booked.netbooked.net booked.net  

Folklor örnəklərinin toplanması qaçqın və köçkünlərə göstərilən ən böyük mənəvi dəstəkdir

Folklor xalqın tarixi yaddaşıdır. Xalq bütün zamanlarda yaşantılarını və həyat tərzini folklora köçürməyə çalışıb. Əlbəttə, dinc dövrlərdən fərqli olaraq, müharibələr, münaqişələr və təbii fəlakətlər folklorda daha çox yer alıb. Bu da həmin hadisələrin xalqın həyatında oynadığı potensial dəyişikliklərlə bağlıdır. Belə hadisələrdən biri Azərbaycan xalqının uzun illər düçar olduğu məhəlli münaqişələrdir, konkret desək, ermənilərin vaxtilə qucağına sığındığı bu xalqa qarşı olan torpaq iddialarının acı nəticələridir. Münaqişə, müharibə təkcə insan ölümü ilə nəticələnmir, özündən sonra ciddi dağıntılar qoyur ki, bu dağıntıların bir qismi evlərin, yaşayış məntəqələrinin yerlə yeksan olmasına səbəb olursa, digər qismi insanların mənəvi zərbələr almasına gətirib çıxarır. Evi tikmək, yaşayış məntəqəsini təzədən daha müasir şəkildə bərpa etmək mümkündür, xalqa dəyən mənəvi zərbələrin açdığı yaralar, çat verən mental dəyərlər çətin reabilitasiya olunur.

Böyük qaçqın və köçkün kütlələri məskunlaşdıqları yerlərin ab-havasına uyğunlaşmaqda bəlkə də bir o qədər problem yaşamır, ən böyük problem insanların mental dəyərləri itirmək zorunda qalması ilə bağlı yaranır. İtirilmiş doğma yurd yerlərinin gətirdiyi nisgil, həsrət, dərd, ictimai-psixoloji, iqtisadi-siyasi, etik amillər qaçqın və köçkün əhaliyə ciddi mənəvi zərbələr vurur. Minillər boyu vərdiş olunmuş yaşam tərzini, milli əxlaqi dəyərləri, ailələrarası və ailələrdaxili münasibətləri qoruyub saxlamaq problemi yaranır. Şübhəsiz, insan yeni yaşama gec-tez vərdiş edir, tədricən həyatını yenidən qurur, amma mənəviyyatındakı aşınmanın qarşısını ala bilmir. İllərcə qoşub-düzdüyü həyatını və həyətini olduğu kimi qoyub çıxan qaçqın və köçkün ailələri özləri ilə yalnız bir sərvəti götürə bilirlər. Bu, xalqın yüzillər boyunca formalaşmış, təkmilləşmiş, kamilləşmiş söz yaradıcılığı – folklordur. Folklor tarixi olayların söz yaşantısıdır. Xalqı özünə qaytaran, mənəviyyatına bağlayan, adətinə-ənənəsinə sədaqətli edən folklor həm də şəxsiyyət bəlirtisi, kimlikdir.

Münaqişə qurbanlarının ailə üzvlərinə psixoloji-mənəvi dəstək göstərmək məqsədilə onların söz sərvətini itib-batmaqdan xilas etmək vacibdir. Folklor insanların öz yaddaşlarında qoruyub saxladıqları mənəvi sərvətdir, vaxtında toplananda bu söz yaşantılarını həyat tərzinə çevirmiş insanlar dünyalarını dəyişdikdə sinələrində aparmırlar, gələcək nəsillərə ərməğan qoyub gedirlər.

Ermənilər əzəli Azərbaycan torpaqlarına ayaq açdıqları vaxtlardan türkün söz sənətinə də yiyə durmağa çalışmış, ilkin olaraq folklorunu mənimsəmək istəmişlər. Çoxlu sayda erməni “folklor” nümunələri var ki, əslində bu nümunələr Azərbaycan türklərinin dilindən ermənicəyə tərcümə olunmuş örnəklərdən ibarətdir. Həm torpağı, həm də mənəviyyatı işğal etməyə yönəlmiş bu əməllər Azərbaycan xalqını öz milli söz sənətinə sahib çıxmağa, mənəvi sərvətinə yiyə durmağa səsləyir.

Qərbi Azərbaycandan olan qaçqınların və Qarabağdan didərgin düşən məcburi köçkünlərin folklor örnəkləri az-çox öyrənilmişdir. Əlbəttə, folklor örnəklərini yerində öyrənmək daha əlverişli və daha etibarlı olur, daha zəngin nəticələr verir. Münaqişədən sonra toplama, öyrənmə və araşdırma da dəyərlidir. Məsələ burasındadır ki, bu proses yalnız kompakt halda məskunlaşanlar arasında effektiv şəkildə həyata keçirilir.

Qərbi Azərbaycanda və Dağlıq Qarabağda baş verən münaqişələr zamanı çoxsaylı köçmələr və köçürmələr folklor materiallarının toplanılması ilə bağlı böyük çətinliklər yaratmışdır. Bu fikirlə razılaşmamaq olmur ki, əsir və itkin düşmüş şəxslər, onların yolunu gözləyən ailə üzvləri, qaçqın və məcburi köçkünlüklə bağlı ictimai-sosial, psixoloji-mənəvi zədələr, obyektiv səbəblərdən xarici ölkələrə mühacirətə üz tutanların artması, dünyanın onlarla ölkəsinə səpələnmiş qarışıq nikahlardan dünyaya gələn övladların sayının durmadan çoxalması ənənəvi Azərbaycan cəmiyyətinə və milli dəyərlərinə mənfi təsir göstərmişdir və göstərməkdədir. Sonradan toplanan folklor örnəkləri içərisində yer-yurd adları ilə bağlı əfsanə və rəvayətlərə geniş yer verilməsi yurd həsrəti ilə bağlıdır. Folklor nümunələrini danışanlar həmin toponimin harada yerləşməsini, ətrafını, təbiətini də təsvir edən hekayətlər danışırlar. Bu yer-yurd adlarının sözaçımları həmin ərazidə yerli əhalinin “etnik bünövrəsinin kimliyini” təsdiq edir (17, 30). Nisgil, həsrət bayatılara, nəğmələrə ayaq açandan el dərdi çəkənlərin qürbətdəki məzarları sayını itirdi:

 

Mən aşiq, Göyçə dərdi,

Bəxt məndən üz döndərdi.

Yurdsuz-yuvasız oldum,

Qaçqın edib göndərdi.

 

Eləmi, göy çəməni,

Göy dağı, göy çəməni.

Sabah, ya da başqa gün

Gözləyir Göyçə məni (17, 163).

 

Qaçqın və köçkünlərin yurdda qoyub gəldikləri təkcə həyət-baca deyil, dillə izhar edilməsi mümkün olmayan böyük dərdlərdir:

 

Didərgin düşəli yurddan, yuvadan,

Nəğməmi dodaqda qoyub gəlmişəm.

Neçə misraları, neçə şeirimi

Yarımçıq varaqda qoyub gəlmişəm (17, 174).

 

Ağrını-acını daha çox söz-sənət adamları çəkir. Yurdundan didərgin düşmüş el şairi Qurban Göyçəli qaçqın və köçkün itkilərini öz qoşmasında belə verir:

 

Hara gedir bu dünyanın axırı,

Alınmamış torpağımız qalıbdı.

Xankəndiyə, Ağdərəyə, Göyçəyə

Sancılmamış bayrağımız qalıbdı.

Çox düşmüşük erməninin fəndinə,

Onun üçün əlac yoxmu dərdimə?

Tanrı özü fürsət versin mərdimə,

Yad əlində yaylağımız qalıbdı.

 

Şuşa, Laçın, Kəlbəcərin, Ağdamın,

Dərdi çoxdur sızıldayan obamın.

Heyfi gəlir Füzuliyə adamın,

Neçə-neçə oylağımız qalıbdı (17, 175-176).

 

Qaçqın və köçkünlərdən əldə edilmiş folklor nümunələrində janr rəngarəngliyi də diqqəti çəkir. Məsələn, Qərbi Azərbaycanda qaçqınlıqla bağlı qoşmalar müsibətnamə adlanır:

 

Ağbaba köyləri boşaldı bir-bir,

Boş otaq, boş xana, obalar qaldı.

El köçdü, tərpəşdi, düşdü yollara,

Ocaqlar üstündə tavalar qaldı (16, 153-154).

 

Dərələyəz folklor nümunələrini toplayan mərhum professor Həsən Mirzəyev Azərbaycan şifahi xalq ədəbiyyatını janr baxımından bir qədər də zənginləşdirmişdir. Onun yazıya aldığı yasaqlar (13, 54-57), hədə-qorxular (13, 72-73), yalvarışlar (13, 73), söyüşlər (13, 73), lağlar (13, 73-75), öyüd-nəsihətlər və məsləhətlər (13, 79), sızlamalar (13, 116-117) janr baxımından ilk dəfə öyrənilir. Sızlamalar ağının bir növü kimi təzahür edir, vəfat edən şəxs üçün həzin-həzin, astadan, xüsusi avazla ifa olunur:

 

Gözləri ağlar qoydun,

Qolları bağlar qoydun.

