Müstəqilliyimizin ilk illərində Azərbaycanın təhsil sisteminə yetərincə ciddi zərbələr dəymiş və demək olar ki, bu sahədə özfəaliyyətə geniş yer verildiyinə görə arzuolunmaz böhranlı məqamlar hökm sürmüşdür.

Bu fikri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.

 Onun sözlərinə görə 90-cı illərdə formalaşmış problemlər, düşüncələr və onun indiki davamçıları Azərbaycan elminin inkişafına maneə yaradır.

 Ekspert vurğulayıb ki, vaxtilə ali məktəblərin tələbələrindən bəzi qüvvələr siyasi məqsədləri üçün istifadə ediblər.

 “Xüsusilə, ali məktəblər əvvəlki simasını itirmiş, respublikada hökm sürən hərc-mərclik ali təhsil sisteminə daha ağır zərbə vurmuşdur. Elm və təhsil müəssisələrində təlim-tərbiyənin rəhni olan nizam-intizam pozulmuş, ali məktəblərin maddi-texniki bazası insafsızcasına dağıdılmış, təhsil alan tələbə-gənclər ayrı-ayrı başıpozuq qüvvələr tərəfindən siyasi məqsədlər üçün bir vasitəyə çevrilmişdir.

Mövcud ali təhsil ocaqlarının yetərincə maddi-texniki bazaya malik olmaması, uzunmüddətli perspektivə hesablanmış təhsil strategiyasının bitkin şəkildə reallaşdırılmaması bu zəruri sferanın vəziyyətini bir qədər də ağırlaşdırmışdı.

Məhz bu gün Azərbaycan elminin, ali təhsilin inkişafına 90-cı illərin əvvəllərində formalaşmış problemlər, düşüncələr və onun indiki davamçıları maneə yaradır.

Elmin, təhsilin müasir çağırışlarından xəbərsiz olanlar, xüsusilə, hər hansı ciddi elmi, intelektual biliyə, kompensasiyaya sahib olmayanlar gənc mütəxəssislərin fəaliyyətinin qarşısında keçilməz sədd kimi dayanıb”, - o, deyib.

 Kamran Əsədov sonda fikrini optimist notlarla tamamlayıb:

“Amma unutmayın ki, çinlilərə görə, "Böyük Çin səddi" də keçilməz idi, lakin Hunlar onu rahatlıqla keçə bildi”.

 

Y.Məmmədli