2024 Avroviziya Mahnı Müsabiqəsi sayca 68-ci Avroviziya Mahnı Müsabiqəsidir.

Xatırladaq ki, Loreenin ifa etdiyi "Tattoo" mahnısı ilə 2023 Avroviziya Mahnı Müsabiqəsində 583 xal ilə qələbə qazanmasının ardınca 2024-cü ildə İsveç 8 il sonra yenidən Avroviziyaya 7-ci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Bununla, İsveç yeddinci dəfə müsabiqəyə (əvvəllər 1975-ci ildə Stokholmda, 1985-ci ildə Göteborqda, 1992-ci ildə Malmödə, 2000-ci ildə Stokholmda, 2013-cü ildə Malmödə, 2016-cı ildə Stokholmda ev sahibliyi etmişdir) ev sahibliyi edəcək.

Qeyd edək ki, İsveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1958-ci ildə qoşulmuş və ümumilikdə 59 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qatıldığı ildən etibarən ölkə yalnız üç dəfə 1964, 1970 və 1976-cı illərdə müsabiqədə iştirak etməmişdir.

Bildirək ki, İsveç Avroviziyanın ən çox uğur qazanan ölkələrdən biridir.

Avropa Yayım Birliyi (EBU) və Sveriges Television (SVT) tərəfindən təşkil olunan müsabiqə İsveçin Malmö şəhərində yerləşən Malmö Arenada təşkil olunacaq. Belə ki, beynəlxalq yarışma 7 may – 1-ci yarımfinal, 9 may – 2-ci yarımfinal, final isə 11 may 2024-cü ildə baş tutacaq.

Sonda onu da bildirək ki, bu yarışa Azərbaycan da qatılacaq. Ölkəmizi Avroviziyada Fəxri İsmayılov təmsil edəcək.

RÖVŞANƏ