Fevralın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ağdamın “Şur” Xalq Çalğı Alətləri İnstrumental Ansamblının 70 illik  yubiley konserti oldu.

Konsertə mən də dəvət almışdım. Çox sevindim, həmyerlilərimizlə, sənət dostlarımla-tanışlarla görüşməyə elə can atırdım ki, hətta konsertə bir saat belə tez gəlmişdim.

 Filarmoniyanın zalı “ağzına kimi” dolmuşdu. Konsertə digər bölgələrdən də muğamsevərlər  gəlmişdilər. Konsert xanəndə Şahmalı Kürdoğlunun iki “Rast” təsnifləri ilə başladı. Sonra rəngarəng çıxışlar bir-birini əvəz edirdi. Lakin mənim xəyallarım çox uzaqlarda dolaşırdı. Keçmişə qayıtmışdım. “Şur” ansamblı yarananda kimlər varıydı burda:- Qədir Rüstəmov, Arif Babayev, Barat Fərhadov, Aydın Məmmədov, Haqverdi Quluyev, Cavanşır Hüseynov, İsa Hüseynov, Nazim Babayev, Sabir Abbasov, Bəylər Balakişiyev, Azay Mirəliyev, Misir Həsənov, Museyib Abdullayev, Məmmədəli Novruzov, Şəhla Poladova, Naibə - Gülnisə Rəcəbova bacıları, Səməndər Məmmədov, Paşa Əsədov, Hafiz Sədrzadə, İsrafil Əsədov, Aydın Niftalıoğlu, Sədi Məmmədov, İlham Sadıqov, Əlisəfa Hüseynov, Araz Məmmədov, Vahid Məmmədov, Elza Qaybaliyeva, Leyla (Mariya) Mirtağı Bayramovlar, Ramiz Bəşirov, Arzu Fərhadov, Tacir Şahmalıoğlu, İlhamir Paşayev, Əlövsət Hüseynov, Baxşeyiş Hüseynov, Hüseyn Hüseynov…

 Xanəndələri müşaiyət edənlər: -Xosrov Fərəcov, Fərhad Paşayev, Abbas Yusifov, Əliqara Quliyev, Vaqif – Fikrət Əbdülqasımov qardaşları, Gündüz Əfəndiyev, Oktay Quliyev, mən (Aydın Mehralıyev), Rafiq Hüseynov (Rəmiş), Rafiq Nəcəfov, Rafiq Rüstəmov, Əsgərxan Əliyev, İlham Babayev, Hamlet Fərəcov, Mamed – Tahir Haqverdiyev qardaşları, Həsənağa Kazımov, Eldar Əliyev, Rəhman Zeynalov, Əhməd Əliyev, Sədrəddin Abdullayev, Elxan Kərimov, Rauf Cəfərov, Rəsul İsmayılov, Zahid Vəliyev, Səyavuş Haqqverdiyev, Həyat İsmayılova, Vaqif Paşayeva, Feyruz Qaraxani, Əkbər Əliyev, Urxan Əhmədov, Mustafa İsmayılov, Faiq Qədimov, Mahir Hacıyev, Yusif Vəliyev, Eldəniz Quliyev, Kamil Qasımov, Yaşar Əliyev, Zahid Əliyev, Nizami Əliyev, Ayaz Mirzəyev, Elçin İsmayılov, Elçin Əliyev, Ramiz Cəfərov, Çingiz Əliyev, Elmir Əliyev, Sabir Əbdülov, Oqtay Quliyev, Çərkəz Quliyev, Mustafa İsmayılov, Sadiq Zeynalova, Salman Qocayev, Sərdar Əliyev, Xanlar Qarayev və daha kimlər-kimlər...

