Ən yaxşı 1-2% daxil olan gənclərimiz elmə yönələrsə, onlar üçün müvafiq mühit yaradılarsa, elmin inkişafında çox qısa müddətdə müsbət dinamika müşahidə ediləcəkdir.

 Bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru, kimya elmləri üzrə fəlsəfə doktoru Rüfət Əzizov bildirib.

O, qeyd edib ki, elmin inkişafı üçün ən güclü, yaradıcı və savadlı gənclərimizin elmə yönəlməsi baş verməlidir.

“ Ən yaxşı 1-2% daxil olan gənclərimiz elmə yönələrsə, onlar üçün müvafiq mühit yaradılarsa, elmin inkişafında çox qısa müddətdə müsbət dinamika müşahidə ediləcəkdir. Zənnimcə, gənclərimizin potensialı kifayət qədər böyükdür, görə bildiyimizdən daha çoxdur. Son illərdə xeyli sayda gəncimiz xarici ölkələrə xüsusilə təbiət elmləri və texniki sahələrdə doktorantura təhsili almaq üçün göndərilmişdir. Onlarla görüşlərdən çox böyük potensiala və enerjiyə sahib olduqları məlum olur. Dövlət proqramından əlavə də xaricdə doktorantura təhsili almış gənclərimiz kifayət qədərdir və hazırda onların bir çoxu xarici ölkələrdə çalışır”,- deyə bildirib.

Rüfət Əzizovun sözlərinə görə, 2022-2026-cı illər üzrə xaricdə təhsil dövlət proqramı da əsasən elmi-texniki sahələrə yönəlmişdir ki, yaxın gələcəkdə əsasən magistratura səviyyəsindən məzun olan gənclərimiz potensialımızı bir az da çoxaldacaqdır.

“Magistratura təhsil pilləsi üzrə ikili diplom proqramlarımızın da sayı hər il artır. SABAH bakalavr və magistratura proqramları gənclərimiz üçün əvəzsiz imkanlar yaradır.

Parlaq tələbələrimiz üçün artıq beynəlxalq elm olimpiadalarında qalib olmaq adi hala çevrilməsi bu sahədə sistemli işin qurulmasına dəlalət edir. Dəqiq fənlərdə respublika və beynəlxalq olimpiada qaliblərimizin zəkalarından istifadə edə bilməliyik. 10-15 il qabaq bu qədər beyin potensialımız yox idi. Elm ilə təhsilin inteqrasiyası və ümumi bir strategiyanın formalaşması gənclərimizə elmə gəlmək üçün geniş imkanlar yaradacaqdır”, - deyə vurğulayıb.

 

JASMİN