Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq imkanlarını ətraflı nəzərdən keçirir.

Tezadlar.az “Novaya qazeta”ya istinadla bildirir ki, o, bu barədə adı çəkilən nəşrə müsahibəsində belə deyib. Qriqoryan jurnalistin sualını cavablandırarkən “Düzünü desəm, bəli, belə müzakirələr olub, bu təbii seçimdir”, -deyə bildirib. O, həm də deyib ki, Rusiya nəinki sifarişlə, hətta İrəvan tərəfindən artıq haqqı ödənilən silahları da  vermir. O, lap qabağa gedib: "...Bundan əlavə,  “keçən ilin sentyabrında Azərbaycanın Ermənistan ərazisinə birbaşa təcavüzü zamanı Ermənistan KTMT-dən kömək gələcəyini gözləyirdi, lakin bu, alınmadı...".
Jurnalistin Ermənistanın daim öz siyasi kursunu dəyişməsi ilə bağlı iradına Qriqoryan cavab verib ki, “son illər dünyada və xüsusən də bizim regionda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib... Müqavilə öhdəliklərinə əməl olunmur. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələlik yenisi yoxdur. Bu, böhrandır!".

Ermənistanın yüksək rütbəli şəxsinin bu açıqlaması rəsmi Kremlin əsəblərini yerindən oynatsa da, hələki sərt addımlar atılmır...  Lakin Rusiya mediası bu açıqlamalara reaksiya verməkdədir...

A.Məmmədli