“Türkçülük türk millətini yüksəltmək deməkdir.” (Ziya Göyalp, ”Türkçülüyün Əsasları, səh.31, ”Maarif”, Bakı, 1991”).

(Əvvəli ötən yazıda)

 Beləliklə, ərəb olmayan, müsəlman dinli xalqların aydınlarının, ziyalılarının öz xalqının özəlliklərini, özəl, yəni milli kimliklərini aramaları, tapmaları, yoxluqdan var etmələri böyük hünər sayılmalıdır. Ona görə də 1918-də Məmmədəmin Rəsulzadənin başçılığı ilə bizim özəlçi, millətçi, demokrat, dövlət qurucu böyüklərimiz 1923-cü ildə “Türkçülüyün Əsasları” adlı əsərini yazmaqla dövrünün türk millətçi fikirlərini ümumləşdirib sistem şəklinə salan Ziya Göyalp… indi fəxarətlə xatırlanır. Həmçinin dağılan, özəl, milli simasına görə daha çox amorf, yəni qarışıq, qeyri müəyyən  xarakterli (ərəb-fars-türk)  Osmanlı Dövlətinin yerində 1923-cü ildə, silahdaşları ilə birlikdə, türkçü düşüncələr və dünyəvi prinsiplər əsasında çağdaş Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Kamal Paşa Atatürk, habelə 1920-dən bəri bu yöndə qələm çalmaqla çalışanlar sırasında 2022-ci ildə “Türkçü düşüncənin əsasları”nı yazmış professor Nəsib Nəsibli və “Türkçülük məsələləri” adlı bitik yazmış doktor Qutlu Ər kimi aydınlarımızın yeri millətimizin özəlçi tərbiyəsində çox ucadır. Çünki bu şəxslər millətimizin Ərəb İslamı, pers-fars şiəçiliyi və rus assmilyasiyası ilə yox edilən özəlliklərini, milli kimliklərini araşdırıb, toparlayıb türk millətinə anladanlardır.

 Bu gün Turan Dövlətlər Birliyini yaratmaqdan danışanların bəziləri ya qəsdən düşmənçiliklə, ya da bilməzlikdən naşıcasına bu Birliyə 73 bölücü təriqətləriylə birlikdə ərəb İslamını da calaq etmək istəyirlər. Sanki bunlar Ərəb İslamının Türk tarixində oynadığı dağıdıcı, geriçi, aşağılayıcı rolunu görməzdən gələnlərdir. Burada məqsəd əlbəttə ki, Ərəb İslamını və onun funksionerləri olan din tacirlərini türkün malı, canı hesabına yaşatmaqla öz tüfeyliliklərini sürdürmək və  sağlam Türk Dövlətlər Birliyin qarşısını almaqdır. Yəni, yaranışından Türk Dövlətlər Birliyinin içinə bölücü, geriçi, inkişafdan saxlayan nadanların simasında 73 fərqli, biri- birilə barışmaz düşüncəli, dağıdıcı mina yerləşdirməkdir. Bu tozanaqlı dinşüvənlər elə bilirlər ki, biz hələ də türkün başına gətirilən Ərəb İslam fəlakətinin, faciəsinin bizi necə geriliyə gömməklə inkişafdan saxlamasının fərqində deyilik... ancaq səhv edirlər.

 Odur ki, Türk Dövlətlər Birliyi - Turan hər cür cəhalətdən, kriminallıqdan, diktaturadan, avantüradan uzaq, yalnız onu quranların qarşılıqlı iqtisadi və siyasi faydası, gəlişmədə biri, birinə dayaq olmaq, kənar basqıdan qorunmaq, xalqın rifahı, bilim, mədəniyyət və inkişaf əsasında qurulmalıdır. Türkçülüyün təlimi, tərbiyəsi çox gərəkli olsa da, lakin əsas bu yöndə Məmmədəmin Rəsulzadə və Qazi Mustafa Kamal Atatürk kimi iş görməkdir. Bilimə, ədalətə, inkişafa əsaslanmayan heç bir iş görülməməlidir.