 Mən hamısının adını qeyd etməyi özümə borc bildim. Bu bir tarixdir deyə… Bütün bunlar elə bil dünən olub, hər şey gözümün önündən, beynimdən gəlib keçdi – canlandı, bir anlığa...

sur-1-1

«Şur» ansamblını bir yaradan və bir də öz ifaları ilə təbliğ edənlər var idi. Allahın rəhmət olsun dünyasın dəyişən sənətkarlarımıza, qalanlara can salığı arzulayıram. Ansamblın bədii rəhbəri Xosrov Fərəcov  ansamblı tanıtmaq üçün çox zəhmətlər çəkmişdi, ansamblı ən yüksək səviyyəyə çatdırmışdı... Əlbəttə ki, muğam müəllimləri – xanəndələrdə həmçinin... Hər hansı bir tədbir zamanı qabaqcadan hazırlıq görülürdü. Repertuar seçilir və hər gün səhərdən axşama məşqlər olurdu. Bir vaxtlar mən də bu ansamblda tarda ifa edirdim (1965-1977-ci illər). Mən Ali təhsilli musiqiçi olsam da “Şur” ansamblının mənə çox böyük təsiri olmuşdur. Mən burda püxtələşmişdim – “bişmişdim”

 Ansambl hər musiqi nömrəsini dönə-dönə təkrarlayır və hər bir üzvü ayrı-ayrılıqda həmin musiqi parçalarını ifa etməli idi. Ansamblın təsisçisi və bədii rəhbəri Xosrov müəllim çox tələbkar idi. Ona görə də “Şur” ansamblının səsi tez bir zamanda Bakıdan, Moskvadan, Kiyevdən, Tbilisidən, Orta Asiyadan gəlməyə başladı. Ansamblın müvəffəqiyyətləri günü-gündən çoxalırdı. Ansambl festival və olimpiadalarda 47 qızıl medal almışdı. Bu fərəhləndirici bir hadisə idi. Komandanın əsas qayəsi və məqsədi isə Ağdamın adını uca tutmaqla yanaşı, həm də klassik muğamlarımızı qoruyub saxlamaq və təbliğ etmək idi.

sur-1

 Azərbaycanın hər bir bölgəsinin özünə məxsus gözəlliyi vardır. Lakin mənim üçün Qarabağ-Ağdam yurddur, ruhdur… Ağdamın özünə məxsus artibutları, koloriti vardır. Bunlardan: - Ağdamın Qarabağ atları, Ağdamın futbol komandası, samboçuları və bir də Ağdamın “Şur”  Xalq Çalğı Alətləri Ansamblı.  Bütün bunları Ağdamın simvolu hesab etmək olar.

“Şur” ansamblı haqqında çox təriflər deyilib. Onlardan birini misal olaraq yada salmaq istəyirəm. Respublikanın Xalq artisti, bəstəkar Tofiq Quliyev ”Şur” ansamblı haqqında öz ürək sözlərini belə demişdi: «“Şur” ansamblının Bakıya hər gəlişi musiqiçilərin arasında böyük maraq doğururdu. Doğrudan da qabaqcadan bilirəm ki, “Şur” öz səfəri ilə Bakıya muğam nəfəsi gətirəcək… Son zamanlar çoxsaylı ansambllar – musiqi kollektivləri yaranıb. Mən deyərdim ki, “Şur” onların arasında ən güclü kollektivdir. “Şur”un bədii rəhbəri Xosrov Fərəcovun əməyi xüsusi qeyd olunmalıdır…».

 Son zamanlar “Şur” ansamblının üzvləri cavanlaşmış, yeni nəsl musiqiçilər ansamblı yaradırlar. Onlara tövsiyəm: “Şur” ansamblının əvvəlki adını, sambalını, populyarlığını, özünə qaytarmaq üçün  peşəkar musiqiçi olaraq çox çalışmalı, çox zəhmət çəkməli və əlbəttə, yaradıcı olmaq lazımdır!

Aydın Məşədi Nəriman oğlu Mehralıyev,

“Şur” ansablının 78 yaşlı üzvü, tarzən

(Xüsusi olaraq “Təzadlar” qəzeti üçün)

 sur-2

sur-4

sur-3