...Eks prezident Mixeil Saakaşvili ilə bağlı vəziyyət dəyişməkdədir...

O, Qızılgül İnqilabının 18-ci ildönümü münasibətilə Qori Hərbi Hospitalından açıq məktub ünvanlayıb. "Təzadlar" Gürcüstan mediasına istinadla bildirir ki, Saakaşvili məktubunda qeyd edib ki, “Qızılgül İnqilabı”ndan əvvəl Gürcüstan qaranlığa qərq olub, ondan sonra isə parlayıb. Saakaşvili həmçinin, Gürcüstan əvvəlki şöhrətini və əzəmətini qaytaracağını qeyd edib: Mənim dəyərli xalqım, “Qızılgüllər inqilabı”nı siz yaratdınız və xatırlatmaq istəyirəm ki, Gürcüstan inqilabdan əvvəl sadəcə bir ərazi idi, sonra isə dövlət oldu. Gürcüstan İlya Çavçavadzenin arzuladığı kimi “başqa xalqlar arasında millət” oldu. Gürcüstan həmin vaxta kimi qaranlıqda idi və parıldamağa başladı. Biz dünyanın aparıcı islahatçı ölkəsi olmaqla kiçik dövlət olmadığımızı sübut etdik. ABŞ prezidenti, xüsusi olaraq Gürcüstana gəldi və bizi “dünya demokratiyasının mayağı” adlandırdı. O, mənə dedi ki, bu səfər onun həyatının ən yaddaqalan və ruhlandırıcı səfəri olub. Gürcülər xüsusi xalqdır! Biz nə yoxsulluğa, nə də qaranlığa layiq deyilik! Biz onların göstərməyə çalışdığı kimi tənbəl deyilik, çünki 9 ildə biz sürətlə öz üzərimizdə işlədik və inkişaf etdik. Mən millətimin şücaətinə, böyüklüyünə inanmasaydım, canımı riskə atmazdım və Gürcüstana qayıtmazdım. Bəli, həyatım sizin əlinizdədir, çünki mən sizə inanıram və siz də öz gücünüzə inanmalısınız. “Qızılgüllər inqilabı”nı yaradan xalq, ali təhsil pilləsinə rüşvətsiz qəbul olan, dövlətin maliyyəsi ilə xaricdə təhsil alan, təhlükəsiz məktəbdə böyüyən və cinayətin olmadığı küçələrə çıxa bilən insanlardır. “Qızılgüllər inqilabı” nəsli azad, sərbəst gənclikdir, onlar üçün azadlıq ən yüksək dəyərdir. Gürcüstan dövlət himninin ilk nəşri mənə təqdim olunanda “Azadlıq bu gün bizimdir” sözlərini öz əllərimlə əlavə etdim (lakin sonradan çıxarıldı) - Bu mənim həyatımın şüarıdır və bu sözlər bizim üçün bu gün çox aktualdır. “Qızılgüllər inqilabı” Gürcüstanı regionun super ulduzuna çevirdi və milyonlarla insan üçün ilham mənbəyi oldu. O, Ukraynada, Qırğızıstanda, Livanda, ərəb dünyasında baş verən inqilabların ilhamçısı oldu. Bütün dünya bizim islahatlarımızdan danışırdı, ona görə də Gürcüstanın ətrafında düşmənləri çoxaldı və daha çox nifrət etməyə başladı. Ölkəmiz öz köhnə şöhrətini və əzəmətini qaytaracaq! Bu gün, qarşınızda, 18 ildən sonra, bir daha and içirəm! Keçmişə baxmayaraq, gələcək naminə hamımız birləşməliyik! Gürcüstan xalqı ölkəsini geri alacaq və hamıya göstərəcək ki, biz nə tənbəl, nə də satqın deyilik. Biz nə əhəmiyyətsizik, nə də köləlik üçün doğulmuşuq! Bu gün azadlıq bizimdir!", - deyə M. Saakaşvili məktubunda bildirib. Xatırladaq ki, bu gün Gürcüstanda “Qızılgül inqilabı”nın 18-ci ildönümü tamam olur.

***

Bəli, Saakaşvili Gürcüstanda prezident olandan sonra qısa vaxtda ölkədə korrupsiyanın kökünü kəsdi. O, hələ o vaxt "LG" jurnalina müsahibəsində jurnalistin "Siz Sovet respublikalarında ən qısa vaxtda korrupsiyanın və rüşvətin kökünü kəsən rəhbər oldunuz. Buna necə nail ola bildiniz?" sualına Saakaşvili belə cavab vermişdi: "Çünki mən rüşvət almadım...".

A.Məmmədli