Xeyirsevər sahibkar xanımlar bu dəfə tələbələrə əl tutublar – ümumilikdə 23 min 500 manat təhsil haqqı ödənilib.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında paylaşım edib. 

“Hər kəs üçün nümunəvi addım!

Bir neçə xeyirxah sahibkar xanım tərəfindən, Bakı Ali Neft Məktəbində təhsil alan 9 tələbənin ümumi olaraq 23500 manatlıq təhsil haqlarının ödənilməsinə yardım göstərildi. Azərbaycanın intellektual əsgərləri olan bu gənclərin də xeyriyyəçilik ənənələrini davam etdirəcəyinə və gələcəkdə peşəkar kadr kimi yetişərək digər tələbələrə də dəstək göstərəcəklərinə əminəm.

Xeyirxah və xeyriyyəçilik ənənələrimizə sadiq qalaraq bu gözəl təşəbbüslərinə görə hörmətli xanımlarımıza dərin minnətdarlığımı bildirirəm.

Allah sizdən razı qalsın, əziz xanımlarımız”, - deyə paylaşımda bildirilir.

Döğrudan da sahibkar xanımlarımız çox imkanlı şəxslərə ibrət olacaq addım atıblar.

Onlar öz pullarını xalqın gələcəyi olan gənclərimizin təhsil almasına yönəldiblər. Hansı ki, bu, sabahımız üçün hesablanmış yatırımdır. Həmin tələbələr yəqin ki, bundan sonra daha yaxşı oxumaları, bilik əldə etmələri uğrunda çaba göstərəcəklər. Çünki sahibkar xanımların da onlardan gözlədikləri yalnız yaxşı oxumaları, vətən üçün layiqli mütəxəssis kimi yetişmələridir.

Lakin çox təəssüf ki, bəzi sahibkarlar, imkanlı şəxslər yalnız özlərinə, ətraflarına (bəzi müğənni, aktrisa və katibələrinə….) yaxşı şərait qurmaqla məşğuldurlar…

Halbuki Azərbaycanlı gənclərin təhsilinə milyonlar xərcləmiş Hacı Zeynalabdin Tağıyev kimi örnək götürüləcək xeyirxah əməl sahiblərimiz var.

Və belə şəxslər heç zaman xalqın yadından çıxmır, hər zaman rəhmətlə xatırlanır.

 

JASMİN

 a