...Bu barədə dəfələrlədir yazmaq istəyirdim, amma və lakin...
Amma indi yazmalı oldum... Demək, bu yaxınlarda bir tədbirdə idim. Yanımda əyləşən şəxsi tanımırdım, amma tərzindən maraqlı adama oxşayırdı. Birdən ayağa durdu, məni də dürtmələdi ki, yəni, sən də tez ayağa dur... Qeyri- ixtiyari ayağa durdum... Bu zaman qarşımızdan bir müğənni keçdi, yanımdakı şəxs ona təzim etdi, əl uzatdı. Əl uzadılan Xalq artisti Filankəs Bəhmənkəsov idi. O, ona təzimlə əl uzadan şəxsə, necə deyərlər, xalaxətrin qalmasın, sönük, candərdi və saymazyana əl uzatdı və keçib getdi... Bir sıra adamlar vardı ki, onlar da həmin Xalq artistinə oxşar münasibət sərgilədilər.
Uzun sözün qısası, yanımda əyləşən şəxs təəccüblə mənə baxdı və belə bir dialoqumuz alındı:
- Sən onu tanımadın?
Özümü bilməzliyə vurdum:
- Yox... Kim idi?
- Siz nə danışırsız?! Onu tanımamaq olar...
- Axı o kim idi?
- Vayyy... Sən onu niyə tanımırsan axı?!
BİR DƏ QƏSDƏN SORUŞDUM:
- Qadan alım, deyin bilim də, kim idi o?
- O, Xalq artistidir... "Şöhrət" ordenli Filankəsdir də...
Arxasını deməyə qoymadım:
- Nə işə baxır ki?!
-Aaaaaa... Onun elə gözəl səsi var ki...
- Qardaş, mənim də gözəl qələmim var, nə olsun ki?!
- O, elə gözəl oxuyur ki...
- Mən də gözəl yazıram...
- Yox ey... Siz bilmirsiniz, o, öz super mahnıları ilə musiqimizi təbliğ edir...
- Mən də super yazılarımla jurnalistikanı təbliğ edirəm...
- O, öz gözəl səsi ilə Azərbaycanı təbliğ edir, göylərə qaldırır...
- Harda?
- Televizorda... Toyda, Şadlıq saraylarında...
- Qardaş, mən isə öz gözəl yazılarımla Azərbaycanı xaricdə təbliğ edirəm və...
Həmsöhbətim diqqətlə üzümə baxdı:
-Siz də Xalq...
Baxdım ki, zayıllıyacaq, özüm cavabladım:
- Yox, mən heç kiməm, sadəcə, jurnalistəm... O dediklərin özləri üçün oxuyur, toylarda pul qazanıb dövlətdən orden- medal, Fəxri ad, Prezident təqaüdü, mənzil və s. əldə edirlər... Mən isə Azərbaycan üçün yazıram və dövlətdən heç nə istəmirəm... Sadəcə, fərqimiz bundadır... Bir də fərqimiz ondadır ki, mən mənə sənin kimi salam verənə o Xalq artisti kimi sönük salam vermirəm... Siz onlara tez- tez salam verin...
Asif MƏRZİLİ