***

 Türkçülük, türk özəl mənlik şüuru olaraq, başqa xalqların bizə qarşı olmayan özəlliklərinə qarşı olmamalı, əksinə onların da doğal, yasal haqlarını tanımalıdır. Türkçülük, doğal millətçilik olaraq, türk millətini yüksəltməli, öz haqlarını qorumalı, üstün dünyəvi dəyərlərlə zənginləşməli və gəlişməli, başqasının haqqına əsla girməməklə, onların doğal, yasal haqlarına hörmətlə yanaşmaqla, cəhalətə, ədalətsizliyə, şovinizmə, faşizmə, irqçiliyə və hər cür ayrı- seçkiliyə qarşı olmalıdır. İşə çevrilməyən söz  faydasızdır. Özünün, özəl, yəni milli mənlik şüuru olmayan - başqasına da potensial təhlükədir.

iran-telim

 Azərbaycan və Türkiyə qardaşlığı konteksindən çıxış edərək deməliyik ki, Türklərə münasibətdə özəlçiliklə, yəni millətçiliklə, şovinizmi, faşizmi, irqçiliyi “eyniləşdirib” bizi pisliklə damğalamağa çalışanlar, bizi millət olaraq birləşdirici əsas amildən məhrum etmək istəyirlər ki, buna da əsla yol vermək olmaz. Çünki özəlçilik, millətçilik bütün xalqlar üçün döğal, birləşdirici faktordur. Rəqiblər, əsas birləşdirici faktor olan millətçilikdən iyrəndirib uzaqlaşdırmaqla və bu birləşdirici vasitəni əlimizdən almaqla əslində bizi ideoloji baxımdan əliyalın, silahsız və dağınıq hala gətirmək istəyirlər. Halbuki, özləri təbii olaraq öz millətinin millətçisi kimi fəxrlə çıxış edirlər... Belə çıxır ki, türklərdən başqa hamıya, o cümlədən Azərbaycandakı xalqlara və Avropalılara özəlçilik, millətçilik yaraşmır, yəni onlar millətçi olanda olur, amma biz türklər özəlçi, millətçi olanda isə, bu - şovinizm, faşizm, irqçilik və ayrı, seçkilik olurmuş... Iş o yerə çatıb ki, millət olaraq öz Türk adımızla adlanmağımızı belə qısqanırlar, sanki özlərinə təhlükə görürlər, həzm edə bilmirlər. Bu qədər də əsassız dözülməzlik, ədalətsizlik, ayrı- seçkilik olarmı? Sənin haqqını mənimçün normal saydığım halda, mənim Ad haqqım səninçün niyə və hansı ölçülərə görə legitim haqq sayılmamalıdır? Axı, biz türklər, vətəndaşlarımız olan əzəli, doğma xalqlarımızın bizə qarşı olmayan doğal haqqlarını legitim sayırıq.

***

 Azərbaycanda türkdən başqa bütün millətlər, xalqlar, etnoslar öz adları ilə adlanırlar və bu  Türkə təhlükə deyil, ancaq Türk öz adı ilə adlananda... bu -  şovinizm, faşizm, irqçilik və ayrı, seçkilik və başqa xalqlara  təhdid olurmuş, niyə? Azərbaycanlı - yurdumuzda yaşayan bütün vətəndaşlarımızın yer mənsubiyyətini bildirən addır, hansısa millətin, o cümlədən Türk millətinin adı, adının sinonimi deyil... Əsl diskriminasiya, yəni hüquq bərabərsizliyi budur ki, Azərbaycanda türklərə qarşı yapılır. Göründüyü kimi, bizə yapışdırmaq istədikləri pis yarlık qərəzli olduğu qədər də gülüncdür.

 Bir dəfə, 1991-ci ildə, milli hərəkatçılar – müəlimim, əslən ərdəbilli, 1946-cı ildə zabit hazırlamaq üçün Demokratik Dövlətimiz tərəfindən quzeyə göndərilmiş, Azərbaycan Dövlət Universitetində, Seyid Cəfər Pişəvərinin öldürülməsində təqsirkarın tapılması ilə bağlı çıxışına görə məhkəmə hökmü olmadan 6 il DTK-nın (NKVD-KQB) dustağı olmuş İsmayıl Təriqpeyma, fizika elmlər doktoru Bəhmən Sultanlı, filologiya elmləri doktoru Elməddin Əlibəyzadə, filoloq, professor Firudin Cəlilov (Ağasıoğlu) və təbiətşünas alim, Azərbaycanda Nəvai AES-nin tikilməsinə qarşı mübarizə aparan Şamil Saleh – milli hərəkat, Qarabağın savunması və latın əlifbasına keçilməsilə bağlı, bizim evdəki növbəti toplantıda Elməddin Əlibəyzadədən soruşdum ki, niyə ermənilərin yox, gürcülərin yox, bizim əlifbamızı iki dəfə - ərəbdən latına, sonra da latından kirilə dəyişiblər?  Dedi: “Çünki rusun nə erməni, nə də gürcü problemi vardı, ancaq türk problemi vardı”- deyə, cavab verdi...

