booked.netbooked.net booked.net  

Ötən həftə İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi keçirilib...

Tezadlar.az sports.az-a istinadla bildirir ki, AIPS prezidenti Canni Merlo, UEFA prezidenti Aleksandr Çeferin, dünya idmanının və idman jurnalistikasının bir çox başqa ünlü simalarının qatıldığı konqresdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birinci vitse-prezidenti Nərgiz Mahmudzadənin Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) İcraiyyə Komitəsinə üzv seçilməsi ölkəmiz adına uğur oldu. 
 Buna qədər 2010-cu və 2014-cü illərdə AİJA prezidenti Eldar İsmayılov bu nüfuzlu qurumun İcraiyyə Komitəsinə üzv seçilmişdi. Eldar İsmayılov qitənin aparıcı idman jurnalistləri təşkilatının rəhbərliyində olduğu dövrdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası - AIPS-in konqresinin və “AIPS Avropa”nın İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsinə və ölkəmiz üçün bir çox başqa önəmli işlərə nail olmuşdu. Amma son illər bu nüfuzlu qurumun rəhbərliyində ölkəmiz təmsil olunmurdu. Sports.az saytı əlamətdar hadisə ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin və idman jurnalistikamızın bir çox nümayəndəsinin fikirlərini öyrənib. 

Rəşad Məcid (Azərbaycan Mətbuat Şurasının sədri): “Ümumiyyətlə, Azərbaycan idman mətbuatını, idman jurnalistlərimizi çox yüksək qiymətləndirirəm. Şərhlərini xüsusi bəyənirəm. Son illərdə idman jurnalistikamızda inkişaf yaşanır və peşəkar kadrlar var. Bu mənada, Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə Azərbaycan təmsilçisinin üzv seçilməsini təbii sayıram. Nərgiz xanımı təbrik edir, uğurlar arzulayıram”.

Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): “Hesab edirəm ki, yaxşı xəbərdi. Ümumiyyətlə, səviyyəsindən asılı olmayaraq, bütün tribunalardan Azərbaycan adına yararlanmaq lazımdı. Ölkəmizin idman mediası dünya ailəsinə daha sıx inteqrasiya olmalı, nüfuzlu yarışları, oyunları yerindən işıqlandırmaqla yanaşı, ixtisasartırma kurslarına və müsabiqələrə qatılmalıdı. Nərgiz xanımın Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsində təmsil olunması ölkəmizin idman jurnalistləri üçün yeni üfüqlər aça bilər. Kəsəsi, özümüz dünyanın bir parçası olmağa can atmalıyıq, Nərgiz xanım isə bu işdə bizə yardım etməlidi”.

Rasim Mövsümzadə (CBC Sport-un redaktoru, Ballon d'Or-un jüri üzvü): “Azərbaycandan kiminsə ölkə xaricində media sahəsində uğur qazanması, imzasının tanınması, həqiqətən, çox çətin işdir. Sentyabr ayında yazıları Almaniya, Slovakiya, İsveçrə, San Marino kimi ölkələrdə çıxan bir şəxs kimi bunu yaxşı bilirəm. Oturuşmuş sistem var, o sistemə daxil olmaq üçün onlara maraqlı, kreativ, qeyri-adi məhsul təqdim etməlisən.

Bir azərbaycanlının jurnalistlərin beynəlxalq təşkilatının icraiyyə orqanında təmsil olunması da bizim üçün əlamətdar hadisədir. Nərgiz Mahmudzadədən əvvəl AİJA-nın rəhbəri hörmətli Eldar müəllim də AIPS Avropanın İcraiyyə Komitəsinin üzvü olub. Ümumiyyətlə, hər bir vətənpərvər azərbaycanlının ölkə xaricində kiçik nailiyyətinə belə sevinməliyik. Nərgiz xanıma isə AIPS Avropanın rəhbərliyindəki fəaliyyətində uğurlar arzulayıram!”

