Xalqımızın böyük şairi Famil Mehdini görkəmli publisist alim, elinə, obasına-vətəninə bağlı vətəndaş ziyalı kimi tanıyıram. Ömrünün son onilliyində kitablarının çox az çap olunmasına baxmayaraq Famil müəllimin yaradıcılığı öz mayasını, bayatılarda olduğu kimi, xalqın dərd-sərindən götürdüyündən, onun qəlblərdə yaşayıb gələcək nəsillərə ötürüləcəyinə şübhəm yoxdur. Həmkarlarının bu haqda geniş yazacaqlarına əmin olub onun yaradıcılığından çox danışmaq istəmirəm.

Famil müəllim ilk dəfə onun dünyaya göz açdığı Ağdam rayonunun Sarıhacılı kəndində muğamlarımızın ustad sənətkarı, Hacı Arif Babayevin toyunda görmüşdüm. Toyun xanəndəsi Xan Şuşinski idi. Masabəyilik isə Famil müəllimə tapşırılmışdı. Bu böyük şəxsiyyətlərin məclisdə yaratdığı muğamla poeziyanın harmoniyası məni heyran etmişdi. Ona görə də bu toy gənclik illərimdən yaddaşımda toydan çox muğam-poeziya məclisi kimi qalmışdı və Famil müəllimin aydın, ötkəm nitqinə elə o vaxtdan vurulmuşdum.

Onunla yaxından tanışlığımız isə Qarabağ savaşının ilk günlərindən başladı. O, xalqın bu fəlakətdən yeganə qurtuluş yolunu ümumxalq müqavimətində görürdü. Ona görə də hadisələrin ilk günlərindən “Nicat” cəmiyyəti yaratmaq təşəbbüsünü irəli sürdü. Cəmiyyəti yaratdı və ətrafına müəyyən adamlar da topladı. Hətta, Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından “General Məhəmməd Əsədov” mükafatı təsis etdi və onu döyüşdə fərqlənən bir neçə döyüşçüyə verdi də. Lakin arzuladığı ümumxalq müqaviməti alınmadı.

Hadisələrin gedişi, dövlət tərəfindən tutarlı tədbirlərin görül-məməsi onun yaraşıqlı çöhrəsində, gözlərinin dərinliklərində bir kədər ya-ratmışdı. Bu kədər çiyinlərindən asılan ağır yük kimi onun qamətinə də təsir edirdi. Lakin onun cəsarətli, aydın və alovlu nitqi heç vaxt dəyişmədi. Bir dəfə mən,Vətənin azadlığından böyük məqsəd olar? Bəs biz niyə bir yerə toplaşa bilmirik?- soruşdum. Famil müəllim yüksək mədəniyyət sahibi olduğundan bu işə mane olanların qeybətini etmək istəmirdi. Ona görə də belə suallara cavab verməkdən qaçardı. Bir müddət keçdikdən sonra mən Famil müəllimə dedim:

- Sizə verdiyim sualın cavabını deyəsən tapmışam.

- De görüm nədir.

- Hardasa məmlüklər haqqında belə bir yazı oxumuşam (deyəsən Napoleonun sözüdür). Bir məmlüklə bir fransız əsgəri vuruşanda, həmişə məmlük qalib gəlir. On məmlüklə on fransız əsgəri vuruşanda itki bərabər olur. Yüz məmlük yüz fransız əsgəri ilə vuruşanda isə, həmişə fransız qalib gəlir. Deyirəm ki, bəlkə biz qarabağlılar da elə məmlük kimiyik.

Famil müəllim gülümsündü, əlini çiynimə qoyub dedi:

- Məmlük dövrü olmasa da, düşündürücü bənzətmədir.

Ağdam işğal olunan gün məlumat nədənsə televiziyada verilmədi. Ağdam əhalisinin Bakıya gəlməsinə müəyyən maneələr yaradılmışdı. Bu vaxt Famil müəllim yenə də xalqın dərdini öz dərdi hesab etdi, onun föv-qündə durmağı bacardı. Müxtəlif təzyiqlərə baxmayaraq, min bir əziyyətlə Bakıya gələn əhalinin yataqxanalarda yerləşdirilməsində Famil müəllimin böyük zəhməti olmuşdu.

Vətənin bütövlüyü, torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizədə Famil müəllim həmişə öndə olurdu. O, dövrü mətbuatda kəskin yazıları ilə, televiziyada, radioda çıxışları ilə, Qarabağ Azadlıq Təşkilatı yaranandan onun Ağsaqqallar Şurasının fəal üzvü kimi öz mübarizəsini davam etdirirdi. Onun hər hansı bir çıxışa qulaq asdıqdan sonra:

- A kişilər söz-söhbətlə erməni torpaqdan çıxan deyil. Əlimizə silah götürüb torpaqlarımızı azad etməliyik deməsini yəqin ki, siz də eşitmisiniz.

Həmişə dövrü mətbuatda şeirlərini oxuyanda, zəng edib fikrimi bildirərdim. “Dilən, professor, utanma, dilən” şeiri məni bərk tutmuşdu. Famil müəllimə dedim:- Sizin şeirlərinizi oxuyanda elə bil səsinizi eşidirik.

- Şeirlərim haqqında çox rəylər oxumuşam, eşitmişəm. Beləsi olmamışdı. Sağ ol!

Famil müəllim haqsız hücumlara, bütün təqiblərə baxmayaraq “Getdi Qarabağım, haray ay haray!”, “Mənim Qarabağım mənim deyilsə...”, “Qaçqınlar, ölməyin, aman günüdür” deyib daima hayqırdı. Vətənə laqeydliyə, yalan vədlərə və insan ləyaqətini alçaldan əməllərə qarşı son nəfəsinə qədər mübarizə apardı. O, Vətən, Torpaq həsrəti ilə günümüzün önündə şam kimi əridi, Tanrının verdiyi ömrü şərəflə yaşadı və haqq dünyasına qovuşdu.

Famil müəllim ömründə:

- Şöhrət üçün vurnuxmadı, gözü tox oldu;

- Böyük XALQ ŞAİRİ olmadı, XALQIN BÖYÜK ŞAİRİ oldu.

- Dəfn olunduğu məzarlıq Fəxri Xiyaban olmadısa da, uyuduğu yer fəxri məzar oldu.

Fəxri məzarın nurla dolsun, Vətən oğlu!

Sonda əlavə edim ki, qibtə olunası dirilik kimi, qibtə olunası fiziki yoxluq da vardır. Famil müəllimin fiziki yoxluğu da qibtə olunandır. Onun işıqlı şəxsiyyəti yaddaşlarda yaşayır. Mənalı ömrü nəsillərə örnək olacaq vətəndaşlıq məktəbidir.

İxtiyar Bəxtiyarlı,

kimya elmləri doktoru, professor