...Qapı döyüldü. Qətibə səksəkəli yuxudan oyandı. Dərhal qalxıb, yerinin içində oturdu. Bir qədər qapını dinşədi.

Səssəmir  gəlmirdi. Pəncərənin önündəki nar ağacının budaqları küləyin ahəngi ilə aram-aram pəncərəyə dəyib qayıdırdı. Yəqin pəncərəni döyəcləyən ağacın budaqlarının səsini qapı tıqqıltısı hesab edib, deyə, o düşündü. Bayırda yağış yağırdı, külək  əsirdi. İtlər aramsız hürüşürdü. İtlərin səsindən vahimələnən pişiklər də miyoldaşırdı. Qətibə yorğanı başına çəkib, yuxuya getməyə çalışdı. Amma yox, yenicə gözlərini yummuşdur ki, qapı yenə döyüldü.

 – Tıq- tıq, az fasilə ilə yenə, tıq-tıq, tıq-tıq. Bu onun oğlunun qapı döyməyi idi. Adındakı hərflərin sayı qədər qapını tıqqıldadardı.

– Gəldim, gəldim, ay anan qurban! Şahmal, sənsən, başına dönüm?!

Anasının səsini eşidəndə, Şahmal zarafatla, cavab olaraq, adını hecalara ayırıb, bərkdən iki dəfə qapını tıqqıldadardı. Anası qapını açanda onun zərif vücuduna sarılıb, arıqlıqdan sümüyü çıxmış qupquru taxta sinəsini bağrına basaraq, polad kimi möhkəm qolları arasında sıxar balaca uşaq kimi, ayaqları yerdən üzülənə qədər, boyuqədər qaldırıb hər iki yanağından öpüb:

– Bəs kim olacaq, ay ana, yoxsa məndən başqa da oğlun var, həə?! – deyərək əlini boynuna salıb, evə qədər saçından öpə-öpə zarafatyana sözlərlə anasının ruhunu oxşayardı.

Bu dəfə qapını döyən Şahmal deyildi. Adındakı hərflərin sayı qədər qapını döyməyi də, adını hecalara ayıran iki tıqqıltı səsi gəlmirdi. Şahmal hərbiçi idi. 44 günlük Vətən müharbəsinə gedəndə də, anasına xəbər vermədən getmişdi. Onda da Qətibənin gözünə yuxu getməmiş qapı tıqqıltısını eşidirdi.

Qətibə qorxdu. Yerindən dik atıldı. Qara-qara fikirlər beynini yedi. Yoxsa, kimsə oğlundan xəbər gətirib? Həmişə pallı-paltarlı yatan Qətibə, ilan vurmuş kimi yerindən sıçrayıb, şəpitlərini ayağına keçirib, dabanı yerə dəyə-dəyə qapıya tərəf qaçdı. Qapı da elə arxasının keçirilənini  çıxaran kimi, cırıltısı dörd öylü qonşunu yuxudan oyadaraq öz-özünə açıldı. Daha aralayıb arasından baxmağa macal vermədi.

Qətibə bir az aralı olan qapının astanasında ayağını qoyub sağa-sola boylandı, heç kəs yox idi. Yad adamın qapı döyməməsinə sevindi, bəd xəbər gətirməmişdilər. Şahmalın gəlməməsinə kədərləndi. Yenidən cırıldamaması üçün qapını dabanının var gücü ilə qaldıraraq örtdü. Çətinliklə arxasının dəmirini keçirdib qonşusu Əjdər kişiyə dua edə-edə evə qayıtdı.

Əjdər kişi tövləsinin qapısını təzələyəndə, köhnə dəmir qapısını çıxarıb Şahmala vermişdi ki, o olmayanda anası evdə tək qalır. Bundan əvvəlki, taxta qapıları da Əjdər kişigilin tövləsinin qapısı idi. Onun da taxtası gündən quruyub aralansa da, Şahmal onu söküb, yenidən sıxlaşdırmışdı. Əlif yağı ilə yağlamışdır ki, çürüməsin. Bu yaxşılıqları Qətibə unutmurdu. Şahmal müharibədə olanda da Əjdər kişinin uşaqları üç mərtəbəli EVLƏRİNİN, ya pəncərəsindən, ya da eyvanından boylanıb Qətibənin ehtiyacını soruşurdular. Qətibə həmişə eyni cavabı verərdi:

– Sizin sağlığınız bəsdir, ay bala, Şahmala dua edin, sağ-salamat qayıtsın, məni tək qoymasın.

Əjdər kişinin üç oğlu var idi. Bir-birindən 1 yaş, 2 yaş fərq ilə doğulmuşdular. Amma nə olsun?.. Yüyürüb qaçan, futbol oynayan, ştanq qaldıran, karatedə qara kəmər qazanan uşaqlar universiteti qurtarandan sonra məlum oldu ki, Şahmalla bir sinifdə oxuyan böyük oğlu Dəmir heç demə dəmir kimi deyilmiş, anadan gəlmə ürək qüsuru varmış, ortancıl oğlu Şiraslan da yazıq  heç demə, o qədər də şiraslan deyilmiş, dovşan kimi ayağının altı düz imiş. Üçüncü oğlu Qəhrəman da, çox istəyərdim ki, qəhrəmanlıq etsin, amma səkkizinci sinifdə oxuyanda öz yaşıdlarının arasında atıçılıq üzrə respublikada birinci yeri tutsa da 18 yaşına çatanda məlum olub ki, o 5 metr məsafədən uzağı görə bilmir. Ancaq şükür indi tibb o qədər inkişaf edib ki, ölünü dirildirlər. Dəmirin ürəyi saat kimi işləyir, prokurordur. Buz baltası kimi də iki oğlu var. O gün Zəfərdən, Qələbəmizdən danışırdı. Çox şad-xürrəm,  fəxrlə deyirdi ki, VƏTƏN üçün iki əsgər böyüdürəm...

Şiraslan da, atası həyətdəki tövləni sökəndən sonra, ağlına belə bir ideya gəldi ki, malqara  həyətə sığmadığı üçün, elə bölgələrin birində ferma yaratsa yaxşıdır. İşsiz sakinlərə, ali təhsil alıb iş tapmayan gəncləri də işlədib, çörək verər. Yüngülvari süd məhsulları sexi də açdı. Allaha min şükür ayaqlarının altı da normaldır. Fermaya, dağa-dərəyə baş çəkməyə özü gedir.

Qəhrəman da, təhsilini xaricdə aldı. Elə indi də xaricdə işləyir, orada bir iş adamının qızını alıb. O da Vətən üçün bir oğul böyüdür. Allaha min dəfə şükür, sağlamlıq arayışını tələb edəndə, yoxlanılıb hər yeri sağsappa çıxıb. Keyfləri kökdür.

qarabaq

Bunların hamısı bir qapının cırıltısına görə Qətibənin yadına düşdü. Qətibə yaxşılıq itirən deyil. Sevinirdi ki, nə yaxşı belə qonşusu var. Əjdər kişi Şahmalın atası ilə bir  sinifdə oxumuşdu. Onlar da üç qardaş idilər. Birinci Qarabağ müharibəsi dövrü Əjdərin atası kənd təsərrüfatı kooperativinin sədri idi, oğlanlarının üçünü də Rusiyaya oxumağa göndərdi. Uşaqlar orada təhsil aldı. Elə yenicə işləməyə başlayırdılar ki, Rusiya Allah deyəndən demədi, çeçenlərlə müharibəyə başladı.

Bizdə isə artıq atəşkəs haqqında saziş imzalanmışdır. Allaha çox şükür Əjdər qardaşları ilə öz yurdlarına-yuvalarına sağ-salamat qayıtdılar. O vaxtı  Şahmalın atası və  iki əmisi Ağdamda döyüşürdülər. Qətibənin toyu beş ay idi olmuşdu. O biri qayınlarım subay idilər. Qaynanam hər sübh namazında dua edəndə deyirdi: “Ya Rəbbim, üçündən birini salamat gətir...”

Allah ananın səsini eşitdi. Üçündən ikisini salamat gətirdi. Amma onlar Şahmalın atası deyildi. Şahmal atasız – şəhid oğlu kimi dünyaya göz açdı. Şahmal gözünü açandan çarpayının baş tərəfində atasının əlində silah hərbi geyimdə şəklini gördü. Ayağı yer tutar-tutmaz evdə əlinə keçən əşyaları silah kimi sinəsinə sıxır "ta-ta-ta" deyərək ermənilərlə döyüşürdü. Körpəlikdən fikri-zikri hərbiçi olmaq idi. Ona görə də Şahmal 15 yaşında Heydər  Əliyev  adına  Hərbi Liseyə  qəbul  olundu və oranı bitirdi.

Həmin vaxtdan Qətibə təkliyə alışdı. Qətibə  Şahmalın atası şəhid olanda  çox  gənc  idi. 19 yaşı ana olandan iki ay sonra tamam oldu. Özü tibb bacısı idi. Amma uşaq körpə olduğu üçün işləyə bilmirdi. Dolanışığı şəhid ailəsinə verilən müavinətdən, bir də xəstələrə  ara-sıra iynə vurmaqdan idi. Şahmal isə  liseydə təqaüd alırdı. Alan kimi də, evə gəlmək icazəsi olan günlərində gətirib anasına verirdi.

Qətibənin həyatı çətinliklər, yaşayışı ehtiyac  içərisində olsa da, bunu Şahmala hiss etdirməmək üçün əlindən  gələni edirdi. Qətibə hələ nişanlı olanda nişanlısı Cihad bu evin bünövrəsini qoydu. Hər gün qardaşlar  birlikdə iki otaqlı, mətbəxli, xudmani bir ev tikməyə başladılar. Amma bir otağı yenicə  bitirmişdilər ki, ermənilər Azərbaycan torpaqlarına qarşı təcavüzə  başladılar. Cihadın da, qardaşlarının da əli-qolu işdən soyudu. Cihadın atası xəstə olduğu üçün istədilər ki, tələsik toy eləsinlər kişi övlad toyu görsün.  Kişi övlad toyu gördü, amma ölmədi. Onun əvəzinə əzrail Cihadı seçdi. Hətta kişi o  biri iki oğlunun da toylarında qol qaldırıb oynadı.

Qətibə də, Cihadın tikdiyi yarımçıq qalmış yuvasına çəkilib körpəsini böyütməyə başladı. Qətibə bunları xatırlayaraq bir də baxdı ki, evin qapısına çatıb. Qapının önündə ayaqqabılarını çıxartmaq  üçün yan-yana düzülmüş çürümüş  taxtaların üstünə ayağını basanda yenə Əjdər kişiyə dua etdi. Bu taxtalar da onun tövləsinin əvvəlki qapısının taxtaları idi. Dəmir qapı ilə dəyişdirəndə köhnə taxta qapını Şahmala verdilər. O da ordan-burdan dörd-beş dənə kubik daşı tapıb, taxta qapını üstünə qoyub döşəmə kimi düzəltdi ki, anasının ayağını torpaqdan götürsün. Qətibə köhnə damalı paltosunu söküb, bir-birinə calaq etdi, palaz əvəzi taxtanın üstünə saldı. Ana, bala  sanki qapının önünə bir bahalı xalça salınıbmış kimi baxıb sevinirdilər.

O günü də Qətibə gözünün önünə gətirib, xəfif təbəssümlə otağa girdi. Keçib çarpayısında oturdu. Saata baxdı, gecə yarıdan keçmişdi. Təqvimdə tarix dəyişmişdir. 20 sentyabr 2023. Yerinə uzanmaq istəyəndə, paltarının yağışdan islandığını görüb durdu. Ayağa  qalxmağa sanki gücü qalmamışdı. Ətrafına baxdı. Hər gecə sarılıb yatdığı Şahmalın ona indi dar gələn hərbi geyiminə büründü. Yavaşca uzanıb, yerində qıvrıxdı, gözlərini yumdu. Yenicə yuxuya getmişdir ki, qapı yenidən döyüldü. Bu dəfə gözlərini açmadan, səsin harada  gəldiyinə qulaq kəsildi. Döyünən  ürəyi idi. Qulağına gələn də ürəyinin səsi idi. Həyəcan dolu çağrışlarla Şahmalı səsləyirdi.

Xoruzlar banladı. Əslində, gəncliyindən vərdiş olaraq, Qətibə xoruzların ilk banında ayaqda olardı. Yuxudan oyanan kimi ilk işi çarpayını sahmana salıb, dəstamaz almağa getmək olardı. Bu səhər isə ilk dəfə idi ki, xoruz banını, azan səsini eşitsə də, Qətibə gözünü açmaq bilmirdi. Daha doğrusu gördüyü yuxudan ayılmaq istəmirdi.

Röyasında Xankəndidə  idi. Hər tərəf saysız-hesabsız böyük üçrəngli bayraqlarımızla bəzədilmişdi. Şanlı ordumuz deyir-gülür, rəqs edir, gerbimiz hansısa böyük bir binanın başında  günəşin şüaları altında bərq vururdu. Şahmal sinəsi şaqqalanqatar orden, medal, döş nişanları ilə dolu, əllərini yanlara açaraq, binanın başında vüqarla dayanıb ZƏFƏRİN MÜBARƏK OLSUN, VƏTƏN! RUHUNUZ ŞAD OLSUN, ŞƏHİDLƏRİMİZ. QANINIZ YERDƏ QALMADI. BİZ QAYITMIŞIQ! QARABAĞ AZƏRBAYCANDIR!

Birdən Şahmalın gözləri mənə sataşır, yanlara açılmış qolları qoşa qanadlara çevrilir, qanad çalaraq pərvazlanıb anasına tərəf uçur. Qətibə yuxunun bu yerində qulaqları batıran  bir ciknə çəkərək: “Şahmaaaall, anan ölsün, balaaa!” – deyərək bağırır və birdə görür ki, Şahmalın qolları arasındadır. Oğlu onu qucaqlayıb, sevinc göz yaşları ilə anasının boynunu, boğazını isladaraq: “Ana, mən deyirdim axı, atamın qanını, eyni zamanda bütün şəhidlərimizin qanını yerdə qoymarıq. İndi biz QALİB RESPUBLİKANIN, QALİB PREZİDENTİN, ZƏFƏR ÇALMIŞ, QƏLƏBƏ QAZANMIŞ ORDUNUN QALİB ƏSGƏRLƏRİYİK!!!”

Qətibə ağrıdan, həm də öz səsinə yarıyuxuda olan gözlərini açdı. Dizlərini Şahmal bilib sinəsinə sıxaraq, iki əlli necə qucaqlamışdısa, qolları keyimişdi. O, yerindən ilan çalmış kimi dərhal qalxdı... Tələmtələsik, harasa gecikirmiş kimi çarpayını sahmana saldı, qaçaraq dəstamazını alıb, namazını qılmağa başladı və aşkarca Allahla söhbət edərək, ondan öz diləyini acizanə rica edərək istədi: “Ya Rəbbim, hər gün beş dəfə hüzuruna gəlirəm. Səndən başqa üz tutan yerim yoxdur. Sən diləkləri verən, günahları bağışlayan Allahsan!  Qaynanamın üç oğlu var idi. Sənə yalvarırdı ki, üçündən birini salamat ona qaytarasan. Sən də öz böyüklüyünü göstərib üçündən ikisini sağ-salamat qaytardın. Sənə agahdır ki, mənim bir madarım var. Ondan və səndən başqa da bir güman yerim, ümid ocağım yoxdur. Yalvarıram sənə, balamı mənə əlsiz də, ayaqsız da, gözsüz də olsa,  ağlı üstündə sağ  nəfəsi ilə qaytar... Məni tək saxlama! Təklik sənə məxsusdur. Sənin onsuz da işin çoxdur, mən də bir yük olmayım sənə, göydə köməyim sən, yerdə balamı mənə həmdəm göndər. Gördüyüm yuxunu çin elə. Qarabağın  azadlığını bizə görməyi nəsib elə, otuz ilin sınağına özün son qoy!” – deyib Qətibə öz dualarına hönkür-hönkür ağlayaraq göyə açmış əllərini  aşağı salıb, başını iki əlinin arasında möhürə qoydu və xeyli nəsə pıçıltı ilə yalvarışlarını, diləklərini davam etdirdi. Qətibə başını möhürdən qaldıranda göz yaşlarından qoşalaşmış üzün qara kipriklərinin arasında hələ də göz yaşları ilə dolu olan gözləri qançanağına dönmüşdü, alnında möhürün dərin izi qalmışdı, dan yeri artıq ağarmışdı.

Qətibə heçnə eşidə bilmirdi. Qulağındakı uğultu, beynindəki qorxulu fikirlər, az qala qabırqalarına dəyib qayıdan ürəyinin döyüntüsü ayıq düşünməyə imkan vermirdi. Televizorun ekranına şəhidlərin fotoları gəldi. Qətibə qeyri-ixtiyarı televizoru hər iki əli ilə qarmalayıb, az qala içinə girəcəkmiş kimi, şəkillərə diqqət etdi. Ekranda səkkiz nəfərin fotosu göstərilirdi.

“Bəs 68 nəfər deyirdilər axı... Bu qədər şəhid varsa yəqin yaralılar da var... Kaş balam yaralıların arasında olsun... Allahım, qıyma balama! Sən zalım Allah deyilsən, məni beçiz, kimsəsiz, yiyəsiz qoymazsan. Axı həmişə səsimi eşitmisən... Aprel döyüşlərində balam yaralandıqda da, bir aydan sonra, sağsappa  xidmətinə davam etdi. 44 günlük müharibədə qolu boynundan asılı gəlsə də, yenə ZƏFƏR bayramında silahdaşları ilə çiyin-çiyinə hərbi paradda  iştirak etdi, xidmətinə qayıtdı. Ya Rəbbim, mən səndən yerdən göyə qədər razıyam! Atalar üçdən deyib – bu dəfə də, balamı zavaldan qoru!” – deyib, Qətibə dizi üstə yerə çökdü... Əlini telefon qarışıq göyə qaldırıb yenə dua etmək istəyirdi ki, telefonu zəng çaldı. Qətibə qorxa-qorxa ekrana baxdı böyük həriflərlə yazılmış "OĞLUM" sözü ekranda göründü. Qətibə elektrik çarpmış kimi yerindən dik sıçradı. Çaşdığından telefonun cavab vermək düyməsini basmamış  xırıltılı səslə: “Oğlum, oğlum, oğlum” – dəyə səslədi, amma telefonun davamlı zəng çaldığını görüb, düyməni basdı.

Şahmal gur səslə: “Anaaa, biz Qələbə çaldıq!  Qələbəni  tam qazandıq! BÜTÖV QARABAĞ AZƏRBAYCANDIR!!! Qarabağ  bizimdir! Bizim sevincimiz indi sərhədsizdir. Biz dünyada görünməyən bir ilki yaşatdıq: düşmənlərimizdən olan mülki əhaliyə, qadınlara, körpələrə, uşaqlara, qocalara heç bir zərər və işgəncə vermədən 23 saat 43 dəqiqəyə üçrəngli bayrağımızı Xankəndidə sancdıq. Bu Qələbənin böyüklüyü və sevinci hədsizdir. Ana, Qarabağımız sən dediyin kimi gözəldir. Ağdərə, Əsgəran, Xocalı, Xocavənd, Xankəndi cənnət bağına bənzəyir. Payız meyvələrindən nar, xurma, üzüm günəşin altında bərq vurur. “Qarabağ cənnətdir” deyənlər həqiqəti deyirmişlər. Ana səni öpürəm. Qələbə sevincini sən də yaşa, tezliklə görüşərik”.

Qətibənin dili tutulmuşdu, anlaya bilmirdi ki, yuxudadır, yoxsa aşkarda... Gördüyü yuxu eyni ilə təkrar olunurdu...

Şahmalın ətrafındakı silahdaşlarının da səsi eşidilirdi. Kimlərsə ailəsi ilə danışırdı.

Kimlərsə:

– Siz də dadın bu acının dadını 32 il əvvəl biz də yurdsuz-yuvasız qaldıq, heçnəsiz düzlərə töküldük.

Bir başqasının əsəbi səsi gəlirdi:

– Bax, bax, bax zibil qablarını da maşına yığırlar...

Bu qarışıq səsləri Qətibə eşidəndə hər şeyin həqiqət olduğuna inandı. Özünü bir təhər toplayıb, dili tutar-tutmaz: “Çox şükür, bala!" – dedi.

Azərbaycanda gec də olsa, 32 ildən sonra ədalət bərqərar oldu. Tam Qələbə ilə ordumuz  ZƏFƏR çaldı.

İki gündən sonra cənab Prezident  Xankəndidə  əsgərlərlə görüşüb, Qələbə münasibətilə  ordumuzu  təbrik etdi. Efirdə Xankəndidən canlı yayım gedirdi. Cənab Prezidentin qarşısında dayanıb məruzə edən əsgər Şahmal idi. Eyni ilə anası yuxusunda gördüyü kimi. Böyük bir binanın başında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, gerbimiz isə binanın düz ortasında günəşin şüaları altında bərq vururdu.

Şahmalın sinəsində orden, medal, döş nişanları parıldayırdı. Ananın qürurdan sinəsində ürəyi pərvazlanıb uçurdu!..

Qətibə ekrandan gözünü bir an belə yayındırmadan qurumuş dodaqları ilə fasiləsiz “Allaha şükürlər olsun” deyərək və bu cümləni təkrar etdi: “Yuxunun da çin çıxanı olurmuş!!!”

                                                                                            24.10.2023

 NÜŞABƏ MƏMMƏDLI, 

yazıçı-publisist,

Q.R.Derjavin adına Orden laureatı