Zaur Xudiyev ("Report" İnformasiya Agentliyinin idman şöbəsinin redaktoru): “Azərbaycanın Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) rəhbərliyində təmsil olunması mühüm hadisədir. Hər bir sahədəki kimi mətbuatda, xüsusilə idman mətbuatında da təşkilatlanmaq və xarici təşkilatlarla daim əlaqədə olmaq olduqca vacibdir. Dəfələrlə şahidi olmuşuq ki, beynəlxalq miqyasda Azərbaycan haqqında reallıqdan uzaq ifadələr, ittihamlar səslənib, müəyyən çətinliklərlə qarşılaşmışıq. Ölkə daxilində nə qədər bununla bağlı yazıb-pozsaq, danışsaq, etiraz etsək də, bu, bəzən yetərli olmur. Belə anlarda müxtəlif xarici təşkilatlardakı nümayəndələrimiz səsimizi duyurmağımıza yardımçı ola bilər. Və üstəlik bu nümayəndə Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinin üzvüdürsə, bəzi məqamlarda fikirlərimizi, reallıqları, Azərbaycan həqiqətlərini doğru, qərəzsiz şəkildə çatdırmaqda köməyi dəyər. 

Bu baxımdan əvvəldə də vurğuladığım kimi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birinci vitse-prezidenti və beynəlxalq əlaqələr üzrə koordinator Nərgiz Mahmudzadənin belə önəmli bir mövqeyə seçilməsi yalnız və yalnız bizə xeyir gətirə bilər. 
Sevindirici haldır ki, ölkəmiz 4 illik müddətə bu mötəbər qurumun rəhbərliyində təmsil ediləcək”.

Sərxan Musalı (Azərbaycan Güləş Federasiyasının mətbuat katibi): “Əvvəlcə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasını təbrik edirəm. Kifayət qədər böyük uğurdu. Rəhbərlikdə təmsil olunmaq idman jurnalistlərimizin inkişafı baxımından da perspektlivli görünür. Təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq, Avropa ölkələrinin tanınmış idman mediası nümayəndələrinin ölkəmizə səfərləri, bizim jurnalistlərin qitənin aparıcı idman mediası orqanlarında təcrübə keçməsinin təşkili və müxtəlif başqa layihələr ola bilər. Ümid edirəm, Azərbaycan qurumda aktiv fəaliyyət göstərəcək və İcraiyyə Komitəsində də ölkəmizin təklifləri nəzərə alınacaq”.

Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi, Vətən müharibəsi içtirakçısı): “AİJA-nın birinci vitse-prezidenti və beynəlxalq əlaqələr üzrə koordinator Nərgiz Mahmudzadəni Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) aparıcı qitə qurumu Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) İcraiyyə Komitəsinə üzv seçilməsi münasibəti ilə təbrik edirik. Əlbəttə, Azərbaycan vətəndaşının beynəlxalq təşkilatın idarə heyətində yer alması, proseslərdə yaxından iştirak etməsi yaxşı haldır. Nərgiz xanımı AİJA-dan tanıyıram, işgüzar xanımdır. Ümid edirəm ki, bu işgüzarlığı Azərbaycan adına uğur qazandıracaq. AİJA-nın fəaliyyətini son 2 ildə yaxından izləyirəm və özüm də bəzi tədbirlərin iştirakçısıyam.

Ötən ilin əvvəlində Vətən müharibəsində iştirak etmiş, eləcə də müharibə dövründə ön cəbhədən informasiya təminatını həyata keçirən idman jurnalisləri ilə görüş təşkili olundu. Bundan başqa, UEFA-nın media tərəfdaşı Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Bakının da ev sahiblərindən olduğu futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafon təqdirəlayiq haldır. AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində kurslar, təlimlər və ustad dərslərinin fəal iştirakçılarına sonda sertifikatlar verildi. 2 iyul-Beynəlxalq İdman Jurnalistləri günü ilə əlaqədar veteran futbolçularla idman jurnalistlərinin dostluq matçında üz-üzə gəlməsi, Azərbaycan futbolunun unudulmaz siması Anatoli Banişevskinin xanımın bu tədbirə dəvət alması heç kimin və heç nəyin unudulmadığını göstərdi. İlboyu müxtəlif tədbirlər təşkil edən qurum “Neftçi”ni dağılmaqdan xilas edən və fəaliyyət göstəməsini təmin edən klubun sabiq prezidenti Aqil Paşayevin anadan olmasının 75 illiyinə həsr edilmiş yoldaşlıq oyunu keçirdi. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda “Neftçi”nin veteranları ilə idman jurnalistləri qarşılaşdılar. Eləcə də 2021-ci ildə aktiv fəaliyyət göstərən idman qurumlarının nümayəndələrinin təltif edilməsi bu sahədə çalışanların məsuliyyətini bir qədər də artırmış oldu. 

Təbii ki, son iki ildə koronavirusla bağlı ölkəmizdə tətbiq edilən məhdudiyyətləri nəzərə alsaq, AİJA-nın ölkə daxilində bu qədər aktiv fəaliyyət göstərməsi AIPS-in də diqqətindən yan keçə bilməzdi. Bunun mükafatı isə Romada keçirilən 84-cü Ümumdünya Konqresində verildi. Qurumun birinci vitse-prezidenti Nərgiz Mahmudzadə haqlı olaraq səsvermə nəticəsində 39 ölkədən 31-nin etimadını qazandı və Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinə üzv seçildi”.

Sərxan Abışov (Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi): “Həqiqətən də ölkə idmanı və idman jurnalistikamız üçün əlamətdar hadisədir. Fürsətdən istifadə edib həm AİJA-nı, həm də Nərgiz xanım Mahmudzadəni təbrik edirəm. Bu təyinat AİJA-nın fəaliyyətinə verilən yüksək qiymətin nəticəsidir. İnanıram ki, Nərgiz xanım ona göstərilən etimadı doğruldacaq və ölkəmizi beynəlxalq qurumda layiqincə təmsil edəcək”.

Tural Xudiyev (Space TV-nin idman proqramları şöbəsinin müdiri): “Əlbəttə, çox sevindirici xəbərdi. Bunu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının uğuru kimi qiymətləndirirəm. İnanıram ki, Nərgiz xanım bu etimadı layiqincə doğruldacaq. Nüfuzlu beynəlxalq qurumun İcraiyyə Komitəsinin üzvü kimi gələcək fəaliyyətində ona uğurlar arzulayıram”.

Kənan Hakimov (İctimai Televiziyanın idman departamentinin direktoru): “Belə bir nüfuzlu beynəlxalq qurumun İcraiyyə Komitəsində azərbaycanlının da təmsil olunması sevindirici məqamdır, yaxşı və xoş bir haldır. Ölkəmiz bu təmsilçiliyin faydasını görməlidir. Heç kimi bu cür ciddi təşkilatlara elə belə seçmirlər. Nərgiz xanımın da fəaliyyəti olub. Təbii ki, orda yalnız təmsil olunmaqla iş bitməli deyil. Nə qədər effektiv olub-olmayacağını isə zaman göstərəcək”.

Qulammirzə Səfərli (Xəzər TV-nin idman aparıcısı): “Açığı, bu xəbərə sevindim. Hətta bir nüansa diqqət etdim. Deməli, 39 ölkədən 31-i Nərgiz xanımın seçilməsinin lehinə səs verib. Bu, böyük üstünlükdür. Xarici ölkələrin Nərgiz xanımın timsalında Azərbaycanın idman mətbuatına güvəndiyi anlamına gəlir. Ümid edirəm ki, bu hadisə idman mediamızın yüksəlişində böyük rol oynayar”.

Azər İsmayıl (ARB 24-ün idman şöbəsinin rəhbəri): “Təbrik edirəm. Uğurlar olsun! Ümid edirəm bu üzvlükdən, nüfuzlu təşkilatla əlaqələrdən Azərbaycan idman mətbuatı xeyir görər, real faydasını hiss edər. Nərgiz xanım özünü orda yaxşı tərəfdən göstərər, bu da hansısa işlərə, inkişafımıza sirayət edər. Bir daha uğurlar arzulayıram!”

