"Diferensial sistemin dəyişdirilməsinə və əmək haqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var".  ***
Sosial şəbəkələrdə bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əmək haqqı artımları ilə bağlıdır. Artımların sertifikasiya nəticələrinə yoxsa ümumi prinsiplərə əsaslanması da müzakirə olunan məsələlərdəndir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Deputat bu il təhsilə ayrılan vəsaitin artırılaraq 4 milyard 549 milyon manata çatdırıldığını vurğulayıb.
O, diqqətə çatdırıb ki, həmin vəsaitin  93.6 milyon manatı əmək haqqının artırılması üçün nəzərdə tutulub:
"Qeyd edək ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub. Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artırılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manatı birbaşa ümumtəhsil xərcləridir. Əmək haqqı artımları baxımdan, digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manatı məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əmək haqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur", - deyə diqqətə çatdırıb.
Vüqar Bayramov müəllimlərin imtahan nəticələrinə görə əmək haqlarının artırılması zamanı 48 bal toplayan müəllimlərə də 35 faizlik artımın tətbiq edilməsini və buna müvafiq olaraq, qaydalara da dəyişiklik edilməsini təklif edib: 
"Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Diferensial sistemin dəyişdirilməsinə və əmək haqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin", - o, deyib.
Y.Məmmədli