Ədliyyə nazirinin sözlərinə görə, həkimlərin müvafiq rəyi olduqda, Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsinə geri köçürüləcək.