Aktrisa sayılsa da, heç vaxt bircə rolu belə gözə dəyməyən, əvəzində soyunub, bədən əzalarını çöldə qoymaqla gündəmdə olan Pərvin Abıyeva “MTV Maqazin” verlişində bizneslə məşğul olduğunu bildirib. Bu səbəbdən də 2 bina və 1 bağ evi olduğunu qeyd edərək belə deyib: “Çox bədxərcəm. Gözümü qırpmadan xoşuma gələn geyim üçün 8, ya 16 min dollardan keçə bilmişəm”.

P.S. Deməli, Pərvin xanım aktrisalıqdan 1 manat da qazana bilmir. Bəs elə isə niyə özünü aktrisa kimi təqdim edir? Bu, bir. İkincisi, görəsən o necə biznesdir və Pərvin xanım nə qədər qazanır ki, geyim üçün 8 və ya 16 min dollar xərcləyə bilir?  Üçüncüsü isə, 8 və ya 16 min dollara aldığı o geyimləri Pərvin xanım bəs nə vaxt geyinib bizlərə göstərəcək? Nöşün ki, Pərvin xanım həmişə paltarsız, çılpaq olur axı. Deyirəm, ölüm, itim dünyasıdır dayna, zəhmət çəkərək bir ətək pul xərcləyib, aldığın o bahalı paltarları, indi geyinməyib, bəs nə vaxt geyinəcəksən?

***

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov, nədənsə, hər bir azərbaycanlı ailəsinin ürəyində əbədi məhəbbət qazanan “Qaynana” filmini “Gəl danış” proqramında tənqid edərək, deyib: “Bəlkə də mən kino və teatr sahəsində yeganə ziyalıyam ki, ümumiyyətlə, “Qaynana” əsərinə qarşıyam. Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Kimin anası, nənəsi elədir?”

P.S. Tanınmış peşəkar aktyor və rejissor olan Şeyx Əbdülün hamının sevimlisinə çevrilmiş “Qaynana” əsərinə belə münasibət sərgiləməsi təəssüf doğurur. Şeyx soruşur ki, kimin belə anası, nənəsi var? Hörmətli Şeyx, sorğu keçirsək onlarla yox, yüzlərlə, minlərlə belə ana, qaynana ortaya çıxar. Şəxsən bizim uzaq bir qohum olan belə ana olub. Məhz “Qaynana” filmindəki qaynananın prototipi olan həmin ana oğlunun 12 dəfə evlənib, boşanmasına səbəb olub. Gəlinləri yola verməyib və bir-bir boşatdırırdı. 13-cü dəfə evlənəndə oğul anasına belə demişdi: “Ana, bu dəfə səni boşayacağam”.

“Qaynana” həyatdan götürülmüş bir əsərdir və hörmətli Şeyxin, ekrana çıxandan 40 ildən çox vaxt keçəndən və yaradıcıları bu dünyada olmayandan sonra tənqid etməsi, yalnız təəssüf doğurur.

***

Rusiya prezidenti V.Putin deyib ki, I Pyotr əraziləri qaytarırdı və möhkəmləndirirdi: “Bizim də qismətimizə bu düşüb”.

P.S. Belə yerdə deyiblər e, arzun ürəyində qalsın. Bu rusun imperiya təfəkkürü sərhəd tanımır dəə... Fevralın 24-dən müstəqil dövlət olan Ukraynaya hücum edərək uşaqları, qadınları, qocaları məhv etmək qismət deyil, faşist ideyasının həyata keçirilməsidir. Vaxtə ilə faşizm ideyası qısa müddətə məhv edildiyi kimi, faşizm təfəkkürünün də Ukraynada Qərbin də dəstəyi ilə qısa müddətə, tamamilə məhv ediləcəyi dəqiqdir. Putinin ideyasının məhvi ilə bütün dünya xalqlarının azadlığa çıxacağı gün də çox uzaqda deyil.

***

Xəbər verilir ki, deputat Əhliman Əmiraslanov seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinə düşən Kürdəmir rayonunun seçiciləri ilə görüşüb.