 Məncə o haqlı idi, ona görə də rusa əsas və güclü rəqib saydıqları türkləri zəif və inkişafdan geri salmaq üçün çoxlu maneələr (elmi məktəblər, milli sənaye, mədəniyyət müəsisələri, obyektləri açılmırdı, əsgərliyə aparılmırdı və s.) yaratdıqları kimi, əlifbanı da heç bir obyektiv əsas olmadan latından, kirilə dəyişirdilər... Əlbəttə, yəqin ki, burada Türkiyənin də bizdən sonra latın qrafikasına keçməsinin rolu vardı – SSRİ-nin siyasi rəhbərliyi Azərbaycanla Türkiyənin eyni əlifbada olmasını istəmirdi...

***

 Özəlçilik- yəni millətçilik düşüncəsi Qərbi Avropada burjuaziyanın xristian kilisəsini hakimiyyətdən uzaqlaşdırmasından sonra doğal görsəniş kimi meydana gəlmiş, avropalılar bu cərəyan və dünyəvi prinsiplər əsasında idarə olunan özəl, yəni milli dövlətlər qurmuşlar. Qərbi Avropanın, ABŞ-ın 234 il qabaq qurmağa başladığı  özəl, milli dövlətçiliyə dayalı idarəçilikdə uğurları ən yaxşı kimi göz qabağındadır. Bütün cəhdlərə baxmayaraq, Şərqin müsəlman xalqları düşüncələrini xərçəng xəstəliyi kimi sarmış, Ərəbin İslam dini zəncirindən qurtula bilməmiş, sağlam toplumu, dövləti bu günədək qura bilməmişlər. Müsəlman Şərqində din cəhalətindən arındırılmış özəlçi, millətçi dövlət və toplum yoxdur. Geriliyimizin əsas səbəbi də budur.

***

 Vaxtilə özəlçi, yəni millətçi dövlətlər kimi formalaşmış bugünkü Avropa dövlətləri 200 ildən artıqdır (qalıcı bir kültürün, sivilizasiyanın oluşması üçün azı 200 il fasiləsiz eyni idarəçilik yönətimi, vaxt gərəkdir), möhkəm, sağlam  rəqabətli, elmi  əsaslar üzərində qurulduğundan, yəni liberal demokratiya adlı bir özəl idarəçilik mədəniyyəti yaratdıqlarından, bu gün onların müəyyən az qisminin çeşidli, fərqli yaşam tərzinə  - deyək ki, ifrat liberallığa, kosmopolitizmə və s. caydırıcılığa meyl etməsi, yol verməsi onların özəl, yəni milli birliyi üçün dağıdıcı faktor, qüvvə  sayılmır və sayıla da bilməz. Çünki Qərbi Avopanın özəl, milli birlik əsasları çoxdan oturaqlaşıb, yəni ailədən, toplumadək - düşüncə ürətən genlərinə çevrilib. Onlar kimi biz də bu elmi, doğal yolu keçməliyik, yalnız o zaman toplumda yaranacaq,  dayaz olduğu qədər  keçici, ötəri görsənişlərdən,  təhlükələrdən sığortalana bilərik.

 Danışığında dilimizi yad sözlərdən arındıran, türk sözlərindən istifadə etməyə çalışan FB-də tanıdıqlarım: Yadigar Türkel (ölmüş), xüsusilə Xaliq Bahadır, Nəsib Nəsibli, Abil Ulusoy, Soylu, Düzgün və İşıqlı Atalılar, bir də özüm... Özəlçi, yəni millətçi tarixçilərimizdən umacağım budur ki, Azərbaycanın, Orta Asiyanın, bir sözlə, türklər yaşayan yerlərin pers, ərəb və rus orduları tərəfindən işğalı dövrləri unutmasınlar. Eləcə də assimilyasiya sürəci, bunlara qarşı müqavimət, Birinci Respublika - Azərbaycan Xalq Cumhuriyyəti dövrü və bu zaman ikinci rus işğalına gərəkən müqavimət göstərilməməsinin səbəbləri, İkinci Respublika – Azərbaycan Sovet Sosialist Respublikası dövrü, Üçüncü Respublika - Azərbaycan Xalq Cəbhəsi və Dördüncü  Respublika – çağdaş Azərbaycan Respublikası  dövrləri hərtərəfli və düzgün araşdırılsın.  Deyilənə görə, nə üçünsə Azərbaycan müdafiə nazirinin müavini, artillerya generalı, xəstə müdafiə naziri Səmədbəy Mehmandarovu əvəz edən Əliağa Şıxlinski 1920-ci ilin aprel ayının 19-da quzey sərhədimiz Yalamaya, bizi işğal etməyə gələn XI Qırmızı Ordunun qabağını almaq üçün gəlməli olan, artıq Yevlaxda qatara oturmuş əsgərlərimizi geri Qarabağa qışlağa qaytarılmasına hansı zərurətdən əmr vermişdir, niyə? Əgər rus Sovet işğalından dərhal sonra, başda Gəncə üsyanı olmaqla, fasilələrlə İkinci Dünya Müharibəsinədək ölkədə 52 üsyan olmuşsa, onda nə üçün  Azərbaycan Xalq Cumhuriyyətinin rəsmiləri xalqın  bu dirəniş potensialını görməmişdir? Görmüşsə,  niyə vaxtında xalqın gücünü gərəyincə təşkil edib, dövlət gücünə çevirməklə işğalçılara qarşı vuruşmamış, ruslar üçün yalnız  kağız parçası olan bir protokolla dövləti təhvil vermişlər? Axı, millət  onları ölkəni aqressorlara təhvil vermək üçün hakimiyyətə gətirməmişdi, əksinə, düzgün qərar verməkçün, savunmaqçün, xoşbəxt yaşamı təmin etməsi üçün gətirmişdi? Mən əminəm ki, o vaxt  bu müzakirələr olub, olubsa, kimlər hansı fikrin tərəfində olublar. Bunların hamısı ortaya çıxarılmalı, qiymətləndirilməli, tarixi olaylardan ibrət dərsi alınmalıdır... Kimlər düşünürsə bu araşdırmalar bizim birliyimizi parçalaya bilər, cümhuriyyət böyüklərimizin üstünə kölgə sala bilər, səhv edir, əksinə, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı, yağ üstə çıxır, ayran, ayranlıq olur. ” (M.Ə Sabir).

Klassiklərimizi oxuyub bilmək azdır, onların ağıllı, məntiqli dediklərini işə çevirmək lazımdır, yoxsa bu qiymətli fikirlərin nə faydası? Cümhuriyyət böyüklərimiz bütün əyər-əskiklərinə bxmayaraq, bizə böyük, taleyimizi, hətta bu gün də  bəlirləyəcək çox qiymətli irs, bizi daim başıuca edəcək şətrəfli tarix qoyublar, məlumdur ki, gücləri buna çatıb.

 Burada istər-istəməz 1993-ün biabırçı hakimiyyət təhvil-təslimi yada düşür ki, bu da ayrıca incələnməlidir, DTK  (NKVD-KQB) arxivləri açılmalıdır, millət kimin, kim olmasını bilməlidir, yoxsa məlum bəzi antimilli qüvvələr 2017-də «Tərtər qırğını» kimi kütləvi dövləti cinayət törətmişləri, xəyanətkarları bizə milli qəhrəman, bahadır kimi, fədakarlarımızı isə cinayətkar, xain kimi sırımağa davam edəcəklər. Bu isə istənilən vaxt partladıla bilən mina üstündə oturmaqdan başqa bir şey deyil. Əgər bunlar vaxtında  edilməzsə, gələcəkdə bundan da biabırçı “təhvil, təslimlərin” olacağı istisna olunmur, çünki içimizdəki 5-ci kolonlar yerindədir... 

***

 Ərəbin İslam düşüncəsinin işğalından qurtulma sürəcinə, dinamikasına baxdıqda açıq görünür ki, müsəlman dinli xalqlar arasında ən sağlam düşüncəli yolda BİZİK. Bu gün bizim genefondda adlarını çəkmək istəmədiyim çox qiymətli aydınlarımız, ziyalılarımız var, lakin onların çatışmayan və ağıl səviyyələrinə əsla yaraşmayan bir çatışmazlığı var ki, bu da – hər cür dinlərə, təriqətlərə, uydurmalara, əsasən də Ərəbin İslam cəhalətinə, geriliyinə axmaqcasına inanıb mollalıq etməkdir, özlərindən çox əskik olan cənnət alverçilərinin, dələduzların, cahillərin quyruğunda sürünməkdir.

Məmmədxan Əzizxanlı,

Hüquqşünas