"Xalqın musiqi zövqünü formalaşdıran televiziyadır. Bəzən müğənnilərdən kimsə deyir ki, filan mahnı oxunmasa, dəvət etmirlər, çörək pulu qazanmaq olmur".

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Danışır musiqi" proqramında qonaq olarkən deyib.

Xalq artisti qeyd edib ki, biz böyüklərimizdən nələr eşidirdik?

"Deyirdilər ki, mənim toyumda Əlibaba Məmmədov, Tələt Qasımov, Hacıbaba Hüseynov oxuyub. İnsanlar öz ev şənliklərinə onları necə dəvət edirdilər? Çünki bu zövqü televiziya formalaşdırırdı. Toyda, şənliklərdə elə insanlar ifa edirdi ki, orada əsl sənət nümayiş olunurdu. Çox az məclis olardı ki, kimsə kənardan gəlsin. O musiqilərlə zövqümüz formalaşdı. Bizim müğənniləri qoyaq qırağa, Cennifer Lopez belə gəlib toylarımızda ifa edib. Ajda Pekkan, Tarkan, Sibel Can və digərləri. Müğənninin yeri səhnədir, toydur. Fərq etməz, səhnədə də, toyda da, konsertdə də tamaşaçılar baxır", - o, diqqətə çatdırıb.

Onun sözlərinə görə, ölkəmizə gələn turistlərin yerli əhali ilə bağlı fikirləri, münasibəti həm də televiziya kanallarına baxaraq da formalaşır. 

 "35 ildir həyat yoldaşımla səhnə həyatım üçün qurbanlar veririk. Elə də davam edir. Əfsuslar olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilir. Azad ölkənin azad insanlarıyıq, demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratika hərc-mərclik, özbaşınalıq, istədiyini danışmaq deyil. Gənclər böyüyür. Onlar ailəsindən tərbiyə görür. Televiziya xalqın güzgüsüdür.

Müxtəlif ölkələrdə olmuşam və birinci gedən kimi ilk işim televiyanı açmaq olur ki, görüm kim kimdir. Bizim televiziyaları açan turist oradan qışqırıq səsləri, bir-birinə təhqir eşidib-görəcək. Qadınlar, kişilər yığışır oraya. Turistlər dilimizi anlamasalar da, onların bir-birilərinə qışqırdıqlarını görürlər. Bunları televiyada yox, instagramda görmüşəm".