Yanvarın 30-da “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb.

Tezadlar.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Hakimiyyət formulu” verilişinin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman verilişi Prezident İlham Əliyevin Azərbaycanın inkişaf planlarını bölüşdüyü on il əvvələ aid kadrlarla açıb.

Qeyd olunub ki, bu illər ərzində bütün planlar reallığa çevrildi. Verilişdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən, ölkəmizin bütün sahələrdə dinamik inkişafından, beynəlxalq təşkilatlara, xüsusilə də Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın artan nüfuzundan, koronavirus pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilən böyük humanitar yardımından bəhs edilib.

Azərbaycanın əsas problemi həll olunub, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Prezident İlham Əliyev müsahibəsində ölkənin ərazi bütövlüyünü bərpa etməsindən, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsindən danışıb. Verilişdə işğaldan azad edilmiş torpaqların bərpası prosesini, Azərbaycan dövlətinin başçısının Qarabağ torpaqlarına səfərlərini əks etdirən kadrlar təqdim olunub.

Mixail Qusman Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinə qarşı qədim zamanlardan bəri hökm sürən tolerantlıq mühitini xüsusi qeyd edib. Aparıcı bildirib ki, o, bunu şəxsən özü bilir. “Multikulturalizm azərbaycanlıların qanındadır”, - deyə Mixail Qusman vurğulayıb.

Verilişdə, həmçinin fəal inkişaf edən Azərbaycan-Rusiya əlaqələrindən danışılıb. Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrikində Azərbaycana sürətli tərəqqi arzularını əks etdirən kadrlar da nümayiş olunub. Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə genişlənən uğurlu əlaqələr barədə fikirləri də təqdim edilib.

Veriliş telekanalın həm gecə, həm də səhər efirində yayımlanıb.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA