Xəbər verilir ki, Xalq artisti Tünzalə Ağayeva “İnstaqram” hesabında paylaşdığı mini yubkalı çəkilmiş, yəni baldırları çöldə qalan şəkilləri ilə izləyicilərinin marağına səbəb olub.

P.S. Rəhmətliyin uşağı, marağa səbəb olar dəə... Əvvəla, izləyicilər başa düşmürlər ki, xalq artistinin hər yerini xalq görməli və qiymət verməlidir. İkinıcisi isə, Tünzalə xanımın baldırları çöldə qalan şəkilləri ona görə marağa səbəb olub ki, izləyicilər öz aralarında belə mızıldanıblar: “Bu Tünzalənin 46 yaşı var, yoxsa 16? 16 yaşı varsa, qoy baldırlarını göstərsin ki, bəlkə qabağa gedə bildi”. İndi Tünzalə xanımın o baldırları ilə qabağa gediləsi vaxtı deyil axı. 46 yaşı var, bundan sonra hansı qabağa gedəcək? Daha getdiyini gedib dayna. Bundan o tərəfə də var bəyəm? Bax, buna görə Tünzalə xanımın baldırları çöldə qalan çəkili marağa səbəb olub.

***

Məlumatlara görə Ramiz Şıxəliyev adlı vətəndaş, xəstə oğlu Ceyhunun müalicəsi üçün Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişi vasitəsilə yığılan 14 min manatdan çox pulun onlara verilmədiyi barədə saytlara danışıb.

P.S. Xoşqədəm Hidayətqızı haqqında bu kimi xəbərlər mütəmadi olaraq mətbuatda və sosial şəbəkələrdə görünür. Hətta səhnə arxasında onun bəzi qanunazidd əməlləri barədə səs yazıları da yayılıb. Amma həmişə sehirli əl(lər) Xoşqədəmi xoş olmayan əməllərdən qoruyur. Ona görə də Xoşqədəm xanım hüquq-mühafizə orqanlarının funksiyasını mənimsəyərək, itənləri “axtarıb tapır”. İtənləri Xoşqədəm axtarıb-tapırsa, onda bizim hüquq-mühafizə orqanları da yəqin şou-bizneslə məşğul olacaqlar. Əslində isə verilişləri insanların mənəviyyatının aşınmasına xidmət edən Xoşqədəm Hidayətqızının və hər iki zaurların verilişləri çoxdan bağlanmalı idi.

***

Xəbər verilir ki, Türkiyədə baş verən zəlzələ bölgəsində Ermənistandan gələn xilasedicilər dağılmış evlərdən qızıl-zinət əşyaları oğurlayıblar.

P.S. Mən o erməni xilasedicilərə “təşəkkür” edirəm ki, erməni xislətini bir daha bütün dünyaya göstərdilər.

***

Qəzetlərin birində Tehrandakı səfirliyimizə edilən hücumdan bəhs edən yazıya belə başlıq qoyulub: “Tehran səfriliyində hücumun dünyada terror kimi tanınması faktları çoxalır...”

P.S. Mən başa düşə bilmirəm, məgər terrorun və ya terrorçunun buynuzu olur? Əli avtomatlı səfirliyimizin binasına hücum edib, bir nəfəri öldürən, iki nəfəri yaralayan hadisənin adı terror deyilsə, bəs nədir? Bunun terror olmasını dünyaya sübut etmək üçün daha nə lazımdır? Bu yerdə ustad şairimiz Məmməd Arazın “Dilənçi qaçqın” şeirindən bir misra yada düşür:

“İlahi, kardımı, kordumu dünya,

Bu ağ həqiqəti görmürmü dünya?!”

***

İranın Azərbaycanda narkotiklərin yayılmasında müstəsna rol oynadığından danışan, tanınmış hüquqşünas Şəmsəddin Əliyev mətbuata verdiyi açıqlamada belə deyib: “İranda ümid bəsləyirlər ki, narkotiklərin geniş yayılması ilə bizim ölkəyə istədikləri zərbəni vura biləcəklər. İranın bu məsələdə həm də İslam dininə olan hörmətsizliyi ortaya çıxır”.

P.S. Hörmətli Şəmsəddin müəllim, kasıb inəyinin adını qızıl qoyan kimi, İran da öz ölkəsinin adını İslam qoya bilər. Amma hamı bilir ki, İran dünyada terroru dəstəkləyən və narkotiklərin vətəni olan ölkədir. Bu səbəbdən də dünyada İslam dininə ən böyük zərbəni məhz İran dövləti vurur. İndi kasıbın adını qızıl qoyduğu inək dönüb qızıl olmadığı kimi, İran da dönüb nə İslam, nə də islah olandır. Ona görə də demək olar ki, İran xristian erməni ilə qardaş olub, İslam dininə hörmətsizlik etmir e, ayaqlar altına salıb tapdalayır...

***

Bir qəzetdə məlumat verilir ki, Masazır bələdiyyəsində qəribə rejim var: “Şənbə günü sədr də daxil olmaqla hamı işdədir, lakin “işləmirik” - deyirlər”.

