...Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şair, folklorşünas, tədqiqatçı alim İslam Sadığın əsərlərinin 4 cildliyinin təqdimatı və 70 illik yubileyi keçirildi. İslam Sadıq Azərbaycan ədəbiyyatına, Azərbaycan ədəbi-elmi fikrinə öz möhtəşəm yaradıcılığı ilə çox zəngin səhifələr qatıb. İndiyədək alimin 30-dan çox bədii-elmi, tədqiqat xarakterli əsərləri və şeir kitabları nəşr olunub.
Sevə-sevə oxuduğumuz bu kitablardan bir çoxunun adını da çəkə bilərik. “Torpaq səxavəti”, “Dəyişmə havanı, könlüm”, “Layla bulağı”, “Susmaq qızıl deyilmiş”, “Ermənilərin I Pyotrla görüşü”, “Ağrı, ürəyim, ağrı”, “Koroğlu kim olub?”, “Qanlı saz”, “Qanlı çay daşı”, “Yelimə uçan buludlar”, “Dumanı daşan dərələr”, “Koroğlunun sazı və sözü”, “Ovcuma yazdığım yazılar”, “Şumerdə izim var”, “Elmdə erməni virusu”, “Bir gözüm Bakıdı, bir gözüm Təbriz”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan Koroğlu eposu”, “Ocağı közündən tanıyıram”, “Dədə Qorqudun dili və poetikası”, “Nizami Gəncəvi türkdürmü?”, “Səməd Vurğunun özü və sözü”, “Nizami Gəncəvi türkdür” və s. kitablarının adlarını sıralamaq kifayətdir ki, İslam Sadığın çoxşaxəli, zəngin, ədəbi yaradıcılığı gözümüz önündə canlansın.
Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə İslam Sadığın işığına toplaşanlar da elə bu zəngin ədəbi irsdən və bu irsi yorulmadan xüsusi bir həvəs, şövqlə nəsillərə təqdim edən alim və şair şəxsiyyətindən danışdılar. Tədbirdə Azərbaycanın görkəmli ziyalıları - ədəbiyyatşünaslar, tənqidçilər, yazıçılar, şairlər, elmin müxtəlif sahələrini təmsil edənlər və media nümayəndələri iştirak edirdi. Çıxış edənlər tanınmış şairi, cəfakeş alimi ürəkdən təbrik etdilər, onun yaradıcılığının elmi-bədii məziyyətlərindən, sənətkarlıq xüsusiyyətlərindən danışdılar, qeyd etdilər ki, İslam Sadıq həm də dövrün ən yaxşı Koroğluşünas alimidir. Onun təbiətində, mənəvi simasında bir Koroğluluq var. Tədbirdə, çıxış edənlər arasında Həzrəti Mövlananın bir sözü də xatırlandı: “Yüz dil bilərsən, hərgah əməlinlə sözün üst-üstə düşmürsə, demək ki heç bir dil bilmirsən”.
İslam Sadıq sözlə sənətin vəhdətini yaradan ziyalılardandır. O üzdən təbli, ilhamlı bir şair kimi bildiyi dillər də sevgidən, həyat sevərlikdən, vətəndaşlıq yanğısından qaynaqlanır. Demək ki, o koroğluluğun, mərdliyin, sevginin, vəfanın, sədaqətin, etibarın, inamın, vətənkeşliyin, yurdkeşliyin ünvanıdır və bu ünvanların dilini də çoz gözəl bilir. Cəmiyyətlə özü arasında yaratdığı bütün ünsiyyət körpülərini də bu dillər vasitəsilə qurub-yaradır.
İslam Sadığın əsərlərinin 4 cildiyinin təqdimatı həm də sazlı-sözlü bir məclis idi. Məclisdə sözün həqiqi mənasında Koroğlu coşğusu, Cəngi ruhu vardı. Təbrizdən gələn aşıqlar da İslam Sadığın Koroğlu ruhunda yazdığı şeirləri sazın və səsin tellərində xüsusi bir coşğu ilə havalandırdılar.
İslam Sadığın 70 yaşının ədəbi-elmi ictimaiyyətə verdiyi hesabat da mənəvi yaddaşda zamanlar içrə Koroğlu havası, Koroğlu ahəngi, Koroğlu ritmiylə oxunacaq. Şimşəklər çaxanda yada düşən Koroğlu qılıncının işığı kimi...
Fariz Çobanoğlu