QƏŞƏM İLQAR RUHDAŞ - 80

İnsanları yaxından tanımaq üçün çoxlu sayda vasitələr var. Ancaq bu, o demək deyil ki, ətrafdakı insanları daha yaxşı tanımağın bütün yollarına sahib olasan. Əslində tanımaq istədiyin insan haqqında məlumat əldə etmək üçün bir seçim belə yetər.

Məsələn, deyək ki, hansısa bir yazıçını, yaxud şairi tanımaq üçün onun əsərlərini, şeirlərini oxumaq kifayətdir. Çünki onların həyatı, kimliyi yazdıqları kitablardadır. Heç özləri də bilmədən həyatlarının acılı-şirinli yaşantılarını, xatirələrini, duyğularını, hisslərini, sevincini, kədərini  qələmə aldıqları hekayələrə, povestlərə, romanlara, şeirlərə, poemalara köçürürlər. Elə şair, yazıçı, publisist Qəşəm İlqar Ruhdaş kimi...

1942-ci il martın 20-də Ağdam rayonunun Pirzatlı kəndində anadan olan, 1971-ci ildə BDU-nun filologiya fakültəsini bitirən, 1969-cu ildən “Abşeron” rayon qəzetində jurnalistlik fəaliyyətinə başlayan, sonra “Mədəni-maarif” (20 il), “Ana sözü” jurnallarında, “Yurddaş”, “20 Yanvar”, “Sirlər xəzinəsi”, “Doğru yol”, “Təzadlar”, “4-cü mikrofon”, “Respublika” və digər mətubat orqanlarında çalışan Qəşəm İlqar Ruhdaşı yaxından tanımaq üçün onun “Həsrətin yolları necə uzunmuş” (1998), “Kamil qaboyunun hekayətləri” (2000), “Biz də uşaq olmuşuq” (2003), “Olum-ölüm arasında” (2004), “Üçüncü dünyanın sakinləri” (2007), “Sevgi vadisi” (2009), “Üfiqdən qüruba” (2015), “Xatirələr limanı” (2017) kitablarını oxumaq bəs edər.

Bəzi əlavələr də edək ki, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Qəşəm İlqar Ruhdaş qəlbi vətən sevgisi ilə döyünən bir şairdir, ağsaqqaldır, gözəl insandır. Ən əsası isə odur ki, Qəşəm İlqar Ruhdaş  dostluqda çox sadiqdir. Dostluq etdiyi insanlarla münasibəti uzun illər davam etdirir. Təbii ki, bu dostluqlar qarşı tərəfin etibarsızlığından, yaxud  hansısa səbəblərə görə zəifləyə bilər.

Ancaq Qəşəm İlqar Ruhdaşın “Təzadlar”la dostluğunun tarixçəsi on illərə gedib çıxır... Və bu dostluq bu gün də davam edir.

Mən də onunla elə “Təzadlar”ın redaksiyasında tanış olmuşdum. Xarakterindəki həssaslıq, istiqanlılıq onunla sıx ünsiyyət yaratmağımızda yardımçımız oldu. Bütün bunlarla yanaşı, söz adamı olduğu üçün mənə çox maraqlı insan təsiri bağışlamışdı ilk tanışlıqdan.  Danışdıqca ürəyində coşqun həyat eşqinin olduğunu, saf və təmiz duyğularla həyata, insanlara bağlılığını, eyni zamanda vətənimizin, xalqımızın başına gətirilən faciələrdən, doğma el-obalarımızın düşmən tapdağında olması ilə heç cür barışa bilmədiyini hiss edirdim.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 30 ildən sonra, nəhayət, əzəli torpaqlarımızın düşmən tapdağından xilas edilməsi sevincini yaşayan Qəşəm İlqar Ruhdaş illərdən bəri ürəyində gəzdirdiyi bir nisgilə son qoyulacağını gözləyir: öz ata-baba yurdunda doğmalarının məzarını ziyarət etmək... Bu nisgillə, bu ağır dərdlə yaşayan çoxsaylı insanlarımız kimi, Allah sizi də bu müqəddəs istəyinizə qovuşdursun, Qəşəm İlqar Ruhdaş!

Şeirlərində, publisistik yazılarında vətən, Qarabağ, Güney Azərbaycan, Dərbənd, Borçalı və digər milli mövzulara geniş yer verən Qəşəm İlqar Ruhdaşın əsərləri olduqca dolğun, mənalı və günümüzün reallığını özündə ehtiva etdirməklə yanaşı, həm də bir tarixdir. Bəzən uzun-uzadı demək istədiklərini bir misrada, bir sətirdə ifadə edirsən. Qəşəm İlqar Ruhdaş da məhz belə söz adamlarındandır.

Bu söz adamının martın 20-də yubileyi idi. Nə az, nə çox düz 80 yaşı tamam oldu. Ömür tərəzisində kədəri sevincindən ağır gələn şairlə 80 illik yubileyindən iki gün sonra görüşdüyümüzdə söhbət zamanı o, reallaşmayan arzularının, yazmadıqlarının da yazdıqlarından ağır gəldiyini söylədi.

Vətən həsrətli şairimiz bu arada zarafatından da qalmadı:

- Bir gün şair Hüseyn Ariflə yol gedirdik. Dedi ki, Qəşəm Aslan, təzə bir şeir yazmışam, oxuyum, gör necədir? Hüseyn Arif də mənə həmişə Qəşəm Aslan deyərdi. Dedim ki, qağa, mən Qəşəm Aslan deyiləm, Qəşəm İlqaram. O da qayıtdı ki, bağışla, Qəşəm Aslan...

Xeyli güldük. Sonra Hüseyn Arif  bir əhvalat danışdı. Dedi ki, şair dostları Tofiq Bayram və Qabillə rayona gedirmiş. Yolboyu söhbət edən dostları ona irad tuturlar ki, Hüseyn, sən heç bizim söhbətimizə qulaq asmırsan, elə öz aləmindəsən. Hüseyn Arif də cavab verir ki, siz söhbət yox, kimlərinsə qeybətini edirsiniz, sizin qeybətinizə qulaq asmaqdansa, öz mənəvi dünyama qapılmaq, öz-özümlə söhbət etmək daha yaxşıdır.

Rəhmətlik Hüseyn Arifin bu sözləri həmişə yaddaşımdadır. Mən də kimlərinsə dedi-qodusunu eşitməkdənsə, tənha qalmağa çalışıram. Tənhalıq - insanın emosional vəziyyətlərindən biridir. Mənə elə gəlir ki, tənhalıq məhz şairlər üçündür və hər kəsə rahatlıq gətirməyən bir aləmdir. Bu aləmdə adi bədbəxtlik və adi xoşbəxtlik də yoxdur. Bir də ki, bu aləmdə yaşayanlar arasında qeybət, dedi-qodu olmur... Yunan filosofu Sokrat deyib ki, öz mənəvi dünyası olmayanlar üçün tənhalıq darıxdırıcı və bezdiricidir. Öz dünyası olanlar heç vaxt tənhalıqdan bezməz.

Yubilyardan doğum gününü kimlər təbrik etdiyini soruşdum. Ailə üzvlərinin, bacısı qızlarının, qohumlarının onun doğum gününü heç vaxt unutmadılqlarını dedi, bir də İşıqlı Atalı, Elxan Məmmədli, Tamxil Ziyəddinoğlu, Hicran Ağayev və Ramiz Mövsümün adını çəkdi.

Biz də “Təzadlar” olaraq yubilyarı təbrik edir, ona can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Elbar ŞİRİNOV

Ömür var - ömürdən itir,

Ömür var - ömürdə bitir.

Mövlam, məni əhdə yetir,

Ömrümü ömürlərdə bitir.

 

Arzu olum, istək olum,

Diləyənə dilək olum.

Çətin anda, dar ayaqda

Köməksizə kömək olum.

 

80-nin qürubundan ötüb-keçənlərə bir nəzər...

 

HƏLƏ

 

Qönçə hələ çiçək deyil, gül deyil,

Yumaq hələ atlas deyil, tül deyil,

Bulud hələ yağış deyil, sel deyil,

Gülün, tülün, selin ömrü öndədi,

Bilmək olmaz sabahı nə gündədi.

 

Hər parlayan hələ qızıl, zər deyil,

Almaz deyil, inci deyil, dürr deyil,

Quyuya da deyilən söz sirr deyil,

Zər odur ki, bir kimsəyə yarıya,

Sirr odur ki, öz sirrini qoruya.

 

Həyat hələ ömür deyil, yaş deyil,

Qazandakı bəlkə daşdı, aş deyil,

Bilmək olmaz tale qəmə tuş deyil,

Hər ömür tam ömür yaşıya gərək,

Yaşamaq haqqını daşıya gərək.

 

Duyum hələ baxış deyil, yön deyil,

Əzab hələ axır deyil, son deyil,

Yurd yoxdursa, yaşadığın gün deyil,

Yaşamır torpağı, yurdu girovlar,

Girov yurdlar əli-qolu buxovlar.    

 

Yetmiş hələ bitmiş ömrə tən deyil,

Daha bəsdir, öz taxtından en, deyil.

Səksən, doxsan sərhədindən gen deyil,

Doğma yurda dönməlisən, ay İlqar,

Bil, ordadı həm xoşbəxtlik, həm məzar...

 

ÖMÜRDƏN İTİR... ÖMÜRDƏ BİTİR...

 

İblislə bir yol gedən,

Şeytana qulluq edən,

Şər işdən xeyir güdən

Ömürlər ömürdən itir.

 

Kimsəsizə kim olan,

Düzlüyə məhkum olan,

Nəfsinə hakim olan

Ömürlər ömürdə bitir.

 

Közü özünə çəkən,

Özgə mala göz dikən,

Şər becərib, şər əkən

Ömürlər ömürdən itir.

 

Yollar salıb, su çəkən,

Özləri evsiz ikən

Evsizlərə ev tikən

Ömürlər ömürdə bitir.

 

Xeyrə-şərə gəlməyən,

Yaxşı-pisi bilməyən,

Tikəsini bölməyən

Ömürlər ömürdən itir.

 

Haraya, haya çatan,

Günlə durub, ayla batan,

Ömrünü ömürlərə qatan

Ömürlər ömürdə bitir.

 

Qarğa ömrü yaşayan,

Sabaha şər daşıyan,

Xəbisliyə aşiyan 

Ömürlər ömürdən itir.

 

Mövlamdan pənah istə,

Uğurlu bir sabah istə,

Əgər olsan bu həvəsdə

Ömrün ömürdlərdə bitər...

 

PƏNCƏRƏMİ DÖYƏN KÜLƏK

 

Pəncərəmi döyən külək,

Öz dünyamdan qopar məni.

Düz dünyanı əyən külək,

Al qoyununa apar məni.

 

Dalğaların üstdən üzək,

Zirvələri aşıb-keçək.

Hər çəməndən bir gül üzək,

Hər çeşmədən qurtum içək.

 

Sənin kimi azad gəzim,

Sənin kimi sərbəst olum.

Yamaclarda itsin izim,

Əfsunluqdan sərməst olum.

 

Bircə dəfə imdada çat,

İstəyimə yetir məni.

Məndə yeni bir mən yarat,

Sən təzədən bitir məni.

 

Pəncərəmi döyən külək,

Apar məni uzaqlara.

Birgə uçaq kəpənək tək,

Gedib çataq ulduzlara.

 

AĞLAMA, ANAM BALASI

 

Müharibədə ailəsini, doğmalarını itirən cocuğa

 

Var hər kəsin öz dünyası,

Öz yuxusu, öz röyası.

Bu yaşında qurma yası,

Ağlama, anam balası.

 

Heç nə umma bu dünyadan,

Bil, dərdinə olmaz dərman.

Yazan yazıb belə fərman,

Ağlama, anam balası.

 

O dağ mənim, bu dağ sənin,

Açılmazmı heç eyinin,

Yoxmu bircə “can” deyənin?

Ağlama, anam balası.

 

Qan donduran ayaz dünya,

Ağlayanı saymaz dünya,

Göz yaşından doymaz dünya,

Ağlama, anam balası.

 

Qəm qəlbini ovutmaz,

Göz yaşını qurutmaz,

Nalən gedib haqqa çatmaz,

Ağlama, anam balası.

 

KEÇMİŞDƏN GƏLƏN QATAR

 

Bir zaman yaşananlar

Yaddaşlarda yaşayar,

Keçmişdən gələn qatar

Xatirələr daşıyar…

Fikrin də sahili, öz limanı var,

Düşüncə ləpələr, xəyal dalğalar

Hərdən sakitləşər, hərdən çağlayar,

Mürgülü duyğunu qəfil oyadar,

Olub-keçənləri o, yada salar.

Təzədən damarda coşdurar qanı -

Xatirələr limanı.

 

Alıb öz qoynuna düşüncələri

Hərdən ləpələr tək qayıdar geri,

Xəyal ümmanında salar lövbəri,-

Bir-bir xatırladar ötən günləri...

Gələr göz önünə ömrün hər anı,-

Xatirələr limanı.

 

Fikrində yollar tək dolayı vardır,

Hər cür gözlənilməz olayı vardır,

Enişi, yoxuşu, hamarı vardır.

Xatirə keçmişdən gələn qatardır,-

Sevinclə qarşılar gələn mehmanı,

Xatirələr limanı.

 

Ömrün bəzəyidir gənclik illəri,

Cavanlıq illəri - ömrün cövhəri!

Nə ilə ölçülər onun dəyəri?!

Qəşəm İlqar, qocalığın dərmanı-

Xatirələr limanı…

 

TƏQAÜD ALMAĞA TƏLƏSƏN QOCA

 

Qolları, qıçları, ay əsən qoca,

Təqaüd almağa tələsən qoca,

Hara yüyürürsən, hara qaçırsan?

Yoxsa düşəcəyin tora uçursan?!

 

Bir qədər dayanıb, düşünsən əgər,

Anlarsan, qaçmağın deyildir hünər.

Qaçırsan, düşəcək tələnə sarı,

Tələsmə, nəfəs dər, sən yuban barı!

 

Günün, saatların ötdükcə bir-bir,

Niyə dərk etmirsən ömrünü yeyir!

Təqaüd aldığın gün yetişəndə,

Hələ arsız-arsız sevinirsən də.

 

Ömrünə-gününə gəlmir heyifin,

Təqaüd almaqdır yalnız hədəfin.

Bu sevinc payın da bir günlük olur,-

Sabaha ciblərin yenə boş qalır...

 

Qolları, qıçları, ay əsən qoca,

Təqaüd almağa tələsən qoca,

Ötən saatların, günlərin bil ki,

Bir daha heç zaman olmaz səninki!

 

Odur ki, ömrünü sən bilə-bilə,

Boş yerə vermə sən gəl əsən yelə!

Payız günlərindən, qış yağışından,

Ayazın, şaxtanın sərt baxışından,

Lüt qalıb, titrəyən budağa bir bax,

Budaqda tək qalan yarpağa bir bax,

 

Sənin də taleyin onunku kimi!

Amansız zamandır bil, verən hökmü...

Odur ki, tələsmə, tələsmə, qoca!

Əcəl çağrışına yuban bir azca...

 

HEYDƏN DÜŞÜB

 

Ömrün də illər tək fəsilləri var,

Bahar, yay ötüşüb, diz heydən düşüb.

Hamar sir-sifəti alıb qırışlar,

Payız xəzanında üz heydən düşüb.

 

Nəsillər də fəsillər tək dəyişib,

Qədim yurda gəlib təzə köç düşüb.

Haqq-ədalət tilişkəyə ilişib,

Yalan cövlan edir, düz heydən düşüb.

 

Uzaqlaşıb yamaclarım, düzlərim,

İtib-batıb çəmənlərdə izlərim.

Gözəlləri vəsf eləmir sözlərim,

Kəsəri azalıb, söz heydən düşüb.

 

Bu necə yaşayış, bu necə haldı,

Xoşbəxt aylar, illər harada qaldı?

Günəşli gündüzüm nədən qaraldı?

Küllə oynayıram, köz heydən düşüb.

 

Bir vaxt ulduzları sayardım bir-bir,

Dünyanı gözlərim indi tor görür.

İlqar, mən demirəm, ömür, yaş deyir,-

Eynəksiz görməyən göz heydən düşüb.

 

QÜRUBUNDAN XOFLANAN QOCA

 

Xəzan düşdü, çılpaq qaldı budaqlar,

Tufan qopdu, qılınc kəsdi sazaqlar,

Dondu çaylar, buz bağladı bulaqlar,

Qoca çönüb qürubuna boylandı,

Nə gördüsə birdən-birə hoylandı.

 

Diz titrədi, əsa düşdü əlindən,

Elə bil ki, əl sürüşdü əlindən,

Bu kəlmələr qəfil qopdu dilindən:

- Mənimki də buracanmış, deyəsən,

Donan su yox, bu canımmış, deyəsən.

 

Geri baxdı, önə baxdı - qaldı çaş,

Göz yaşları sinəsində oldu daş.

Yavaş-yavaş gözlərini örtdü qaş,

Sardı canı bir həyacan, bir təlaş,

Qoca qaldı əzrayılla başa-baş...

 

Yada saldı çılpaq qalan budağı,

Yada saldı buz bağlayan bulağı,

Yada saldı gendə qalan növrağı,-

Köks ötürüb, bir ah çəkdi dərindən,

Qoca daha qalxammadı yerindən...

 

Bir ömür də sona yetdi beləcə,

Kimlər gəldi, kimlər getdi beləcə,

Axarıyla həyat ötdü beləcə,-

Əzəl gündən ömür belə qurulub,

Ölüm adlı bir mələyə vurulub...

 

ÖZÜNÜ  OYAT

 

Qol açma çalınan hər havaya sən,

Ruhunu oynadan havanı yarat!

Könül rübabını çalan özünsən,

Özün özündəki özünü oyat!

 

“Tanqo” dəbə minib, köhnəlib “Yallı”,

Qanını coşduran hansı havadı?!

Xətai duyumlu, Babək xəyallı,

Bir xalqın düşdüyü bu nə bəladı?!

 

Domokl qılıncı məqam gözləyir,

Hazırdı bədəni ayıra başdan.

Hər sirli mətləbdə bir sirr gizlənir,

Şoular tarixi silir yaddaşdan.

 

Füzuli, Üzeyir zaman yaddaşı!

Bugünkü şoular baş qatmaq üçün.

Hər kəsin qarnına qarışıb başı,

Alçalır - cismini yaşatmaq üçün.

 

Gedir abır-ismət, itir ləyaqət,

Həyadan danışan olur lağ yeri.

Sanki buxarlanıb ülvi məhəbbət,

Qəbrə göndərilir eşq diri-diri…

 

Qol açma çalınan hər havaya sən,

Ruhunu oynadan havanı yarat!

Könül rübabını çalan özünsən,

Özün özündəki özünü oyat!

 

MƏLƏK  ƏVƏZİNƏ  DƏRDDİ  ÇİYNİMDƏ

 

Hər kəsin içində boy atır bir dərd,

Ürək şirəsini o çəkir hər an.

Tapılsa hər kəsə dərd duyan həmdərd,

Qəlb oyan ağrıda qəhr olmaz insan.

 

Hər kəsin içində bir dərd böyüyür,

Bir deyil, beş deyil içimdə dərdim.

Özümü içimdən öz dərdim oyur,

Özüm ağırlıqda, biçimdə dərdim.

 

Dərdi bir olanı siz dərdsiz sanın,

Dərdlər ürəyimdə qalaq-qalaqdır.

Dərdi olmayanın dərdinə yanın,

Dərdlərim həmişə mənə dayaqdır.

 

Dərdlə yaşayıram daim qol-boyun,

Dərddən xilas olsam, olmaram mən də.

Dərdim qoymayıb ki, boy atsın boyum,

Mələk əvəzinə dərddi çiynimdə.

 

Ayrılmazıq elə ruhla can təki,

Mən qaynayıb-qarışmışam dərdimlə.

Cisim deyil, dərddir daha məndəki,

Həmişəlik barışmışam dərdimlə.

 

Şerimin mayası dərdimdi elə,

Mənasız ötərdi yoxsa həyatım.

Dərdimin mənimlə cəngi var hələ,

Dərdimə köklənib müqəddaratım.