KTMT-nin baş katibi Zas bildirib ki, bütün sülhməramlılar

yanvarın 19-dək Qazaxıstandan qayıtmalıdırlar.

"Bütün KTMT sülhməramlılarının yanvarın 19-dək daimi dislokasiya nöqtələrinə qaytarılması planlaşdırılır."

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə  ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.

Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Etirazçılar yanvarın 4-ü axşam saatlarında Alma-Atada qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.

Dövlət başçısı Tokayev insanları tədbirli olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Lakin vəziyyət getdikcə pisləşib. 

Və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının  sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər.

Və yanvarın 6-dan KTMT qüvvələri Qazaxıstana göndərilməyə başlayıb... İki gün öncə KTMT sülhməramlı kontingentinin komandanı açıqlayıb ki, Qazaxıstanda sülhməramlı əməliyyat uğurla başa çatıb, kontingentə verilən bütün tapşırıqlar yerinə yetirilib və geri dönmək vaxtıdır...

Y.MƏMMƏDLİ