"Yunus Oğuzun "Cığır" romanı müasir Azərbaycan ədəbiyyatının ən son tarixi gerçəklərini özündə əks etdirən maraqlı və  oxunan romanlardan biridir". 

Bu sözləri açıqlamasında nasir, tərcüməçi, dramaturq, şair,  Azərbaycan Yazıçılar Birliyinin,  Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Əyyub Qiyas  Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib. Sitat: "Yunus Oğuz dramaturgiyasını, öz ədəbi-bədii yanaşmasını, fəlsəfəsini son dərəcə mükəmməl şəkildə müəllif təqdim edə bilib. Mənə elə gəlir ki, bu əsər müasir tariximizin gələcək nəsillərə ötürülməsi üçün ən gözəl vasitələrdən, ədəbi, bədii vasitələrdən biridir. Düşünürəm ki, Azərbaycanın 44 günlük müharibəsində qazandığımız tarixi  zəfər və onun fonunda baş verən hadisələr, o zəfərə gedən yol və o yola bir müəllif yanaşması, bir vətəndaş yanaşması, bir azərbaycanlı yanaşması Yunus Oğuzun "Cığır" romanında son dərəcə maraqla, dolğunluqla əks olunub. Roman çox oxunaqlı romandır, dövlətçiliyimizi, bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirir və mənə elə gəlir ki, ən gözəl mükafatlara layiq əsərlərdən biridir. Mən də yazıçı dostuma, qələm yoldaşıma uğurlar arzulayıram".