Bu gün Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun doğum günüdür. Rəssamın 80 illik yubileyi Muzey Mərkəzində keçirilib.

Onun bu xoş günündə bir çox tanınmışlar iştirak ediblər. Onların sırasında MCP sədri, Milli Məclisin deputatı Razi Nurullayev də olub.

TEZADLAR.AZ xəbər verir ki, tədbir barədə deputat sosial şəbəkə hesabında da paylaşım edib:

“Xalq rəssamı Arif Hüseynov ölkəmizin fəxridir. 80 illik yubileyi Muzey Mərkəzində keçirildi. Maşallah, göz dəyməsin, 80 yaşında cavan oğlandır. Ona uzun ömür və cansağlığı arzulayıram”, - deyə deputat diləklərini bölüşüb.

Qeyd edək ki, Arif Hüseynov 1943-cü il oktyabrın 30-da Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Onun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.

Onun fərdi sərgiləri Moskvada, Tokioda, Berlində... təşkil olunub.

Arif Hüseynov 1992 -ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı adına, 1995 –ci ildə Sənət uğurlarına görə "Humay" mükafatına, 2006-cı ildə Azərbaycan Respublikasının xalq rəssamı adına layiq görülmüş, 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü ilə mükafatlandırılmışdır.

 

JASMİN