Natiq Muxtarlı (Aut.az saytının baş redaktoru): “Əslində beynəlxalq qurumlarda təmsilçiyimiz olduqca yaxşı haldır. Amma bu təmsilçilik Azərbaycanda idman mətbuatının inkişafına hər hansı töhvə vermirsə, onda olur fərdi təmsilçilik. Necə ki, Elxan Məmmədov UEFA-da işləyir, amma futbolumuza zərrə qədər də qatqısı yoxdur, eləcə də başqa qurumlarda. Könül istərdi ki, mediamızın beynəlxalq təşkilatın rəhbərliyində təmsilçilyi həm də onun inkişafına yardım olsun. Amma bilirəm ki, mümkün deyil. Mediamızın inkişafı üçün ilk növbədə ölkə daxilində baxış dəyişməlidir. Belə baxış dəyişmədikcə, beynəlxalq qurumlarda təmsilçilik də protokol şərtindən o tərəfə keçmir. Amma bütün hallarda beynəlxalq təşkilatda Azərbaycanı təmsil edənləri təbrik edirəm. Mətbuatımızın acınacaqlı duruma düşməsində onların günahı yoxdur”.

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): “Yaxşı, xoş xəbərdir. Nərgiz xanımı təbrik edirəm. Ümid edirəm ki, Azərbaycandan olan nümayəndənin Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilməsi bizim idman mediasının ümumi işinə, perspektivinə yaxşı mənada təsir edəcək. Azərbaycanda idman mediası əldəki ən lazımsız barmaq kimidir. Yəni, etiraf edək ki, ictimai-siyasi media ilə müqayisədə idman mətbuatına diqqət elə də çox deyil. İdman mətbuatında çalışanların qazancı da ictimai-siyasi media ilə müqayisədə xeyli aşağıdır. Hansısa, istənilən bir addım idman mətbuatının xeyrinə olacaqsa, mən bunu ancaq dəstəkləyərəm”.

Ceyhun Əliyev (Sport24.az saytının baş redaktoru): “Nərgiz xanımı təbrik edirəm. Azərbaycanın hər hansı beynəlxalq qurumun rəhbərliyində təmsil olunması sözsüz ki, ölkəmiz adına hər zaman faydalıdı və bunu birmənalı şəkildə qəbul etmək lazımdı. İnşallah, hansısa formada mütləq ölkəmiz adına effektliliyini görəcəyik. Amma ölkəmizdə fəaliyyət göstərən hər iki idman jurnalistləri qurumu bu yükü daşıya bilmir. Fəaliyyət çərçivələri Azərbaycan idman mediası üçün olduqca aşağıdı. Onu da xüsusi qeyd edim ki, səbəbkar da heç də özləri deyil. Təəssüf ki, reallıq budu. İdman 16 səhifəlik ictimai-siyasi qəzetlərin 15-16 səhifəsindədi. Yenə də, təbrik edirəm”.

Daşqın Əziz (Offsideplus.az saytının redaktoru, Vətən müharibəsi qazisi): “Fikrimcə, bu, son illərdə Azərbaycan idman mətbuatı üçün ən əlamətdar hadisələrdən biridi. Həmyerlimiz Avropa İdman Mətbuatı İttifaqının rəhbərliyinə seçilib. Sözsüz ki, bu, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının (AİJA) fəaliyyət dairəsini daha da genişləndirəcək. Ümid edirəm ki, ölkədə idman jurnalistləri ilə bağlı həyata keçirilən layihələrin sayı artacaq. Onların problemlərinin həll olunması yönündə əmin addımlar atılacaq. Bu mənada Nərgiz xanımın qurumun İcraiyyə Komitəsinə seçilməsini təqdir edir, ona bu məsul vəzifədə uğurlar arzu edirəm”.

