Yaxşı deyiblər ki, Allahın tərifli yaradılmışlarına tərif lazım deyil, tərifli olmaq da hamıya qismət deyil. Ancaq mən özlüyündə hər bir yaradıcı insanın işini tərifəlayiq bilirəm. Və bir halda ki, hər bir insanın dəyəri onun işi və əməlləri ilə ölçülürsə, o sıradan1965-ci ildən 1-ci sinfə getdiyim, on il bir sinifdə oxuduğum şair-publisist, AYB-nin üzvü, 15 kitab müəllifi Yusif Millətoğlunun da işini tərifəlayiq bilirəm.

Son günlər Yusif Millətoğlunun ünvanına yüzlərcə təbrikin gəldiyinin şahidiyəm. Axı onun son günlərdə iki kitabı da işıq üzü görüb. Kitablarından biri “Xudu Məmmədov adına Mərzili kənd orta məktəbi - adı ilə qürur duyduğumuz müqəddəs təhsil ocağı”, digəri isə “İşıqlı xatirələrdə yaşayanlar” adlanır.  Onu da qeyd edim ki, adını birinci çəkdiyim kitabın müəlliflərindən biri də pedaqoji ictimaiyyətin yaxşı tanıdığı, kimya elmləri üzrə fəlsəfə doktoru Hüseynalı Hüseynovdur.

Onu da qeyd edim ki, köçkünlüyümüzdən, doğma məktəbimizdən ayrı düşməyimizdən 30 il sonra (26.06.2022) Mərzili müəllimlərinin baş tutan görüş-tədbirində bu kitabların yazılması təklifini mən irəli sürdüm. Odur ki, bu gün bu kitabları olduqca qürur hissi ilə əlimə alıram. O da qürurvericidir ki, bu il Mərzili kənd orta məktəbinin yaradılmasının 90 ili tamam olur. 

Bu kitablardan məlum olur ki, 90 ilin 60  ilində şərəfli inkişaf yolu keçən Mərzili kənd orta məktəbində 112 nəfər rayon mərkəzindən və ətraf kəndlərindən, 70 nəfərə yaxın müəllim isə kəndin öz yetirmələri, yazıldığı kimi, taleyimizdə rolu və yeri olan müəllimlər fəaliyyət göstəriblər.

Bu günədək yerli müəllimlərdən 38-i haqq dünyasına qovuşmuşdur. Yəqin ki,  “İşıqlı xatirələrdə yaşayanlar” kitabı məktəbimizin 90 illiyində dünyasını dəyişmiş müəllimlərin ruhlarını şad etmək yolunda müəllifin çox mühüm xidməti sayıla bilər. Kitabın ilk səhifələrindən müəllifin ona dərs demiş, eləcə də digər müəllimləri haqqında necə sevgi ilə qələm aldığını hiss etməmək, görməmək mümkün deyildir.

img-20231120-wa0003

Məlumatı olmayan oxucuya bir məqamda müəllimlərini Yusif Millətoğlu belə təqdim edir: “... Nazyetər müəllimi şagirdlərinə ürəyindəki məhəbbəti zədələnməyən, Bayram müəllim tələbkar, Şura müəllim hummanıst, Mürşüd müəllim həssas, Ələmdar müəllim heç zaman yaxşı müəllim olduğunu sübut etməyə cəhd etməyən, İdris müəllim səbrli,  Şahlar müəllim haqlı olduğunu sübut etməyə ehtiyacı olmayan, Cəlil müəllim haqqsevər, Xanlar müəllim sadə, Qaraş müəllim dərs deməkdən yorulmayan, Qərib müəllim dürüst, Akif müəllim (Məmmədov) özünü nümayiş etdirməyə cəhd etməyən, Talıb müəllim mərdliyini itirməyən, Museyib müəllim təvazökar, Nəsib müəllim gülərüz, Hüseynalı müəllim ideal cəmiyyət arzusunda olan, Firdovsi müəllim riyaziyyat elminin fanatı...”

Eyni zamanda, müəllif dünyasını dəyişmiş müəllimlərin hər birinin həyatına, pedaqoji sahədəki fəaliyyətinə geniş publisistik məqalələr həsr etmiş, foto və sənədlərlə onları deyərdim ki, tarixləşdirmiş və əbədiləşdirmişdir. Axı kitab həqiqətən də ən qiymətli abidədir. Haqqında geniş məqalələr olan müəllimlər sırasında yuxarıda adı çəkilən bir çox müəllimlərdən başqa, Səmərqə Səlimova, Xalıqverdi Rəhimov, İnşallah Novruzov, Tofiq Əhmədov, Eldar Əhmədov, Əli İsmayılov, Xankişi Şıxıyev, Şirin Mehralıyev, Güllü Məmmədova, Vəli Paşayev, Şövkət Əzimova, Şahmurad İsmayılov, Məmməd Qədimov, Həsən Həsənov, Zillət Əhmədov, Rəhim Şirinov, Əkbər Əzimov, Nurəddin Əzizov, Nəbi Mehdiyev, Asif Əhmədov, Gülbəniz Quliyeva, Akif Muradov, Ramiz Hacıyev, Həşim Süleymanov,  Qələndər Xıdırovun və Şiraslan Adıgözəlovun adlarını çəkə bilərik. Allah dünyasını dəyişmiş müəllimlərimizə rəhmət eləsin.

***

Yusif Millətoğlu sayını bilmədiyim qədər şeirlərin, onadək iri həcmli poemaların, hekayələrin və bir romanın müəllifidir. Onun orta məktəb illərindəki ilk uğurlarından  elə o zaman qəzet səhifələrində məqalələr də yazmışam. Yaradıcılığının ilk oxucularından olduğum üçün deyə bilərəm ki, onun camaatımızdan topladığı folklor nümunələrindən, kəndimizin adət-ənənələrindən bəhs edən bir neçə kitabının da nəşr olunacağı günü gözləyirəm.

Ədəbiyyatsevər kimi, mütaliə həvəskarı kimi bədii-publisistik yaradıcılığın nə demək olduğunu yaxşı bilirəm. İstedadı, səbri, həvəsi, marağı olmayan kimsədən nəsə ummağa dəyməz. Və utopik sosialistlərdən Anri Sen-Simonun da, səhv etmirəmsə, belə bir sözü var, deyir ki, bir iş görmək üçün ilham almaq lazımdır. Mən Yusif Millətoğluna bu yöndə illər öncə bir dəfə sual vermişdim. Və ondan  belə bir cavab almışdım: “Bilirsən də, hələ orta məktəb illərindən şeir, hekayə və məqalələr yazardım. 1972-ci ildən “Pioner” jurnalında yazılarım gedərdi. İnstitutda da “Şəlalə” ədəbi dərnəyinin üzvü olmuşam. Eyni adlı qəzetdə şeirlərim çap olunardı, Xankəndi radiosunda çıxış edərdim. Ancaq ardıcıl əlimə qələm almağım 1988-ci ildə Qarabağda  erməni separatizminin baş qaldırdığı günlərdən başladı. Sən o zaman kəndimizdə məsul vəzifələrin icraçılarından idin. Növbələşib postlarda durardıq. Həmin ilin qrovlu noyabr günlərinin birində, gecə mən də “Alaqapı” deyilən ünvanda postda oldum. Bərk soyuqladım o gecə. Sağalmağım bir ayadək çəkdi. O zamandan düşündüm ki, mənim kimisinin posta getməsi Tahir kimisinin, Baxşeyiş kimisinin, Alyoşa və digərlərinin yanında əl-ayağa dolaşmaqdır. Başladım öz borcumu qələmlə ödəməyə. İgidlərimizin hərbi fəaliyyətini işıqlandırmağa. Sonrakı illərdə də şəhidlərimiz, qazilərimiz haqqında. O zamanlar döyüşçülərimizdən ilk şeirlər həsr etdiyim Tahir Əliyev, Baxşeyiş Əliyev, Firdovsi müəllim və qardaşım Rövşən olub... Bir də ki, ilk vaxtlardan dəyərli ziyalılarımızın, müəllimlərimin, o sıradan Yusif Səmədovun, Şahlar Kərimovun, Zabil Bayramovun, Mirələm Vəliyevin, Boran Əzizin nəzərini öz üzərimdə hiss etmişəm. Eləcə də qardaşım Asif Mərzilinin, Valeh Baxşəlinin, Faiq Şirinovun, İmdad Bayramovun münasibətləri mənə ilham verib...”.

Yusif Millətoğlu yaradıcılığının əsas qaynağı vətənsevərlikdir, elə-obaya sevgi və bağlılıqdır. Onun köçkünlük dövründə yazdığı həsrət dolu “Qızılı payızın toylar çağıdı, yenə də düşübdü yadıma kəndim”, “Yuvasızın son arzusu ölümdü, Bu Yusifi torpağına ək, Allah!”, “Yad qapıda xəcalətdən, öz adımı dandım, Ağdam, Həsrətindən yandım, Ağdam”, “Yuvasında quş göründü, başımızda daş göründü...”, “Var imiş dünyanın özgə biçimi, Kədərim özümdən əvvəl doğulub”  kimi misraları olan yüzlərcə nümunələr göstərə bilərəm. Şair dostumun “Məni Mərzilimə yetir, İlahi!” şeiri onun hələ doğma yurda qovuşmadığının çağırışı kimi səslənməkdədir. Şair ümidsiz də deyildi, Zəfər bayramı günündə Xankəndində hərbi paradımız sanki onun illər öncə yazdığı “Gəl demə ki, əyilibdi hər işi, Biz düzəltsək düzələndi bu dünya!” misrasındakı Qarabağın düşməndən azad ediləcəyi arzusunun, ümidinin gerçəkləşdiyinin təsdiqi idi.

Mənə elə gəlir ki, Yusif Millətoğlunun sayca sonuncu kitablarını onun yaradıcılığında yeni uğurlu səhifə adlandırmaq olar.  Bu münasibətilə onun ünvanına gələn təbriklərə bir daha qoşulur və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Fikrət Əliyev,            

qazi, Ağdam RİH başçısının Xındırıstan qəsəbə üzrə məsləhətçi katibi

img-20231120-wa0004

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN