Azərbaycan abituriyenti qədər dünyanın heç bir ölkəsində əziyyət çəkən abituriyent yoxdur.

 Bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

Ekspertin sözlərinə görə, bir çox dərsliklərin hazırlanma səviyyəsi çox bərbaddır.

Onun fikrincə, əsasən II və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin vəziyyəti daha çox ağırdır, çünki onlar təkcə tarix fənni üzrə 12 adda dərslikdən istifadə edir və bu, onların istismar edilməsi deməkdir.

 “Dərsliklərin bəziləri bərbad haldadır. Xüsusilə də ümumi tarix, kimya və s. Ümumi tarix dərsliyində verilən informasiyalar bir çox mövzularda xaotik səciyyə daşıyır. Tarix fənn müəllimləri haqlı etiraza başlayıblar. Çünki bir dərslikdə verilən informasiya digərində yoxdur. Abituriyent isə əlacsızlıqdan öyrənməlidir. Çünki qəbulda düşə bilər. II və III ixtisas qrupunda hazırlaşan abituriyentlər rəsmən istismar olunur. Təkcə tarix dərslikləri 12 addadır”, - deyə Elçin Əfəndi diqqətə çatdırıb.

O, həmçinin xatırladıb ki, hər ay valideynlər 6-7 fənn üzrə kursa, yaxud repetitor yanına gedən övladlarının hazırlığına xeyli miqdarda vəsait xərcləmək məcburiyyətində qalırlar.

 “ Ümumilikdə 6-7 fənn üzrə hazırlıq keçirlər. Yazıq valideyn. Aylıq hazırlıq qiyməti minimal 250, maximum 1000 AZN”, - deyib.

 Elçin Əfəndi  bütün dərsliklərin yenidən hazırlanmağa ehtiyac olduğunu, həm də II ixtisas qrupundan ümumi tarix fənninin çıxarılmasının, ümumiyyətlə, qəbul imtahanlarında fənlərin minimallaşdırılmasının vacibliyini də təklif edib.

 “II ixtisas qrupuna gəldikdə isə fikrimcə, buradan ümumi tarix fənnini çıxartmaq lazımdır. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları artıq bu qrupda yer almır. Dövlət İmtahan Mərkəzi nəzərə almalıdır. Fikrimcə, bütün dərsliklərin yenidən, şəffaf və düzgün hazırlanmasına ehtiyac var.

Bundan əlavə qəbul imtahanlarının modeli, formatı dəyişməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır.

Müəllimlərin əziyyətinə, şagirdlərin və valideynlərin istismarına son verməyin zamanı çoxdan keçib. Aidiyyatı qurumlar mütləq nəzərə almalıdır”, - deyə təhsil eksperti vurğulayıb.

 Ekspertin də açıqladığı kimi, heç kəsə sirr deyil ki, 11 il orta məktəbdə orta təhsil alan şagirdlər təhsil aldıqları dövrdə ən azı iki il ya kursa, ya da repetitor yanına getmək məcburiyyətindədir. Çox nadir hallarda hazırlığa getmədən qəbul imtahanlarında istənilən bal toplayanlar olur... Bəs niyə görə 11 il təhsil alan əksəriyyət abituriyent orta məktəb təhsili ilə kifayətlənərək ali məktəblərə qəbul ola bilmir?

Bu sualın cavabı isə hamıya məlumdur...

Y.Məmmədli