P.S. Maraqlıdır, deputatın seçiciləri də varmış?  Vallah, “qulaq gündə bir söz eşitməsə kar olar” - deyənlər haqlı imiş.

***

Məlumatlara görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları Balakən rayon sakini, taksi sürücüsü olan Qurban Nabatəlini narkotikin təsiri altında maşın sürərkən saxlayaraq, istintaqa cəlb ediblər.

P.S. Taksi sürücüsündə heç bir günah yoxdur. Günahın hamısı sərnişində olub. Sərnişin mənzil başına tez çatmaq üçün, sürücünü hey tələsdirirmiş. Sürücü Qurban Nabatəli neyləsin axı? O da məcbur olub, narkotika qəbul edərək sükan arxasına oturub ki, sərnişini uça-uça mənzil başına tez çatdırsın dəə... Polislər də imkan verməyiblər ki, Qurban qurbanlıq olsun. Yazığın da kayfını elə göydə sındırıblar və mayasını batırıblar.

***

Məlum olduğu kimi iyulun 1-dən əlilliyin təyin olunması üzrə yeni meyarlar tətbiq olunacaq. İndi orqanizmin itirilmə faizinin 31 faizdən 60 faizə qədər olanı III qrupa, 61 faizdən 80 faizə olanı II qrupa, 80 faizdən 100 faizə qədər olanı isə I qrupa aid ediləcək.

P.S. Burada qanun yox, Həkim Tibbi  Ekspert Komissiya üzvlərinin vicdanı işləyəcək. Əgər həkim Allahından dönüb orqanizmin 31 faizini itirən insana 30 faiz yazsa, deməli, adamın heç bir əlilliyi yoxdur və o gedib dizdən aşağı kəsilmiş ayağı ilə futbol oynaya biləcək, eləmi? Axı dizdən aşağı ayağın kəsilməsi III qrup sayılır. Özü də maraqlıdır ki, ayaq dizdən aşağı kəsiləndə həmin adama 31 faizin verilməsi nə dərəcədə düzgündür? Belə çıxır ki, kəsilmiş ayağın, yemini, suyunu bol eləsən,  cücərib, inkişaf edəcək? Nə isə... Allah o Həkim Tibbi Ekspert Komissiya üzvlərinə insaf versin ki, orqanizmin 31 faizdən çox hissəsini itirən adama 30 və daha az faiz yazaraq, nazir Sahil Babayevin mənafeyinə yox, xəstənin mənafeyinə xidmət etsinlər. Amma bu yeni qanun çox idiot bir qanundur.

***

Hamını indi bir sual düşündürür. Rusiya-Ukrayna müharibəsi nə vaxt başa çatacaq? Müharibəni başlayan Rusiyaya Qərbin indiyə qədər görünməmiş şəkildə tətbiq etdiyi sanksiyalar deməyə əsas verir ki, Rusiya gec-tez çökəcək və Ukrayna nəhayət, qalib gələcək.

P.S. Amma Qərbin və ABŞ-ın həmişə və hər yerdə olduğu kimi, ikili standartlarla oynaması müharibəni uzadır. Bu baxımdan Nyu-Yorkun meri, məşhur aktyor Arnold Şvarstnegerin açıqlaması olduqca maraqlı və diqqət çəkəndir: “Müharibənin ilk iki ayında Rusiya Ukrayna ərazisinə 1300 raket atıb. Bu raketlərin ümumi dəyəri 7,7 milyard avrodur. Bununla eyni vaxtda Avropa dövlətləri aldıqları neft və qaza görə Rusiyaya 44 milyard avro ödəyiblər. Bizim əlimiz qana batıb. Çünki biz müharibəni maliyyələşdiririk”.

İndi məlum oldumu müharibənin uzanmasının səbəbi nədir? Qərbin “dovşana qaç, tazıya tut” demək prinsipi olmasaydı, nəinki Rusiya-Ukrayna müharibəsi tez başa çatardı, hətta dünyada heç bir müharibə olmazdı. Ona görə də indi Qərb Rusiya-Ukrayna müharibəsində bu qədər qırğına xoruz döyüşdürürmüş kimi baxırlar.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.