booked.netbooked.net booked.net  

(Yazı şair, publisist Zaur Ustacın hekayələri, xüsusilə "Qırmızı yarpaqlı ağac" əsəri haqqında yazılıb)

Kitab oxumağı vərdişə çevirəndə artıq müəlliflərlə "dost" olursan, necə deyərlər, onların çox sirlərini öyrənirsən. Məsələn, bəyəndiyin bir müəllifin bəzən elə əsərinə rast gəlirsən ki, uzun müddət həmin yazıçıya yaxın düşmək istəmirsən. Ona görə ki, yazıçı bir məsələyə, hadisəyə o qədər kobud yanaşır, elə vulqar ifadələr işlədir və həddi aşır ki, əsərlə birgə yazıçı oxucu gözündən düşür…

Amma elə yazıçılar da var ki, "qəhrəman"ının ən çətin anında belə o qədər kobudluğa yol vermir. Müəllif oxucuya hörmət edir, onu dünyadan, həyatdan və əsərlərindən uzaqlaşdırmır. Əksinə, müəyyən mənada onu tərbiyə edir.

Son vaxtlar yazılarını, xüsusilə, hekayələrini oxuduğum müəllif Zaur Ustac kimi. Düşünürəm ki, bu müəllifi xususi təqdim etməyə ehtiyac yoxdur. Çünki, yazıları müəllifini yaxşı nişan verir və əlavə bəzək-düzəyə ehtiyac qalmır…

Z.Ustacın bir müəllif kimi dili aydın, şirin, nağıl kimi yüyrəkdi və elə ona görə də, əsərləri oxunaqlıdı. Bunları bir oxucu kimi qeyd edirəm. Çünki nə tənqidçi, nə də ədəbiyyat bilicisiyəm. Ancaq bir oxucu kimi oxuduğum əsərlər haqqında qeyd aparmağı, düşünməyi, yazıdan müəyyən hissələri ayrıca qeyd etməyi unutmuram. Birinci onu qeyd edim ki, Z.Ustac bir yazıçı kimi hər bir hekayəsi ilə oxucuya nəsə deyir və sözünün canı olur. Yəni, yazı söz oyunundan, mənasız boş düşüncələrdən, vəsvəsələrdən ibarət olmur. Z.Ustacın yazılarında Qarabağ müharibəsi xüsusilə qırmızı bir xətt kimi keçir. Bu da təbiidir. Çünki müəllif müharibəni, Qarabağı kənardan seyr edib, kitablardan öyrənib bu barədə əsər yazmır. Yazdıqları onun öz həyatı, 30 ilə yaxın didərgin ömrünün güzgüsü, yaralı uşaqlığı, gəncliyi, müharibədə yaxından iştirakı, sonra böyük Zəfərimizdə sözə sığmayan sevinc göz yaşlarıdır… Buna görə də, müəllifin yaşadıqları onun yazılarında bu və ya başqa dərəcədə öz ifadəsini tapır.

44 günlük Zəfər yürüşündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun qazandığı Zəfərdə Şəhidlərimizin, qazilərimizin tökülən qanları əsl qələm adamlarımızın qələminin mürəkkəbinə çevrildi. Ürəklə yazılan bütün əsərlər haqq işimizi tərənnüm edərək, ona dəstək verdi, unudulmazlıq qazandı. Z.Ustacın “Qırmızı yarpaqlı ağac” hekayəsi də, bu müqəddəs savaşda qazi olan zabitimizin timsalında gözə görünməyən qəhrəmanlarımızdan bəhs edilir. “Sədaqətimiz şərəfimizdir” deyə, and içərək Vətən uğrunda ölümə hazır olan igidlərimizdən biridir həmin qəhrəman… Müəllif çox sevdiyi, ancaq adını unutduğu “adsız ağac”la hələ müharibədə əlil olduğunu təsdiq edən sənədi olmayan Vətən müharibəsi qazisini eyniləşirir. Al-qırmızı yarpaqları ilə qarlı qışın görüşünə hazırlaşan ağac və illərlə torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşa hazırlaşan zabit sanki eyni amala xidmət edir. Dünya, həyat və Vətən savaşıdır bu… Bəli, Vətəni sevmək imandandır, Şəhidlik ən uca məqam, qazilik, bir qazimizin dediyi kimi, canlı şəhidlikdir… Bütün bunları öz əsərində ustalıqla ifadə edən Z.Ustac oxucu üçün “Qırmızı yarpaqlı ağac” əsərinin müəllifi kimi xüsusilə yadda qalır. Onun qazilərimizə həsr etdiyi “Psixoloqun qəbulunda” adlı əsəri də maraqlıdır. Burada da, odun-alovun içindn çıxan, şəhidlərin qanına bulaşan və öz qanlarına qərq olan Vətən qazilərinin müharibədən sonra keçirdiyi dəhşətli sarsıntılardan, həyatla apardığı mübarizədən bəhs edilir. Bəzən həyat onları anlamır, həqiqət onların simasında təklənir, elə bu əsərdə olduğu kimi, adamlar haqqı görmək istəmirlər. Əvvəllər elə bilirdim qazilər başqa ehtiyacdan intihara əl atırlar, sonra anladım ki, məsələ təkcə maddiyyat deyil, burada o qədər incə nüanslar var ki… Ən dəhşətlisi odur ki, Vətən müharibəsi qazilərini – o fatehləri duymayasan, onlara qarşı yabançı, süni olasan. O Vətən fədailərinin kim və ya necə dəyərli olduqlarını unudasan…

Qazi qardaş, səndələmə, mətin ol,

Bu torpağın altı, üstü sənindir!

Addımını ürəklə at, şax yeri,

Bu torpağın altı, üstü sənindir!

(“Qırmızı yarpaqlı ağac” hekayəsindən)

Zaur Ustacın əsərləri sadə dildə yazılsa da, mahiyyət etibarilə insanı düşündürür, səni bir vətəndaş kimi haqsızlıqlara qarşı mübariz olmağa çağırır. Onun yazıları haqqında çox danışmaq olar, amma bu tənqidçilərin işidir. Bu kiçik yazıda isə mən sadəcə bir oxucu kimi onun əsərləri haqqında az da olsa fikirlərimi paylaşdım. Əslində bu yazı çoxdan yazılmalıydı, ancaq vaxtın darlığı buna imkan vermirdi. Müsabiqə isə bu arzuma sanki təkan verdi və bəlkə yarışmaya qatılan (vaxt darlığından) ən son iştirakçı da mən oldum…

Yazını bitirib təqvimə baxdım ki, bu gün Azərbaycan Ordusunun Ağdam rayonunu işğaldan azad etdiyi gün – 20 noyabr günüdür. Bu nə gözəl bir təsadüf, – deyə düşünərək Zaur Ustacı bu gözəl gün, onun Ağdama, doğma Yusifcanlı kəndinə qovuşması münasibətilə ürəkdən təbrik edir, bu vətəncanlı insana, yazıçıya cansağlığı və uğurlar arzulayıram. Sonda bir oxucu kimi onu da demək istəyirəm ki, Z.Ustacın bundan sonra da, daha dəyərli, düşündürən hekayələr, povestlər yazacağına inanıram. Təki Vətən sağ olsun!

Mina RƏŞİD,

jurnalist, şair

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN