Təhsil naziri Emin Əmrullayev hazırlıqlı müəllimin bir sinifdə 40 uşağa dərs keçmısi ilə hazırlıqsız müəllimin 6 uşağa yaxşı dərs keçməsi arasında fərq olmadığını bildirib.

Nazir Sinqapur təhsil sistemini tərifləyib və həmin ölkədən misal da çəkib.

“Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Sinqapurda  bir sinifdə standart olaraq 40 şagird təhsil alır”.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib.

 Onun fikrincə,  sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsiri “mif”dir.

 Nazirin sözlərinə görə, keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir.

Emin Əmrullayev “Bizim cəmiyyətimiz elə qurulub ki, hər şeydən şikayət etmə formatı var”, -deyə vurğulayıb.

 O, həmçinin qeyd edib ki, vaxtilə valideynlərin övladları üçün müəllim seçimi etməsi məsələsi, hətta korrupsiyaya yol açıb və bundan yaxa qurtarmaq üçün electron sistemlər qurublar.

  “Biz təhsil sistemində insanlara geniş seçim imkanları yaratmışıq. Dünyanın heç yerində valideyn hansı müəllimin övladına dərs deməsini seçmir. Lakin bizdə valideynlər belə bir seçim edir. Çünki bir neçə il əvvəl bu belə korrupsiya mənbəyi idi. Məhz filan sinifə düşmək problem idi. Bunu aradan qaldırmaq üçün elektron sistemlər qurmuşuq. Həqiqətən də, bu gün müəllimi Elm və Təhsil Nazirliyi, direktor yox, elə valideyn seçir”, - deyib.

Nazir Emin Əmrullayev məktəblərdə sıxlıq probleminin olmadığını bildirib və vurğulayıb ki, ölkəmizdə 40-dan çox şagirdin təhsil aldığı məktəblərin sayı bir neçə yüzdür.

 

Y.Məmmədli