P.S. Rəhmətliyin uşağı, guya həftənin qalan günlərini işləyirlər ki?

***

Bildiyimiz kimi sabiq MTN generalı Akif Çovdarovun 30 milyonluq mülkləri Ali Məhkəmənin qərarı ilə özünə qaytarılıb. Təzəlikcə isə, başqa bir MTN-çi generalın - Subahir Qurbanovun da bir çox mülk və obyektləri Ali Məhkəmənin qərarı ilə özünə hədiyyə edilib.

P.S. Bu hadisələr cəmiyyətdə böyük narazılıq yaradıb ki, iş adamlarından soyub, söyüb, döyüb, işgəncə verərək aldıqları milyonlar niyə sabiq MTN generallarına qaytarırlar? Nə qəribə insanlar var e, mən ölüm. Necə yəni o milyonlar niyə qaytarılıb? A kişilər, bu generallar o iş adamlarını döyüb işgəncə verəndə nə qədər əziyyət çəkiblər, vicdanları ağrayıb, alınlarından puçur-puçur tər tökülüb... Deməli, o milyonları MTN generalları alın təri ilə qazanıblar və bu pullar onların halal haqqıdır. Ali Məhkəmənin sədri Ramiz Rzayev də Vasif Talıbovun komandasının üsvü olaraq, sadəcə ədaləti bərpa edib. “Vot i vsyo”. Vəsalam, şüttamam.

***

Saytların birində məlumat verilir ki, müğənni Nadir Qafarzadə Türkiyədə baş vermiş faciənin 9-cu günü, yəni fevralın 15-də restoranların birində çal-çağırla, təm-təraqla, fevralın 11-də tamam olmuş ad gününü keçirib. Müğənni sənət dostları ilə birlikdə 52 yaşını qeyd edib. Bu isə, Nadiri çoxsaylı qınaq hədəfinə gətirib. Bu qınaqlara cavab olaraq Nadir də əsəbiləşərək belə deyib: “Əcəb etmişəm, belə də yazın, əcəb etmişəm”.

P.S. Ay alma yanaqlı, gül dodaqlı maral gözlü, Nadir Qafarzadə, əsəbiləşmə. Qardaş Türkiyədə baş verən faciə vaxtı ad günü keçirəndə bir az gərək dini, insafı unutmayaydın. Bıy, başıma küllər. Mən nə danışıram əəə? Adama deyərlər, şou-əhli hara, insaf, din hara? Şou-əhlinin dini, imanı, insafı puldur, əyləncədir. Əgər Nadir Qafarzadə, bir nüçə il bundan əvvəl İsraildə Xocalı faciəsi günündə konsert verməsini sığortalamaq üçün birbaşa efirdən deyirdisə ki, anasını saat 4-də dəfn edərək, saat 6-da toy oxumağa gedib, onda Türkiyədəki faciənin 9-cu günündə ad günü keçirməsi əsl sensasiyadır.

***

Müğənni Şəbnəm Tovuzlu “Səhər mərkəzi” verilişində münasibətlərdə yaşadığı peşimançılıq hisslərindən bəhs edərək deyib: “Bir insana qarşı yaxşı olursan, qarşılıq görməyəndə, münasibətlərin əksi ilə üzləşəndə fikirləşirsən ki, kaş etməzdim. Ona ah-nalə etmirsən və düşünürsən ki, bu insana dəyməzmiş. İkinci peşimanlıq isə qarşı tərəfə, qəlbən sevdiyin insana qarşı onu itirməmək, qəlbinə dəyməmək üçün bir addım atırsan. Sonradan peşiman olursan. Allah bu duyğunu heç kimə yaşatmasın”.

P.S. Bəli, sponsorun müğənnini tərk edib getməsi ağır dərddir. Bu dərd Şəbnəm Tovuzlunu əməlli-başlı filosof edib, mən ölüm. Sponsor itirmək, daha doğrusu, sponsorun Şəbnəmi tərk etməsi, lap bir az da dəqiq desək, Şəbnəmin sponsoru olan Həcinin ondan imtina etməsi, müğənnini filosofluq etməyə məcbur edib. Özü də dediklərindən görünür ki, Şəbnəm Həcinin pulunu... üzr istəyirəm, eşqini geri qaytarmaq üçün bir neçə dəfə cəhd edib. Amma bu Həci əsl cəllad kimi insafsızlıq edib və Şəbnəm də buna görə ağır peşimançılıq hissi yaşayır ki, bunun da heç kimin başına gəlməsini istəmir. Əlbəttə, indiki zamanda müğənnini sponsorsuz qoydun ha, bu o deməkdir ki, ya tısbağanı öldürdün, ya da arxası üstünə çevirdin, eyni şeydir. Yoxsa Şəbnəm xanım əri ola-ola niyə sponsoru olan Həcidən  bu qədər yanıqlı-yanıqlı danışsın ki?

ELÇİN,

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.