Azadlıq toxuyun ləldən, qızıldan,

Vətəndən düzəldin üzük qaşını.

Vətəni köksündə daşımamışdan

Daşıma çiynində Vətən daşını.

Misralar yenicə çapdan çıxmış Vəli Qurbanoğlunun “Burdan o yanadır yolun çətini” kitabındandır. Uzun illər yazıb-yaratmağına baxmayaraq, ilk şeirlər kitabı işıq üzü gördü.

Şairin yaradıcılığına nəzər saldıqda görkəmli ədəbiyyatşünas alim Məmməd Arifin sözləri göz önünə gəlir. “Şeir vardır ki, onu distilə edilmiş su kimi içirsən, onu hamar bir yol kimi gedirsən, misraları, səhifələri rahatca udursan: nə fikrə bir qida, nə hissə bir lay düşür. Səni heç nə narahat etmir, heç kəs bir yerə çağırmır, ritorik cümlələr bir-birini əvəz edir. Şeir də var ki, hər bir misrası sənin tutub saxlayır, şüuru, hissi müdaxiləyə dəvət edir, fikrə qida verir, düşünməyə məcbur edir” Vəli Qurbanoğlunun poeziyası sözçülükdən, təsvirçilikdən ritorik pafosdan, patetik ifadələrdən uzaq, insanı düşündürən obrazlı poetik ifadələrlə zəngin olan poeziyadır. Şeirlərindəki yeni söz, yeni fikir, təkrarsız olan söz və ifadələr onu göstərir ki, heç kimi təkrar etmədən yeni dövr Azərbaycan poeziyasında öz dəst-xətti, öz üslubu ilə seçilən şairlərdəndir.

Şairin şeirlərində diqqəti cəlb edən cəhət onun dərin həyat müşahidələr əsasında fikrini obrazlı poetik çalarla ifadə etməsidir.

Hər əlimiz bir naxışa həvədi,

Hər çiynimiz bir karvana dəvədi,

İnsan ömrü bərbəzəkli gəbədi,

Qırağında Haqq deyilən yelən var.

Göründüyü kimi, şairin poetik axtarışlarında milli köklə, keçmişlə, yaddaşla əlaqə bağlılığının poetik tədqiqi üstünlük təşkil edir. Şairin poetik təfəkküründə , düşüncəsində yaranan, üzə çıxan hər bir tapıntı, əsasən milli vətənpərvərlik ruhunu kəsb edərərk təqdim olunur.

Ağrıma – acıma verməyin dəyər,

Yükləyin, qoymayın belimə yəhər,

Vallah, aparacam elə birtəhər,

“Qaldırın dünyanı çiyinlərimə”.   

Baxın, şeirdəki obrazlılıq ayrı-ayrı ifadə və misralarla deyil, bütöv bənddə, daha doğrusu, onun təlqin etdiyi məna çalarında ifadə edilmişdir ki, bu da şairin şeirində poetik obrazın mahiyyətini müəyyən edir.

Dünyaya hamının baxdığı gözlə baxmır şair, o, dünyanın vəfasızlığından, etibarsızlığından yox, insanların dünyaya qarşı olan biganəliyini, qayğısızlığını, dünyanın ancaq insanların xoş niyyəti, qurub yaradan əllərilə gözəlləşəcəyini obrazlı poetik ifadələrlə belə işıqlandırmışdır.

Biz gəldi-gedərik, yaşa, deyirsən,

Bir toxum əkdinmi yaşaya dünya?

Gör neçə taleyi, bəxti əyirsən,

Xəcalət çəkdinmi, yaşaya dünya?

 

Ay Vəli, ayırma gülü sevgidən,

 Sər dünya üstünə tülü sevgidən,

İçi mərməhətdən, çölü sevgidən

İmarət tikdinmi, yaşaya dünya.

Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə ümumilikdə şeirin obrazlı poetik sistemini qorumaq V.Qurbanoğlunun bu kitabda toplanmış bütün şeirlərində hiss olunur.

Küçə o küçədir yolda o yoldu,

Buludlar üstümə dərd ələyirdi.

Yollar budağımdan ömrümü yoldu,

Hələ yetişməmiş silkələyirdi.

Sənətkarlıq məharətinin, orijinal poetik mənanın təravətli ifadəsi heyranlıq doğurur. Dərin mənəvi dəyərə malik düşüncələrin bədii təsdiqi, poetik məzmunun dolğunluğu yaradıcılıq müvəffəqiyyətlərinin başlıca amili kimi Vəli Qurbanoğlunun sənətkarlığını şərtləndirən əsas amillərdəndir.

Şairin poeziyasının təravətli, canlı və səmimi məzmun kəsb edən mövzularından biri də məhəbbətdir. Onun poetik nümunələrində insan ruhunun ən dərin qatlarına enən, insan qəlbini heyran edən, çox təbii və səmimi duyğuların şahidi oluruq. Forma və məzmun vəhdəti ilə seçilən Vəli Qurbanoğlunun lirikasında insanın sevgi, məhəbbət duyğularının poetik inikası diqqət çəkir. Şairin bu mövzudakı əsərləri fərdi hisslərin, intim duyğuların ifadəsi kimi  deyil, dərin içtimai məzmunun  səciyyəsi kimi çıxış edir.

Acılı, şirinli süzülüb cana,

Yanaqdan yol edər ürəyə dama,

 Köçərdim dünyadan, qorxuram amma

 Deyərlər kimsəsiz qaldı məhəbbət.

Yaxud:

Göylərə açılsın əl ki, yaşayaq,

Rəhmi qıyma-qıyma böl ki, yaşayaq,

Qayıt kainata gəl ki, yaşayaq,

Sən olmayan yerdə yaşamaq olmur.

Məlumdur ki, Azərbaycan poeziyasının ənənəvi mövzularından biri də ana, anaya məhəbbətir. Vəli Qurbanoğlu bu  mövzuya özünəməxsus poetik çalarlar əlavə etmiş, analıq hissləri, nəvazişləri, ana müqəddəsliyi ülvi və bəşəri duyğu kimi tərənnüm olunmuşdur.

Laylasına demə bəsdir,

O, cənnətdən gələn səsdir,

 O, Anadır – Müqəddəsdir,

 Nəyin dedim hələ onun…

Ana zəhmətinin, ana müqəddəsliyinin mənalandırılması Vəli Qurbanoğlunun poeziyasının can atdığı, təcəssüm etdirmək istədiyi poetik yüksəkliyin inikasıdır.

Gəlmişdim ağlayam məzarın üstə,

Burda məndən qabaq daş ağlayırdı.

Bənizi saralmış yetim çiçəklər,

 Qoyub sinən üstə baş ağlayırdı.

 

Ömür başqa cürdür boyağın altda,

Üstündə yaşayaq, doyağın altda,

Bir yetim ölürdü ayağın altda,

Bir Ana qucağı boş ağlayırdı.

Göründüyü kimi, şeir başdan-başa müstəqil məna dəyərinə malik olan obrazlı poetik misralardan ibarərdir. Şeirdəki yeni söz və ifadələr ana obrazını mənalandırmaq baxımından şairin obrazlı təfəkkür tərzinin məhsulu kimi diqqər cəlb edir. Kitabda toplanmış bütün şeirlərindəki yenilik, yeni poetik təfəkkürün təzə ifadə çalarında, obrazlı deyimdə, tipik mövzuların seçimində və onların poetik həllində inikas edir.

Ömrün keşiyində arzular durur,

Həyat doğrudanmı gözəldir bizə?

Gör necə həvəslə naxışın vurur,

Ustalar baş daşı düzəldir bizə...

 Sən də deyirsən ki, yaşayaq hələ.

Şeirləri oxuduqca bədii fikrin səmimi və ahəngdar bir ruhda, həm də obrazlı şəkildə ifadəsinə şahid oluruq ki, bu da sənətkarın obrazlı təfəkkürünün məhsulu kimi qiymətləndirilməlidir.

Müasir şeirimizdə Azərbaycan dilinin ahəngdarlığını, söz əlvanlığını, dolğunluğunu, şirinliyini saxlayan xalq ədəbiyyatının zərif, incə, məlahətli, söz komponentlərindən yüksək zövqlə bəhrələnən şair bu məziyyətləri çağdaş həyatın, müasir təfəkkürün səviyyəsinə uyğun inkişaf etdirərək unudulmuş xalq danışıq üslubuna xas olan söz və ifadələrə yeni obrazlı poetik məna və çalar verməklə zənginləşdirmişdir.

Toxunmur ömrünün köhnə hanası,

Kələfi dolaşır, bağ düyün düşür.

Düşür sinəmizdən sevgi mənası,

Yerində çal-çarpaz dağ düyün düşür.

Yaxud:

Xəzan tüğyan edir daha saçımda,

Qönçə də açılmır gül ağacımda,

Tövşəyə-tövşəyə dağ yamacında

Dərdiyim çiçəklər löyündən düşür.