Evin yıxılsın, düşmən,

Sinəmi dağlar qoydun.

 

Bu dağlara çən düşdü,

Yel əsdi, duman düşdü.

Balamı öldürdülər,

Canıma talan düşdü (13, 116).

 

Qərbi Azərbaycan folklor nümunələri içərisində janr özəlliyi ilə fərqlənən nanaylar, bağlamalar, müəmma-bağlamalar sonradan yazıya alınsa da, xalqın şifahi təfəkkürünün zəngin çalarları kimi özünü göstərir (16, 146-157). Belə janr çalarlığı Qarabağ köçkünləri arasından toplanmış folklor örnəklərində çoxluq təşkil edir. 2012-ci ildən başlayaraq ardıcıl nəşr olunan “Qarabağ: folklor da bir tarixdir” adlı çoxcildli toplama materiallarında Qarabağdan və onun ətraf rayonlarından köçkün düşmüş əhalinin yaddaşında iz salmış şifahi söz sənəti yer almışdır. Bu topluda ilkin olaraq Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış maraqlı folklor örnəkləri verilmiş, bunun ardınca Bərdə, Tərtər, Şuşa, Ağbaba, Xocavənd, Beyləqan, İmişli kimi bölgələrin şifahi söz sərvəti işıq üzü görmüşdür. Mifoloji mətnlər, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, inanclar, atalar sözü, məsəllər, tapmacalar, laylalar, nazlamalar, bayatılar, nəğmələr, ağılar, oyunlar, aşıqların və el şairlərinin yaradıcılıq nümu¬nələri yazıya alınarkən elin folklor dili əsasən saxlanılmış, dialekt və şivələrə xələl gətirilməmişdir. Dilin zənginliyi onun daxil olduğu dil ailəsi ilə iqtisadi və siyasi əlaqələrinin möhkəmliyi üzərində qurulursa, dialekt və şivələr əvəzedilməz resurslar kimi çıxış edir, ifadə zənginliyinə şərait yaradır. Folklor nümunələrinin danışıldığı kimi yazıya alınması Azərbaycan dilinin söz ehtiyatını artırır, dilçilərin də bu istiqamətdə araşdır-malar aparmasına imkan yaradır.

Bundan başqa, örnəklər yazıya alınarkən sabitləşmiş janrlara sığmayan, janrdaxili dəyişmələrə məruz qalan folkor nümunələri el arasında adlandığı kimi verilmişdir. Məsələn, deyimlər ilk anda atalar sözünü xatırladır, əslində bənzətmələrdən ibarətdir, arxasında müəyyən əhvalat dayanan obrazlı fikirlərdir, məsəllərə yaxın olsa da, onlardan fərqlənir (4, 393-394). Deyişmələr və bağlamalar tapmaca xarakterlidir, lakin fərqli janr xüsu-siyyətləri var. Deyişmədə iki nəfər qarşı-qarşıya “söz güləşdirir”, uduzan tərəf məğlub olur. Bağlamada isə fikir bayatı formasında söylənilir, cavab, deyişmədən fərqli olaraq, şeirlə deyil, adi qaydada verilir (6, 410-411). Göründüyü kimi, nümunə gətirilən folklor örnəkləri tapmacadan da fərqlənir. Burada mərsiyələrin folklor janrı kimi verilməsi olduqca maraqlıdır. Folklor janrı olan mərsiyə yazılı ədəbiyyatdakı mərsiyədən poetik strukturuna görə seçilir. Belə ki, şifahi söz nümunəsi kimi yaranan mərsiyə daha çox xalq şeiri üslubunda olur, quruluşuna görə bayatı, qoşma, gəraylı, düzgüdən fərqlənmir (6, 420-424). Maraqlıdır ki, Qarabağ və onun ətrafından köçkün düşmüş əhalidən yazıya alınan mərsiyələrdə Kərbəla vaqiəsindən çox Qarabağ faciəsi yer almışdır. Qardaşını itirmiş bacının dilindən deyilən “Bilin, mənəm” mərsiyəsi günümüzün olayları ilə səsləşir:

 

Mən qardaşı itirmişəm,

Sinəmdə dağ bitirmişəm.

Belə bir bacı görsəniz,

Bilin, mənəm, bilin, mənəm... (10, 367)

 

Mərsiyəni həyəcansız dinləmək mümkün deyil, bir anlıq Qarabağda şəhid olan igidlərimiz yada düşür:

 

Daymi qəlbi ağlar olan,

Nakam bəxti, qəlbi talan.

Toysuz qardaşdarı ölən

Bacı görsən, bil ki, mənəm (10, 368).

 

“Ana” mərsiyəsi isə layla ritminə köklənib. Bu mərsiyənin təəssüratı ilk anda təsirli olmasa da, sonradan söyləyicini də, dinləyicini də kövrəldir. Övladın anaya ağı, mərsiyə deməsi doğrudan da ağırdır. Həm də əsir düşmüş torpaqlarımızda yüzlərlə ana məzarı həsrətlə övlad ziyarətinin yolunu gözləyir:

 

Yat, mənim xanım anam,

Qoy mən sənə laylay deyim,

Qoy mən sənə laylay deyim (10, 374).

 

Folklorun ölməz janrı olan lətifə Qarabağ köçkünləri arasında geniş yayılmışdır. Köçkünlərdən Molla Nəsrəddin, Bəhlul Danəndə, Abdal Qasım kimi məşhur personajlar haqqında olan lətifələrdən başqa regional xarakterli lətifələr də toplanmışdır ki, burada “Ermənilərlə bağlı yaranan lətifələr” xüsusi yer tutur. Lətifələrdə erməni ikiüzlülüyü, etibarsızlığı, yaltaqlığı və satqınlığı komik şəkildə təqdim olunur (10, 321-324).

Yazıya alınmış folklor örnəkləri arasında oyunlar mühüm əhəmiyyət daşıyır. Oyun xalq tamaşasının özülündə dayanır, hətta bəzi oyunlar var ki, xalq tamaşası kimi hazırlanır və təqdim olunur. Kəlbəcər bölgəsindən köçkün əhalidən toplanmış “Kilimarası oyunu”, “Kaftar oyunu”, “Mətəyə salma”, “Çırtmadaş”, “Löpük-löpük”, “Haldurumağac” kimi oyunlar orijinal quruluşdadır və məzmununa görə fərqlənir (11, 390-406).

Nümunə gətirdiyimiz folklor örnəkləri xalqın mənəvi dünyasının sözlə ifadəsidir. Bu örnəklərdə xalq öz milli dəyərlərini, əxlaqi keyfiyyətlərini, həmçinin keçdiyi şərəfli tarixi yaşadır.

Bundan əlavə, bu kitablarda dini inanclar, tarixi şəxsiyyətlər, Qarabağın tanınmış adamları, qaçaqlar, pəhləvanlar, pirlər, ocaqlar, tayfalar, nəsillər haqqında məlumat verilir ki, bu tipli mətnlər təkcə bölgədən toplanmış söz sərvətini zənginləşdirməyə xidmət etmir, həmçinin yaxşı adət-ənənələrin, əxlaqi münasibətlərin nəsillərə ötürülməsinə səbəb olur. Son vaxtlar xatirə özünü folklor janrı kimi də göstərir. Bu cür xatirələrdə xalqın kim¬liyi öz əksini tapır. Qarabağətrafı bölgələrdən toplanmış xatirə¬lər Qaralı, Xalac, Sirik, Aşıqlı, Eyvazalı, Sərxanlı, Binnətli, Xələfli kimi tayfalar və nəsillər haqqındadır (12, 77-102). “Qarabağ müharibəsi xatirələrdə” adlı toplantı materialları “Köçürmə sisyasəti”, “Daşnak vəhşilikləri” və “Qarabağlı faciəsi” kimi xatirələri əhatə edir (10, 97-105). Qubadlının tarixi ilə bağlı xatirələrdən biri “1918-ci il hadisələri xatirələrdə” adlanır və 5 mətndən ibarətdir (7, 214-218). Qubadlı folklor materialları içərisində etnoqrafik müşahidələr də maraq doğurur. Burada 8 mətndə “Novruz adətləri”, 2 mətndə “Xıdır Nəbi” ənənəsi və ayrıca “Qubadlının toy adətləri” yer almışdır ki, bu da adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə xidmət edir (7, 222-244). Toy adətləri ilə yanaşı, bölgənin dəfn adətləri də yazıya alınmışdır. Dəfn adətləri ölünün yuyulmasından dəfninədək, dəfndən sonra keçirilən yas mərasimi tədbirlərinədək, o cümlədən ehsanın verilməsinədək mərasim qaydaları ilə bağlı bütün məsələləri əhatə edir (12, 402). Qeyd etmək yerinə düşər ki, ayrı-ayrı rayonların folklor nümunələri toplanılarkən həmin bölgələrin özünəməxsus adət-ənənələri haqqında da məlumatlar əldə edilmiş, yazıya alınmışdır.

 Kəbirli, Avşar, Şahsevən, Qaradolaq tayfaları haqqında xatirələrdə bu tayfaların Qarabağ ərazisindəki mövqeyinə böyük əhəmiyyət verilir (5, 124-168). Boyəhmədli, Təklə, Lənbəran, Çələbi, Qızılbaş, Mirzəli, Bəhmənli, Kərimbəyli, Alıxanlı və başqa tayfalar, nəsillər, soylar haqqındakı qısa məlumatlar da şirin folklor dili ilə qələmə alınmışdır (8, 39-90). Tərəkəmə yeməkləri və oyunları haqqında olan fəsillər də xalqın genetik yaddaşından süzülüb gələn yaşam və məişət məlumatlarını əks etdirir (4, 169-172). Küz, dəlmə, küftə, qızartma, qatmalı, bağır-beyin, canaçəkmə, şam¬pur, təndir kababı, kömbə, eymə və başqa tərəkəmə yeməklərinin hazırlan¬ma texnikasının təsviri bu zəngin mətbəxin unudulması¬nın qarşısını alır. Xocavəndlilərdən toplanmış “Tərəkəmə köçü”, “Tərəkəmə alaçığı”, “El yolu” kimi etnoqrafik mətnlərin tərəkəmə həyatı ilə bağlı folklor örnəklərində yer alması milli yaşamı, həyat tərzini yaddan çıxmayan tarixə çevirir (10, 124-168). Tərəkəmələrin “Bazar sözləri” və “Xörək sözləri” adlı nümunələri xalqın ticarət və məişət həyatını əks etdirir (8, 94-96).

Qaçqın və köçkünlərdən folklor örnəklərinin toplanılması asan başa gəlməmişdir. Respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşan köçkünləri bir-bir arayıb-axtarmaq lazım gəlir. Məsələn, laçınlılardan folklor örnəkləri toplayanlar Bakı və Sumqayıt da daxil olmaqla ümumilikdə Azərbaycanın 57 rayonuna baş çəkməli olmuşlar, çünki həmin rayondan olan köçkünlər ailə-ailə, nəsil-nəsil respublikanın bütün rayonlarına pənah aparmışlar. Hətta kompakt halda yaşadıqları ərazilərdə belə hərə bir kənddən gəldiyindən və insanlar bir-birini tanımadığından “Görüşmək üçün daha kimi məsləhət görürsünüz?” soruşduqda ad verməkdə, ünvan göstərməkdə çətinlik çəkirdilər (7, 5).

Qarabağ köçkünlərindən folklor örnəklərinin toplanılmasında bilavasitə iştirak etdiyimə görə ürəkağrıdan bir xatirəni danışmaq istəyirəm. Folklor İnstitutunun direktoru Muxtar İmanovun kabinetində söhbətimiz belə oldu ki, cənub bölgəsində məskunlaşmış Qarabağ qaç¬qın¬larından folklor materialları toplamağa gedən Elçin Abbasova yoldaşlıq edim. Məqsəd elindən-obasından didər¬gin düşmüş yaşlı qarabağlıları tapıb yaddaşlarında qalmış söz sərvətini qələmə almaq idi. Bu ekspedisiya itib-batmaqda olan folklor nümunələrini xilas etmək, onları xalqın özünə qaytarmaq kimi maraqlı bir vəzifəni yerinə yetirəcəkdi. Gözəl folklor nümunələrini yazıya aldıq və bunların bir qismi “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin üçüncü cildində, 225-231 və 233-239-cu səhifələrdə yer aldı. Folklor nümunələri maraqlı olduğundan onları özüm də ayrıca kitab halında çap etdirdim. Müxtəlif köçkün ailələrindən toplanılmış folklor örnəkləri müxtəlif mövzulardadır.

 

Şəhid məzarı haqqında:

 

Anam, bacım, ağı deyin,

Bu məzarda şəhid yatır.

Sinəsində min dağ-düyün,

Bu məzarda şəhid yatır.

 

Mən İsmayıl, el vüsalım,

Viran oldu, soldu bağım.

Atam, anam, bacım, deyin,

Bu məzarda şəhid yatır (1, 25).

 

Qarabağ haqqında:

 

Qarabağa yol salın,

Boynuna da qol salın.

Ağac əkib bar dərin,

Budağından xol salın.

 

Qarabağa gedərəm,

Bağrımı qan edərəm.

Vətənə olan borcu

Qanım ilə ödərəm (1, 27).

 

Ağdam haqqında:

 

Qızlar sevdiyinə könül verməyib,

Vüsal həsrətiylə saçın hörməyib.

Çox körpələr atasını görməyib,

Gözü yollardadı, salam, ay Ağdam.

 

Günlər mənimçün bir sınaq olub,

Kiçik təpələr də qəlbi dağ olub.

Şəvətək qapqara saçım ağ olıb,

Siz görən deyiləm, çalam, ay Ağdam (1, 29).

Əslən Laçından olan və hazırda Cəlilabadda yaşayan Şöhrət Namazova köçkün düşməmişdən əvvəl, köçkün düşdüyü dövrdə və ondan sonra Laçında baş verən hadisələr haqqında iki kitab yazmışdır. Bu kitabların digər bədii əsərlərdən üstünlüyü ondadır ki, onlarda xalqın məişətinə, adət-ənənələrinə, folkloruna kifayət qədər yer verilmişdir. Öz bölgəsinin folklorunu və etnoqrafiyasını yaxşı bilən müəllif yeri gəldikcə həmin nümunələrlə “Laçın əfsanəsi” povestinə şirinlik gətirir: “Şehli içəri keçib qapını ardınca örtdü. Atası odun sobasının böyründəki qırmızı rəngli məxmər döşəkçədə oturmuşdu. Üşümüş əllərini sobanın ağzında sayrışan alov dilimlə-rində isidirdi. Bu qırmızı döşəkçə və sobanın böyrü onun ən sevdiyi yer idi. Anası bu döşəkçəni yalnız kişinin altına sərərdi. Əslində, bu, bir ənənənin yadigarı idi. Bu tərəflərdə gəlin köçəndə cehizlərinin arasında bir qaynana döşəkçəsi də gətirərdi. Hörmətli qaynana üstündə otursun deyə allı-güllü atlazdan, ya da qıpqır¬mızı məxmərdən hazırlanardı. Şehlinin də anasının gətirdiyi qaynana döşəkçəsində, indi rəhmətliyin yerində ata özü uzanar və rahatlıq tapardı” (15, 9-10).

Folklorla bağlı maraqlı səhnələrdən biri düşmən mühasirəsində olan Laçında Novruz bayramının keçirilməsini dolğun şəkildə əks etdirir: “Novruza az qalmışdı. Bu Novruz əvvəlki novruzlardan deyildi. Bu Novruz qəfil bəlaya düçar olan Laçın camaatının doğma obasında son Novruzu idi. Ancaq hələ insanlar yumruq boyda ürəklərində Yurd boyda ümid yaşadırdı. “Ola bilməz” harayı düşüncələrinə hakim kəsilmişdi. Yenə də bütün məhlələr Novruzu qarşılamağa hazırlaşırdı. Oğlan uşaqları dağlardan gəvən kolları yığıb gətirir və son tonqalın daha gur olması üçün bəhs edirdilər. Dünyanın düz vaxtında, yəni ermənilərin bu alçaq fitnələrindən əvvəlki illərdə şəhərdə Novruz tonqalları yeddi dəfə çatılardı. Məhlələr bir-biri ilə bəhsə girib ən böyük tonqal yarışına qoşulardı. Böyük Çillə başlayandan çərşənbə tonqalları da alovlanmağa başlardı. İnsanlar dağ yerinin ağır qış dövrünün kəsifliyindən tez qurtarmaq üçün Novruza sarı uzanan günləri sayardılar. Qışın çətin yükünü elliklə və bahara tez çatmaq ümidi ilə yeddi çərşənbə tonqalı ilə bitirərdilər. Kiçik Çillənin onuncu günü Xıdır Nəbi bayramını sevinclə və bütün qaydaları ilə yerinə yetirərdilər. Şehlinin də nənəsi həmin gün xəşil bişirər, üstünə al bəhməzi göllədərdi. Sapsarı ərimiş yağ xəşilin tığlanmış təpəsindəki çalada bəhməzin üstündən nar çiçəkli ağappaq nimçənin kənarlarına süzülərdi. Nənəsi qovut dürməyini uşaqların əlinə verib həyətdə oynamağa göndərərdi. Sonra isə İlaxır çərşənbə gələrdi. Laçınlılar bu bayramı hədsiz sevgi və bütün adətləri ilə keçirərdilər” (15, 10).

Güllünün qızına məsləhətində mətbəx mədəniyyətimizin özəlliyi diqqətə çatdırılır: “Gedirəm süd almağa, Şehli. Mən gəlincə əti çək, küftə-bozbaş bişirəcəyəm. Bir az da xəngəl kəs, qardaşın çox sevər sarımsaqlı xəngəli. Xəmir eləmişkən elə əriştə də kəs. Əlli ol, gəlim görüm ki, hamısını eləmisən. İşdir, gec gəlsəm, əriştəni sən bişir. Lobyasını axşamdan islatmışam, sarı güllü balaca qazandadır. Qara istiot yox, qırmızı istiot tökərsən. Çaşıb zoğal axtası atma ha, alça qurusu atarsan əriş¬təyə”. Mətbəxin zənginliyi təbiətin zənginliyindən irəli gəlir. Azərbaycan təbiəti növbənöv bitkiləri ilə məşhurdur. Meyvə və tərəvəz çeşidləri mətbəximizi zənginləş¬dirir, müxtəlif ədviyyatlar isə xörəklərimizi dadlı və ətirli edir (15, 10).

Povestdə saysız-hesabsız dialekt sözləri işlənir, bu məhəlli sözlər dilə ağırlıq gətirmir, əksinə, onun sinonimlik imkanlarını artırır. Belə sözlər təsvir olunan hadisələrə aid olduğundan asanca anlaşılır. “Tığlanmış”, “Tutaş kirpiklər”, “verana” (virana), “çəpəki”, “təzəbinə”, “üşənti”, “bastamaq”, “yurdlanmaq”, “hövül”, “lomba”, “doğal” kimi sözlər ədəbi dilə Şöhrət Namazova tərəfindən gətirilir (15, 9-10).

Kitabın mənzum parçaları baş verən hadisələrin ovqatına kökləndiyindən povesti tamamlayır. “Laçın” şeiri doğrudan adamı kövrəldir:

 

Nə könlümə düşdün belə,

Könlümün tufanı Laçın.

Ürəyimdən yaralıyam,

Yaramın dərmanı Laçın.

 

Gözlərimdə yaş damlası,

Dərd-qəmimin piyalası,

Anamın dərdli laylası,

Can evimin canı Laçın.

 

Xəyalımın qanadları,

Xatirələr cığırları,

Ömür getdi, oldu yarı,

İtirmişəm, hanı Laçın?

 

Nəyim vardı səndə qaldı,

Sənli ömrüm yağmalandı,

Yandı bu ciyərim, yandı,

Qınadım dünyanı, Laçın.

 

Sənsiz, demə, dözə billəm,

Qəriblikdə gəzə billəm,

Səndən əlim üzə billəm,

Ömrümün hicranı Laçın! (15, 153-154).

 

Şöhrət Namazovanın “Köçkün qızın şəhid sevgilisinə doqquz məktubu” adlı kitabında da qəhrəmanların söylədikləri şeir parçaları folklordan qaynaqlanır:

 

Arxada düşmən gülləsi,

Öndə qəriblik qəməsi.

Belində dərddən şələsi,

Hara gəldi qaçar köçkün,

Yurddan ayrı naçar köçkün.

 

Gözündə yaş gilələnər,

Səbri daşar, silələnər,

Ələndikcə hey ələnər,

Gözü dalda qalan köçkün,

Vardan-yoxdan olan köçkün (14, 55).

 

Belə ağrılı şeirlərin müəlliflərindən biri Cəmilə Çiçəkdir. Cəmilə Çiçək folklorşünasdır, vaxti ilə yaşadığı və indi köçkün düşdüyü bölgənin folklor nümunələrini, xüsusən dastanları toplayıb öyrənir və nəşr etdirir. Onun toplayıcılığı ilə çap olunmuş “Əyyub və Sənəm” dastanında çağdaş sevgi münasibətləri klassik janrın tələblərinə uyğun şəkildə təqdim olunur. Cəmilə Çiçəyin bu zəhmətini kitaba ön söz yazan professor Füzuli Bayat da yüksək dəyərləndirir (2, 3-14). Cəmilə Çiçəyin şeirləri isə anasının məzarı əsirlikdə qalan köçkün bir qızın bitib-tükənməyən vətən həsrətini ifadə edir:

Pərən-pərən düşdü ellərim mənim,

Məni öldürəcək vətən həsrəti.

Bağlanıb qollarım, əllərim mənim,

Məni öldürəcək vətən həsrəti.

 

Sinəmə çəkilən dağı görürəm,

Ötüşən zamanı, çağı görürəm,

Yuxumda gəzdiyim bağı görürəm,

Məni öldürəcək vətən həsrəti.

 

Necə dözüm tapım, baxım o üzə?

Murovdan sellənim, axım o üzə,

 

Görəsən çatırmı ahım o üzə? –

Məni öldürəcək vətən həsrəti.

 

Ruhumu cismimdən çalın, aparın,

Bir dəli ovsuna salın, aparın.

Alın bu həsrəti, alın, aparın,

Məni öldürəcək vətən həsrəti (3).

 

Folklor örnəkləri mental münasibətləri sözdə əbədiləşdirir. Qərbi Azərbaycanda, Qarabağın işğal olunmuş ərazilərində “ənənəvi yaşam tərzinə söykənən baba-nənə, ata-ana, bacı-qardaş, əmi-bibi, xala-dayı, qohum-qonşu, ağsaqqal-ağbirçək kimi ailə münasibətləri” haqqında poetik məlumatlar əvəzsiz mənbələrdir. Məhəllədə, kənddə milli ailə formaları və onları qoruyan yasaqlar, tabular folklor örnəklərində daha möhkəm görünür. Təəssüf ki, qaçqın və köçkün düşən, hətta ölkəni tərk etmək məcburiyyətində qalan insanlar bu milli dəyərləri yeni yaşam məkanında qoruyub saxlaya bilmirlər. Yaranmış şərait ailələrin dağılmasına aparıb çıxarır, insanların psixologiyasında dərin yaralar açır. Müharibə və münaqişə nəticəsində həlak olmuş şəxslərin qəbirləri işğal olunmuş bölgələrdə it-bata düşür, dağılır, yaxud dağıdılır. Əsir və itkin düşən insanların acı taleyi, onların ailələrinə vurulan mənəvi yaralar ağırdır. Bu psixologiyadan çıxmağa can atan qaçqın və köçkünlər düşdükləri bəlalardan sözlə təskinlik tapırlar. Zəngin folklor mədəniyyəti olan Qərbi Azərbaycan və Qarabağ icmaları öz folklor külliyyatına yeni səhifələri elə özləri yazırlar. Şəhid, itkin, əsir, əlil anlayışları bayatılara, ağılara, nəğmələrə ayaq açır. Bu nümunələrin toplanılması, nəşri, araşdırılması qaçqın və köçkün düşmüş insanların mənəvi dünyasını əbədiyaşar sözə köçürmək deməkdir. Mənəviyyatı yaşayan xalq heç vaxt diz çökmür.

Folklor örnəklərindəki başlıca amillərdən biri də qaçqınların və köçkünlərin doğma yurd-yuvalarına dönmək inamına köklənir. Nə qədər ağrılı mövzuda olsa da, folklor örnəyini yaradanlar ədalətin qələbə çalacağına, Azərbaycan türklərinin doğma diyarlara qayıdacağına, torpaqlarımızın işğaldan azad olunacağına ümidlərini itirmirlər. Böyük psixoloji zərbələr almış, yurd-yuvasını itirmiş qaçqın və köçkünə ən yaxşı dəstək onun mənəvi sərvətini özünə qaytarmaqdır. Qərbi Azərbaycandan və Qarabağdan toplanmış folklor örnəkləri bu məqsədə xidmət edir.

Ədəbiyyat:

  1. Alarlı B. Qarabağın düzü var. Qudyalçayın sahillərində. Bakı, Sözün işığı, 2013, 55 s.
  2. Cəmilə Çiçək. Əyyub və Sənəm dastanı. Bakı, Milli Zəka, 2015, 168 s.
  3. Cəmilə Çiçək. Vətən Həsrəti // ƏDƏBİ KÖRPÜ. Aylıq Edebi Dergi Yayın Yönetmeni Səxavet İzzəti. Yazışma Adresi: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 20. Sayı az. Haziran 2020 (e-dergi).
  4. Qarabağ: folklor da bir tarixdir. I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 464 s.
  5. Qarabağ: folklor da bir tarixdir. II kitab (Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 484 s.
  6. Qarabağ: folklor da bir tarixdir. III kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 468 s.
  7. Qarabağ: folklor da bir tarixdir. IV kitab (Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2013, 460 s.
  8. Qarabağ: folklor da bir tarixdir. V kitab (Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2013, 484 s.
  9. Qarabağ: folklor da bir tarixdir. VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2013, 484 s.
  10. Qarabağ: folklor da bir tarixdir. VII kitab (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2014, 444 s.
  11. Qarabağ: folklor da bir tarixdir. VIII kitab (Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2014, 440 s. s.
  12. Qarabağ: folklor da bir tarixdir. IX kitab (Beyləqan, İmişli, Tərtər, Bərdə və Cəbrayıl rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Zərdabi LTD” MMC, 2014, 460 s.
  13. Mirzəyev H. Əsərləri, 8-ci cild. Dərələyəz folkloru. Bakı, Elm, 2006, 768 s.
  14. Namazova Ş.M. Köçkün qızın şəhid sevgilisinə doqquz məktubu (Povest və hekayələr). Bakı, Elm və təhsil, 2016, 120 s.
  15. Namazova Ş.M. Laçın əfsanəsi (Povest). Bakı, Elm və təhsil, 2017, 156 s.
  16. Səmimi T. Gülsehran. Bakı, “Apostrof” çap evi, 2013, AKE NPM, 328 s.
  17. Səmimi T., Göyçəli Q. Zərkənd. Bakı, AKE NPM, 2013, 328 s.

Bilal Alarlı HÜSEYNOV,

ADPU Cəlilabad Filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Pin It

Tezadlar Arxiv

İDMAN