“Nəşriyyatlar yaxşı qonorar verməmək üçün keyfiyyətli mütəxəssisləri buraya cəlb etmədilər”.

Bu fikirləri ADPU-nun İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov orta məktəb dərsliklərinin keyfiyyətsizliyinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, vaxtilə pedaqogika üzrə elmləri doktoru, professor Yəhya Kərimov 1960-cı illərdən 90-cı illərə kimi dərsliklər yazdı və çox mükəmməl işlərə imza atdı:

“Neçə nəsil isə ondan örnək aldı. Lakin əsas problem və səhv siyasət dərsliklərin yazılması zamanı işin mütəxəssis, alim və müəllimlərə deyil, nəşriyyatlara həvalə edilməsi oldu. Həmin nəşriyyatların isə xüsusi müəllifləri yox idi. Onlar özlərinə yaxın  insanları ətraflarına topladılar. Onlar arasında uğurlu olan və olmayanlar da kifayət qədər idi”, -deyə o, bildirib.

Professorun sözlərinə görə, nəşriyyatlar yaxşı qonorar verməmək üçün keyfiyyətli mütəxəssislər cəlb etməyiblər.

“Çünki onlar yüksək məbləğdə qonorar istəyirdilər. Bu da həmin sahə ilə əlaqəsi olmayan şəxslərin dərslik sektoruna daxil olmasına şərait yaratdı”, - deyib.

Fərrux Rüstəmov vurğulayıb ki, dərsliyin sahibi Elm və Təhsil Nazirliyidir və bu rəsmi qurum da mütəxəssisləri dəvət etməli, dərsliyi onlara hazırlatmalı, sonra isə buna cavabdehlik daşımalıdır.

Xatırladaq ki, bir müddət əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı dərsliklərin keyfiyyətindən danışarkən vurğulayıb ki, “ Bu gün ölkəmizdə dərslik mafiyası yaradılıb və dərsliklərin çap edilməsi də müəyyən zümrələrin əlində cəmlənib. Onların hazırlanmasına necə gəldi yanaşılır, hətta bu kimi hallar ədəbiyyat sahəsinə də sıçrayır və ciddi problemlər törədir. Dərsliklər hazırlanarkən onların ictimai müzakirəsi təşkil edilmir və insanların fikri öyrənilmir”.

JASMİN