Dünən fevralın 2-də Xəzər Universitetinin "Mərmər" salonunda Xəzər Universitetinin  tələbələrdən ibarət nümayəndə heyətinin “Türkiyə-Azərbaycan Gənçlik Mübadiləsi Proqramı” çərçivəsində yanvarın 22-27-də Türkiyənin Ankara və Kırşehir çəhərlərinə səfərinin yekunlarına həsr olunmuş tədbir keçirildi.

Seçilmiş 13 tələbədən ibarət  heyətə universitetin İctmai əlaqələr və media üzrə direktoru Əlövsər Əmirbəyi rəhbərlik edib, universitetin Beynəlxalq əlaqələr ofisinin əməkdaşı Fatimə Vəliyeva nümayəndə heyətinin koordinatoru idi. Tədbirə də o, aparıcılıq edirdi. 

Yeni fəaliyyətə başlayan proqram çərçivəsində türkiyəli tələbələrdən ibarət nümayəndə heyəti  artıq 2022-ci il dekabrın 12-16-da Xəzər Universitetinin qonağı olaraq Bakıya gəlmiş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhərin görməli yerləri, tarixi-mədəni abidələri ilə tanış olmuşlar. Onların səfərini Türkiyə Gənclər və İdman Nazirliyinin Kırşehir İl Müdirliyi təşkil etmişdi. Rəhbəri də İl müdiri Numan Nafiz Şahin idi.

Tədbirdə universitet rəhbərliyi və əməkdaşları, tələbələr və valideynlər, media mənsubları iştirak edirdilər.

Tədbir Kırşehir nümayəndə heyətinin Bakıda,  Xəzər Universiteti nümayəndə heyətinin Ankara və Kırşehirdə müxtəlif tədbirlərdə iştirakını dolğun əks etdirən videoçarxın nümayişi ilə başladı. Sonra nümayəndə heyətinin rəhbəri Ə. Əmirbəyli səfər haqqında geniş məlumat verdi.

Universitetin rektoru dosent İradə Xəlilova çıxış edərək, səfərin uğurla başa çatması münasibətilə nümayəndə heyətinə təçəkkürünü bildirdi. Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxışında yeni mübadilə proqramının əhəmiyyətini nəzərə çatdırmaqla yanaşı qeyd etdi ki, Xəzər Universitetinin hərtərəfli inkişaf etmiş məzunlar hazırlamaq fəaliyyətində tələbələrin istər mübadilə proqramları, istərsə də digər əlaqə və əməkdaşlıqlar çərçivəsində   xarici ölkələrə səfərlərinin təşviqi və təşkili universitetin prioritet istiqamətlərindən biridir və ardıcıllıqla həyata keçirilir.  

Tələbə Təhminə Abbaslının anası Dilbər Abbaslı çıxış edərək, Xəzər Universitetində yüksək səviyyəli təhsil verildiyinə və tələbələrin belə məzmunlu səfərlərinin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıq bildirdi. "Təzadlar" qəzeti baş redaktorunun müavini Elçin Məmmədli çıxışında özəl ali təhsil müəssisəsi kimi Xəzər Universitetinin fəaliyyətini yüksək dəyərləndirdi.

Ə. Əmirbəyli Türkiyədən H. İsaxanlı və İ. Xəlilovaya göndərilmiş hədiyyələri onlara təqdim etdi.

Proqramın iştiakçısı olan tələbələr səfərlə əlaqədar maraqlı təəssüratlarını bölüşdülər və universitet     rəhbərliyinə təşəkkürlərini bildirdilər. Sonda H. İsaxanlı, İ. Xəlilova, universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı və Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva tələbələrə sertifikat təqdim etdilər və xatirə şəkli çəkildi.

JASMİN