Yaxud:

Urfayla oynayar, ələklə yazar,

Beşiklə danışar, bələklə yazar,

Çarpışa-çarpışa fələklə yazar,

Qoymayın qadınlar şeir yazalar.

Şair sözü məharətlə oynadaraq, parlaq təzadlar yaradır ki, bu da fikrin poetik məğzini dərinləşdirir və obrazlı bədii ümumiləşdirmələr səviyyəsinə qaldıraraq, oxucuda böyük sevinc və mənəvi estetik duyğular oyadır.

Səadət əyləşib fələk taxtında,

Məhəbbət gecikir görüş vaxtına,

Bu necə ömürdür düşüb baxtıma,

Qara çözələnir, ağ düyün düşür.

Onun poetik axtarışlarında milli köklə, milli keşmişlə, yaddaşla əlaqə bağlarının poetik tədqiqi üstünlük təşkil edir. Şairin poetik təfəkküründə , düşüncəsində yaranan, üzə çıxan hər bir tapıntı, əsasan milli vətənpərvərlik ruhu kəsb edərək təqdim olunur. Müraciət etdiyi mövzuların milli vətənpərvərlik motivlərilə zənginliyi göz önündədir.

Bu tarixin harasıydı,

Həm axsadıq, həm büdrədik.

Aramızdan Araz axdı,

Sahillərdə qəhər yedik.

Hara gedim, axı yurdum

Para-para, didik-didik…

Dəli kimi.

Kitabda toplanmış bütün şeirlər öz poetik gözəlliyi, obrazlı ifadələri, dərin məna çalarları ilə zəngindir. İndiyədək sandıq ədəbiyyat formasında saxlanmış bu poetik incilər axır ki, işıq üzü gördü, oxucuların, ədəbiyyatşünasların, ədəbiyyat və söz sərraflarının ixtiyarına verildi.

Vəli Qurbanoğlu, yazırsan ki,

Ay Vəli, bəllidir sonun, əzəlin,

Kara da gəlmədi şeirin, qəzəlin,

Baxdın arxasınca gedən gözəlin,

Hayıf ki, dilinin gödək vaxtıdır.

Hörmətli şair Vəli Qurbanoğlu ömrünün ahıl vaxtı olmasına baxmayaraq, şair ilhamının çiçəklənən, poetik təfəkkürünün nur saçan vaxtıdır. Onu yadda saxlamaq lazımdır ki, obrazlı poetik söz və ifadələr poetik təfəkkürün məhsuludur. Kitabda verilmiş hər bir poetik nümunədə bu aydın görünür.

Əziz oxucular, çağdaş poeziyamızın təkrarsız nümunələri olan Vəli Qurbanoğlunun “Bundan o yanadır yolun çətini” kitabı inanıram ki, hər bir ədəbiyyatsevənin, şeir-sənət pərəstişkarlarının stolüstü kitabına çevriləcək. Bu şeirləri oxuyarkən insan sözün, ifadənin sehrindən çıxa bilmir, ruhu təzələnir, təmiz saf dağ bulaqlarının şəffaflığı, sərinliyi, şəlalələrin, çayların coşqunluğu kimi insan qəlbini riqqətə gətirir.

Odur ki, kitabın ərsəyə gəlməsində, belə sandıq ədəbiyyatının ən gözəl poetik nümunələrinin aşkara çıxarılmasında, şair Vəli Qurbanoğlunun söz, sənət dünyasında ilk  uğurlu addımlarının atılmasında “Ələk” ədəbi məclisinin rəhbərliyini, kitabın çap olunmasında xidməti olan hər bir kəsi alqışlayıram.

Bilin ki, siz bu xeyirxah əməlinizlə közərən bir ocağı alovlandırmısınız.

İnanıram ki, V.Qurbanoğlunun oxuculara təqdim olunmuş bu kitabdakı şeirlər öz poetik əlvanlığı, obrazlı bəşəri, assosativ ifadə üsulu və dərin məna çalarlığı ilə çağdaş poeziyamızın təkrarsız nümunələri sırasına daxil olacaq.

Hörmətli Vəli Qurbanoğlu, bu yolda sizə yeni-yeni yaradıcılıq uğurları və sağlamalıq arzulayır, qələmin iti, gözün nurlu, qəlbin işıqlı olsun, deyirəm.

Vaqif Allahverdiyev,

ADPU-nun Ağcabədi filialının dosenti

vaqif-allahverdiyev