İlkin Vaqifoğlu (Sportinfo.az saytının baş redaktoru): “Azərbaycanın uğurlarının çoxlarını qəzəbləndirdiyi və ölkəmizə qarşı haqsız təzyiqlərin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə böyük səs fərqi ilə seçilən Nərgiz xanımı təbrik edirəm. Avropanın ən nüfuzlu idman mediası qurumunun rəhbərliyində Azərbaycanın təmsil olunması ölkəmiz üçün çox yaxşı hadisədir. Bu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının son illərdə göstərdiyi fəaliyyətə verilən qiymətdi. Sportinfo.az saytı olaraq daim AİJA-nın tədbirlərini geniş işıqlandırırıq. Görünür ki, Nərgiz Mahmudzadənin Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının rəsmi saytında və jurnalında Azərbaycanla bağlı mütəmadi yazıları da AIPS Europe nümayəndələrinin diqqətindən qaçmayıb. Ümid edirəm, AİJA sükanı belə saxlayacaq, Nərgiz xanım isə həm ölkəmizin imicinin beynəlxalq miqyasında daha da yaxşılaşdırılması, həm də idman jurnalistikamızın inkişafı üçün öz potensialını tam ortaya qoyacaq”.

Gündüz Abbaszadə ("Qarabağ" Futbol Klubunun mətbuat katibi): “Təbii, belə nüfuzlu qurumun rəhbərliyində Azərbaycanın təmsil olunması çox böyük hadisədi. İlk növbədə həmyerlimizi təbrik etmək istəyirəm. Nərgiz Mahmudzadənin illərdir AİJA rəhbərliyində olduğunu bilirəm. Uğurlar arzulayıram. Umid edək ki, başqa azərbaycanlı idman jurnalistlərinin beynəlxalq qurumlara inteqrasiyası üçün də rolu olacaq. Biz də əlimizdən gələn nə varsa, əsirgəməyəcəyik.

Təəssüf ki, Azərbaycanda idman jurnalistlərini özündə birləşdirməyə çalışan iki qurum var. Amma yalnız AİJA-nı Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası qəbul edir. AİJA 25 ildən çoxdur AIPS-in üzvüdür. Bütün nüfuzlu beynəlxalq idman yarışlarında AIPS üzvü olan idman jurnalistlərinə öncəlik verilir. İstər akkreditasiya və qeydiyyat zamanı, istərsə də başqa məsələlərdə. Biz buna "Qarabağ"ın Avropa kuboklarında keçirdiyi oyunlarda şahidlik edirik. Avropadakı rəqiblərimiz AIPS vəsiqəsi göstərən istənilən jurnalisti dərhal akkreditasiya edirlər. Ümid edirəm ki, bundan sonra AIPS-də azərbaycanlı idman jurnalistlərinin sayı çoxalacaq. Həmkarlarımızı da AIPS-ə üzv olmağa çağırıram. Çünki, beynəlxalq idman qurumları, Avropanın futbol klubları AIPS üzvlüyünə xüsusi önəm verirlər. Bu da AIPS-in nə qədər ciddi qurum olmasının göstəricisidir. Belə bir yerdə Azərbaycanın təmsil olunması çox önəmlidi”.

Sonda qeyd edək ki, Nərgiz Mahmudzadə Azərbaycan Dövlət Dillər Universitetini ingilis və fransız dilləri ixtisası üzrə Fərqlənmə diplomu və Böyük Britaniyanın Kembric Universitetinin "Təhsil" fakültəsini Təhsil Araşdırmaları üzrə Aspiranturasını PGCE dərəcəsi ilə (Britaniyada FHEQ Level 7 Maqıstratura səviyyəsi) bitirib. 
ABŞ Dövlət Departamentinin təqaüdü əsasında ABŞ-ın Oregon Universitetində "Tənqidi Düşüncə" mövzusunda üç aylıq təlimdə olub. ABŞ-da Beynəlxalq Gənclər Şəbəkəsi tərəfindən "Discipline Youth is the Future" (İntizamlı Gənclər Gələcəkdir) layihəsinə görə beynəlxalq fəxri fərmana layiq görülüb.

Dünyada 15 elm olimpiadasından biri olan Beynəlxalq Linqvistika Olimpiadasının (IOL) Azərbaycanda rəsmi milli nümayəndəsidir. Beynəlxalq Kung Fu Federasiyasının (IKF) vitse-prezidentidir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təsisçilərindən olan Nərgiz Mahmudzadə bu təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və birinci vitse-prezidentidir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN