...Almaniyanın Nyu-Umi qəbirstanlığında bir məzarda iki qərib can uyuyur. Bir ananın bətnində olduğu kimi. Elə illər öncəsi bu son mənzillərinin sakinləri Bavariya çöllərindən çox-çox uzaqlarda, Naxçıvanın Şərur bölgəsinin Düdəngə kəndində bir ananın bətnindən göz açmışdılar dünyaya. Qardaşlar iki il fərqlə doğulmuşdu. Böyük qardaş Əbdülrəhman 12 iyun 1908-ci ildə, kiçik qardaş Seyfulla isə 21 sentyabr 1910-cu ildə doğulduqları ailədə heç kəs heç ağlının ucundan da keçirə bilməzdi ki, taleyin gərdişi bu əziz-xələflərin alın yazısını bunca kədər və məşəqqətli sətirlərdən ibarət edəcək.
Əbdülrəhman bəy Fətəlibəyli Düdənginski Tiflis Hərbi Piyada məktəbini bitirdikdən sonra Moskvada ali hərbi akademiyda təhsilini davam etdirir. Peşəkar hərbiçi kimi fəaliyyətə başlamazdan əvvəl o, hələ tələbə ikən Bakıda məzuniyyətdə olanda 1937-ci ildə Leyla xanım Qazıyeva ilə ailə həyatı qurur. Bu izdivacdan 1938-ci ildə bir oğulları olur. Uşağın adını Əli qoyurlar.
Əbdülrəhman bəyin zabit kimi hərbi xidməti leninqraddan başlayır.
 O, 1939-cu ilin noyabr ayından, 1939-cu ilin martına qədər davam edən Sovet-Fin müharibəsində iştirak edir. Mayor Fətəlibəyli döyüşlərdə göstərdiyi şücaətə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunur. 1940- cı ilin sonlarında sovet rejminə nifrət edən Əbdülrəhman bəy ailəsi ilə birgə Almaniyaya mühacirət edə bilir. 1941-ci ilin dekabr ayında almanlar “ildırım sürətli müharibə” planları tam olaraq iflasa uğradığından məcburiyyət qarşısında gələcək əməliyyatlarını korrektə etmək qərarına gəlirlər. Əsir düşmüş sovet əsgər və zabitlərin gücündən də öz mənafeyləri üçün istifadə etməyi məqbul sayırlar. Fətəlibəyli qırmızı imperiyanın onun mənsub olduğu xalqa qarşı ayrı-seçkilik siyasətini yaxşı anlayırdı. Üstəgəl dil problemi və məhz ayrıseçklik siyasətinin sovet ordusunda adi hal olduğundan on minlərlə azərbaycanlının əsir düşərgələrinə düşməsi, onların faktiki ölümün pəncəsində olduğunu dərk edirdi. Eyni zamanda Əbdülrəhman bəyin nəsli şəcərəsi, qohumları Xalq Cümhuriyyəti sevdalısı idi. İlk yeniyetməlik illərində cümhuriyyətin suqutunu ailəsində necə təəssüflə qarşılandığı onda düşüncəsində dərin iz buraxmışdı.
 Belə şəraitdə Məhəmmədəmin Rəsulzadə xüsusi dəvətlə Berlinə gəlir. Onlar təklif olunan milli legonun yaranması məsələsini müzakirə edir. Amma hələ buna qədər Mayor Fətəlibəyli Polşada təşkil olunan Qafqaz xalqlarından ibarət legionun tərkibində almanlar tərəfindən bir neçə döyüşdə iştirak etmişdir. Onun hərbi peşəkarlığı haqqında Hitlerə şəxsən məruzə etmişdilər. Rəsulzadə və Düdənginski nasistlərin konslagerlərdə təxminən 150 min azərbaycanlının əsir saxladığını bilir, ilk növbədə bu günahsız insanların həyatını xilas etməyin vacib olduğunu anlayırdılar. Belə şəraitdə məhz sırf azərbaycanlılardan ibarət legion yaranması və ən əsası isə Azərbaycan istiqlalının tanınması məsələsini kəskin şəkildə qoyan məsləkdaşlara Hitler admistrasiyası qətiyyətlə yox deyir. Rəsulzadəyə təcili 48 saat ərzində Almaniya ərazisini tərk etmək tələbi qoyulur. Bu məqamda bir tarixi faktı xatırlatmaq yerinə düşərdi. Rəsulzadə Hitlərlə şəxsən görüşməmiş, amma Düdənginski iki dəfə fürerin kabinetində məhz Rəsulzadənin təklif etdiyi şərtləri ona bəyan etmişdir. Onların ikinci görüşü dağlılardan ibarət legionun Şimali Qafqazdakı uğurlu əməliyyatları Hitlerin Türküstan xəyallarının reallaşması ümidlərini cücərtdiyindən daha konkret istiqamətdə olmuşdur. Belə ki, Hitler Berlində ümumazərbaycan konqresinin çağrılmasına icazə vermiş, istiqlalın tanınması barədə fikirləşəcəyini bildirmişdir.
1943-cü ilin 6 noyabrında başlayan və 4 gün davam edən qurultayın işində 300 nəfərə yaxın azərbaycanlı iştirak edir. 1944-ci ilin yazından isə Düdənginski Azərbaycan Milli Komitəsinin rəhbəri olur.
Fətəlibəyli siyasətçi idi. O, heç də sadəlövcəsinə nasistlərə inanmırdı. Çox məharətlə öz siyasətini bacarıqlı hərbiçi manerası ilə gizlədib, məqsədinə doğru addımlayırdı.
İlk növbədə 0, onminlərlə azərbaycanlı əsiri ölümdən xilas etməyə müvəffəq olmuş və faşizmin şeytan yuvasında müstəqil Azərbaycan ideyasının qəbul olunmasını gerçəyə çevirmişdir. Dünyaya sahib çıxmağı qarşısına məqsəd qoyan Hitler məhz Fətəlibəylinin israrlı təkidləri qarşısında “Türküstan Kaloniyası” planında dəyişiklik etmişdir.
17 mart 1945-ci ildə reyx naziri Alfred Rozenberq Azərbaycanı müstəqil dövlət kimi tadığı haqqında sənədə imza atmışdır.
Müharibədə qalib gələn müttəfiqlər
ABŞ, BB və SSRİ hələ 1943- cü ilin payızında Tehranda Azərbaycan məsələsi barədə razılığa gəlmişdilər. İkiyə bölünən xalqın müstəqilliyinin nasist Almaniyası tərəfindən tanınması əhəmiyyətsiz oldusa da hərbi əsirlərin böyük bir qisminin həyatını xilas etmək mümkün oldu.
Fətəlibəyli Misirə getməyə nail oldu, amma xanımı və oğlu İtaliyada 1947-ci ilə qədər düşərgə həyatı yaşadı. Sonra onlar Ankaraya gələ bildilər.
Leyla xanım və oğlu Əli ilə yalnız məktubla əlaqə saxlayan Əbdülrəhman bəy yalnız 1950-ci ilin sonunda Türkiyəyə gəlmək üçün icazə aldı. 1951-ci ildə isə ABŞ Münhendə Azadlıq radiosu redaksiyasının Azərbaycan şöbəsinə rəhbərlik üçün Əbo bəyi Almaniyaya dəvət etdi.
Həhayət uzun ayrılıqdan sonra Əbo bəy, leyla xanım və övladları Əli Münhendə bir yerdə yaşamağa başlayırlar. Ailənin digər üzvü Əbo bəyin qardaşı da Münhendə məskunlaşmışdır.
5 mart 1953- ci ildə ilk dəfə Azadlıq radiosunun dalğalarından efirə Azərbaycan dilində Azərbaycan həqiqətləri yayımlanmağa başladı. Əbo bəy Rusiyanın yürütdüyü müstəmləkə siyasətini, Azərbaycan tarixini mükəmməl bildiyindən media vasitəsilə sovet idalogiyasının çürük əsaslarını sarsıdırdı. Onun Ceyhun bəy Hacıbəyli ilə birgə çıxardığı “Azərbaycan” jurnalı və radiodan yayımlanan gerçəkləri Sovet rəhbərliyində ciddi reaksiya doğurdu. Əvvəl onun qardaşını “avtomobil qəzasında” qətlə yetrən sovet DTK-ı Mikayıl İsmayılov adlı soydaşımız vasitəsilə Əbo bəyin fiziki məhvinə nail olur.
Mikayıl İsmayılov Əbo bəyi əvvəldən tanıyırdı. Onu tapan sovet təhlükəsizlik əməkdaşları ənənəvi metoda əl ataraq ailəsi ilə seçim qarşıdında qoyurlar. Hətta Mikayıl İsmayılov Əbo bəyə yaxınlaşıb iş üçün köməklik istəyir. Olmazın yaxşılıqlarını gördüyü üçün qətli törətməyə vicdanı yol vermir. Bu vaxt sovet DTK-ı öz xüsusi agenti vssitəsilə İsmayılovun ailəsinin öldürüləcəyini xatırlatmaqla işi tez yekunlaşdırmaq əmri verilir.
20 noyabr 1954-ci ildə Əbo bəy qətlə yetirlir. Bu cinayətin icracısı çox keçmir ki, Bakıda öz mənzilində ölü vəziyyətdə tapılır.
Dostları və el oğulları Məcid Musazadə və İsmayıl Əkbər Əbo bəyi qardaşının yanında Münhendən 150 km aralıda Nyu-Umi də dəfn edirlər.
Oğlu Əli atasının qətlindən ruhi sarsıntı keçirir. ABŞ vətəndaşlığı olduğundan Leyla xanım və oğlu təqüdlə təmin olunaraq Hüystona köçürlər. Əli bəy psixi pozğunluqdan xəstəxanada dünyasını dəyişir. Səhih olmayan məlumatlara görə Leyla xanım 1973-cü
İldə vəfat edir.
O, Şərurda doğuldu, Bakıda toyu oldu, Peterburqda övladı dünyaya gəldi. Mübarizə apardı, vuruşdu, bütün çətinliklərə dözərək mücadilə etdi. Biliyini, bacarığını Azərbaycana,azərbaycanlılara xidmət üçün sərf etdi. Bütün ömrü boyu mübarizə apardığı rus məkrinin əli ilə həyatına son qoyuldu.
İndi onun qərib məzarını doğma Düdəngisindən uzaqlarda Baltikdən əsən yellər üşüdür. 69 ildir o yellər narahat ruhun nigaranlıq dolu baxışlarını dünya boyunca gəzdirir.
İki qərib məzarsa tapılmır ki, tapılmır...
Pərviz YƏHYALI