Vətəndaşlar Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeyləri ödənişsiz ziyarət edə biləcəklər

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunmuşdur.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunmuşdur. Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində 133 muzey var. Ümumilikdə isə Azərbaycanda 240 muzey fəaliyyət göstərir.

Azərbaycanda ilk muzey 1920-ci ildə yaradılıb.

“Doğma diyar” adlanan bu muzey Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Muzeylərə də əsasən o dövrün milyonerlərindən müsadirə edilmiş sənət əsərləri toplanırdı. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə və digər Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olur.
Daha sonralar  - 1930-cu ildən etibarən ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr muzeyləri, həmçinin ev muzeyləri yaranmağa başlamışdı.

Bir çox insanlar müxtəlif səbəblərdən muzeyləri ziyarət edə bilmirlər. Sabah isə Mədəniyyət Nazirliyinin “Açıq qapı” aksiyasından istifadə edərək, bu fürsətdən yararlana bilərsiniz. Muzeylər ziyarətçilərinin üzünə ödənişsiz açıqdır, əlbəttə ki, nazirliyin tabeliyində olanlar.

 

Y.MƏMMƏDLİ