...Hələ 1989-cu ildə “Mən belə dünyanın nəyindən küsüm?” - deyən böyük ustad, Xalq şairi Məmməd Arazın oktyabrın 14-də 90 illik yubileyi tamam oldu. Nə Mədəniyyət və Təhsil Nazirliklərinin, nə Azərbaycan Yazıçılar Birliyinin, nə də Prezident Administrasiyasının aidiyyəti şöbəsinin aidiyyəti tapşırığı və fəaliyyəti görünmədi, hiss olunmadı... Mən hələ onu demirəm ki, ustadın yubileyindən bir gün sonra həm də dünya şöhrətli alim Xudu Məmmədovun xatirə günü oldu. Xudu Məmmədovun da xatirəsi susqunluqla başa vuruldu. TV-lərimizin başı əttökən şoulara qarışdı, ziyalılarımız isə...

...Məmməd Araz xalqın başqa sahədə Fəxri adlısı olsaydı, görəsən, yenə də belə laqeydlik olacaqdımı? Halbuki ən azı bitməkdə olan ötən  həftəmiz şairin adına və yaradıcılığına layiq təntənəli tədbirlərlə zəngin olmalı idi. TV- lərin ekranı özünü şair və ya artist, müğənni adlandıranların ad günü və ya yubileyləri, yaradıcılıq tədbirləri ilə aşıb- daşdı... Bu boyda şairə tamaşaçı üzünə həsrət teatr və saraylarımızda yubiley tədbiri keçirilməsinə yer, TV ekranlarında isə vaxt tapılmadı... Şairin təbirincə desəm, mən belə AYB-nin nəyindən küsüm?!

***

Şair, eşidirsizmi? Bilirəm, eşidib-duyursunuz... Nə deyim, yəqinki incimirsiniz ən azı Azərbaycan Yazıçılar Birliyindən, adınızdan qürur duyan, indi sizi unudanlardan... Axı hələ 34 il qabaq -1989-cu ildə “Mən belə belə dünyanın nəyindən küsüm?” yazmışdınız... Dünyanı qoyaq bir kənara, bu soyuq adamlardan niyə də küsəsiniz?! Bu hələ harasıdır, o qədər küsməli adamlar var ki... Allah Sizə rəhmət eləsin, ey ürəyi Azərbaycan boyda olan Məmməd Araz! Axı, həm də yaxşı bilirsiniz ki: “Dünya sənin, dünya mənim, dünya heç kimin”dir! Heç o inciməlilərin də...

Mən belə dünyanın nəyindən küsüm?!

Söz verdim, söz adlı dəfinə verə,

Tək bircə ölümsüz qərinə verə.

Umdum nə verdi ki, küsdüm nə verə?

Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,

Toyların, yasların özülü dünya...

Əlim ətəyindən üzülü dünya...

Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,

Saç yolub-hay salar,

Haydan utanmaz,

Günəşdən utanmaz, Aydan utanmaz,

Mən belə dünyanın nəyindən küsüm?

Çaydı dəhnəsində xırsız əjdaha,

Gecəsi salamat çıxmaz sabaha.

İti bazarında atından baha,

Mən belə dünyanın nəyindən küsüm?

Dağ olsan, istəsə qolunda saxlar,

Büküb bir hörümçək torunda saxlar,

Yüz illik odunu qorunda saxlar,

Mən belə dünyanın nəyindən küsüm?

Bir gözü işıqdı,

Bir gözü buzdu,

Məkrli qadındı, gülçöhrə qızdı,

Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...

Mən belə dünyanın nəyindən küsüm?

Ayağı altına yastıq qoyanlar,

Başının altına qumbara qoydu!

Nadanlar dünyanı qumara qoydu!

Mən belə dünyanın nəyindən küsüm?

Olsan öz haqqının köləsi belə,

Əri öz içində, öləzi belə,

Ondan inciyənin beləsi belə...

Mən belə dünyanın nəyindən küsüm?

1989

Asif Mərzili