Xəbər verilir ki, müğənni sayılan Dəniz Firudinli adlı gənc xanım müğənniyə bir məclisdə bahalı hədiyyə və 5 min manat pul verilib. Verilən daha bir xəbərə görə isə təzəlikcə müğənniyə bahalı villa da hədiyyə edilib.

P.S. Yox balam, bu müğənni xanım birdən-birə yaman bərk getməyə başlayıb. Bir övlad anası olarkən 2017-ci ildə ikinci dəfə dünya çempionu Samir Kazımovla ailə qurmuşdu. Ondan da bir uşaq olandan sonra yenə boşandı. Sonralar “Lerikli Emin” adlı avtoritetlə şəkili yayıldı və Dəniz xanım bildirdi ki, onunla sevgili yox, dostdurlar. Əlbəttə, odla suyun gözəl dostluğu barədə kim bilmir ki? İndi də bahalı villa və 5 min manat pul hədiyyə edilir. Dəniz xanım da səsi-sənəti olmasa da, zamanın nəbzini tuta bilib deyə, hələ ki, belə “bərk” gedir, balam.

***

Artıq müğənnilik edən Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova “İnstaqram” hesabında bir məclisdə oxuyub, oynadığı videonu paylaşıb ki, bu da guya izləyicilər tərəfindən bəyənilib.

P.S. Aysunun müğənni kimi oxuyub, oynamasında qeyri-adi nə var axı? Ətiniz tökülsün, vallah! Rəqsanənin qızı oxumayıb, mən oxuyası deyiləm ki... Vaxtilə Rəqsanə də belə oxuyub, oynayıb dəə... İndi Rəqsanə getdikcə yaşlaşır, ona görə də gənc və enerjili Aysun anasından bir çömçə də artıq oxuyub, oynamalıdır dəə... Nahaq yerə demirlər ki, vaxtilə anası oxuyub, gəzdiyi restoranları, balası qarış-qarış gəzib, oxumalıdır dəə...

***

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, ötən həftə Özbəkistanın Dövlət Gömrük Komtəsinin sədri Aktalxuja Mavlonovun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti ölkəmizə gəliblər. Qonaqların məqsədi Azərbaycan gömrüyünün təcrübəsini öyrənməkdir.

P.S. Özbək qardaşlarımızın, əlbəttə ki, Azərbaycan gömrüyünün təcrübəsini öyrənməsi, bir bölgədən – Nehrəmdən olan insanların təkbaşına gömrüyü necə idarə etməsi haqqında məlumat alandan sonra, bunun öz ölkələrində onlara babat pul gətirəcəyi şübhəsizdir. Məsələn, özbək qardaşlarımız xaricdən gətirilən bir maşının rüsumuna ödənilən pulla həm dövlətin büdcəsinə gəlir gətirməyin, həm də öz cibinə əlavə bir maşının pulunun daxil olması yollarını və incəliklərini öyrənsələr, tezliklə inkişaf etmiş bir ölkəyə çevriləcəklər. Amma onu bilmirəm ki, özbək qardaşlarımız bizim gömrükçülərin az maaşla bahalı maşınlara, evlərə, villalara, obyektlərə, banklarda pullara və s. sahib olmaqlarının yollarını öyrənə biləcəklərmi?

***

Təhsil eksperti Kamran Əsədov təhsil haqlarının çox baha olmasından danışarkən mətbuata belə deyib: “Qonşu ölkələrin Dövlət Universitetlərində təhsil ödənişsizdir. Son 7 ildə 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün, təhsilini yarımçıq qoyub”.

P.S. Kamran bəy, bu, olmadı dəə... Deyirsən neft, qaz ölkəsinin tələbəsi pulsuz oxusun? Kənardan baxan, dediyin o qonşu dövlətlər, bizə nə deyərlər? Özün də bilirsən ki, ucuz ətin şorbası olmaz axı. Hələ belə baha təhsil haqqı ilə oxuyan nə qədər savadsız həkim, müəllim, hüquqşünas, inşaatçı və s. yetişir. İndi görün təhsil haqqı pulsuz olsa, savadsızlar ordusunun sayı həndəsi silsilə ilə nə qədər artar? Savadlı kadr, mütəxəssis yetişdirmək istəyiriksə, tapmaca xarakterli Testi ləğv edib, üzbə-üz imtahan götürmə üsulunu bərpa etmək lazımdır. Üzbə-üz imtahandan kəsilənləri isə, Test imtahanına buraxmaq olar ki, burada da bəxtə-bəxtdir, kim keçər, kim kəsilər? Üzbə-üz imtahan verib, keçənlər pulsuz, tapmaca xarakterli Testdən keçənlər isə, pullu təhsil alsınlar. Amma bunların bir yerdə oxuması qadağan edilsin. Testdən bəxtə-bəxt keçənlər, üzbə-üz imtahan verib keçən savadlı tələbələri də kütləşdirəcəklər. Bu təklif, Kamran bəy, necədir?

***

Qəzetlərin birində N.Paşinyanın Moskvaya meyillənməsindən bəhs edən yazıya belə başlıq qoyulub: “İrəvan Vaşinqtonu Moskvaya satdı”.

P.S. Əşi, bu təzə xəbər deyil ki. Məgər kim bilmir ki, satqınlıq bu erməni millətinin qanındadır. Tarix boyu onlara çörək verib, əl uzadan dövləti, ayrı-ayrı şəxsləri satıblar və sonra da onlara arxadan zərbə vurublar.

***

Məlumatlara görə, İspaniya dövləti qida məhsullarını zibil kimi atan restoran və mağazaların cərimələnməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyə hazırlaşır.

P.S. Əsl bizə lazım olan qanundur. Bizim şadlıq evlərində israfçılığı hesablayan kalkulyator od tutub yanar. Bir nəfər üçün stolun qiyməti şadlıq evlərində 60-70 manatdan 300-400 manata qədər dəyişir. Restoran sahibinə nə qədər desən də ki, bəzi salatlar, kolbasalar, turşular, pendirlər və s. lazım deyil, daş atıb, başını tutur ki, nə danışırsan, mənim stolum zəif görünər. Daha anlamaq istəmir ki, həmin stol onun yox, mənimdir. Nəticədə, nə qədər qida məhsulları zibilliyə atılır. Toy sahibinin etirazına məhəl qoymayıb, istədiyi yeməkləri stola düzən və sonra da onları zibilliyə atan restoran sahibləri qanunla cəzalansa, onda bu qədər israfçılıq da olmaz və toy sahibi də 5-10 manat pul götürüb, borclarını qaytara bilər. Kaş o İspaniyadakı israfçılıq haqqında olan qanun  tezliklə bizdə də qəbul ediləydi.

***

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun Həccə getmək arzusu ürəyində qaldı. Sabiq nazirin Həccə getmək istəyi, demək olar, bütün insanlar tərəfindən tənqid edilirdi ki, belə əməli saleh olmayan adamın Həccə getməsi düzgün deyil. Sonra da məlum oldu ki, yaşı 65-dən yuxarı olduğu üçün Ziya Məmmədov “Həci Ziya” titulunu daşıya bilməyəcək.

P.S. Əşi, yaş məhdudiyyəti – zadı boş şeydir. Həcc ziyarətinin təşkilatçıları görüblər Ziya müəllim o qədər günahların içindədir, o qədər talanlar edib, kasıb-kusubun haqqını o qədər yeyib ki, bu günahların ağırlığına Məkkə torpağı dözməyib çartlayacaq və böyük fəlakətlər baş verə bilərdi. Ona görə də, bu kimi fəlakətlər baş verməsin deyə, Ziya müəllimin Həcc ziyarəti baş tutmayıb.

***

Müğənni Səidə Sultanın sosial şəbəkədə paylaşdığı yeni şəkilləri bir sayt “ehtiraslı fotolar” kimi tənqid edib.

P.S. Deyirəm, nə düşük adamlar var e, mən ölüm. Rəhmətliyin oğlu, Səidə Sultan axırıncı dəfə nə vaxt ehtiraslı olubsa, heç özünün də yadına gəlmir. Bu da başlayıb, ehtiraslı fotodan danışmağa. Elə bilir, Səidə xanım sinəsini büsqaltersiz çöldə qoyubsa, bu, ehtiras deməkdir. Bədbəxt oğlu, o çöldə qalan və bədəninə əski kimi yapışmış sinəyə bir düz əməlli bax dəə... Orada ehtirasa səbəb ola biləcək nəsə varmı?

***

Müğənni sayılan Rahidə Baxışova “Səhər mərkəzi” proqramında qonaq olarkən, aparıcının “deyirsiniz ki, xanımlar təhlükəlidir, kişilərlə dostluq edirəm” sözlərinə belə cavab verib: ““Təhlükəli” sözünü az işlədirəm. Amma mənim kişilərlə sözüm tutur”.

P.S. Ay Rahidə xanım, əlbəttə, kişilərlə sözün tutar dəə... Nöşün ki, mənfi mənfini (yəni qadın qadını), necə cəzb edə bilər? Fizikanın qanunudur ki, mənfini (qadını) həmişə müsbət (kişi) cəzb edib dəə...

***

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə göbəyi açıq şəklini paylaşıb ki, guya bu da marağa səbəb olub.

P.S. Burada marağa səbəb olan nədir axı? Rəhmətliyin uşağı, xalq artisti bəs necə olmalıdır? 46 yaşı var deyə, Tünzalə xanımın göbəyi nəfəs almalı deyil? Qəribə insanlar var e, sən öləsən.

ELÇİN

elcinmemmedli This email address is being protected from spambots. You need JavaScript enabled to view it.