Təhsil naziri Emin Əmrullayev bildirib ki, uşaq bağçaları ilə bağlı yeni qaydaların hazırlanmasının zamanı çatıb.

Nazir qeyd edib ki,  bağçalarla bağlı diaqnostik qiymətləndirmə aparılıb.

Onun sözlərinə görə, birinci mərhələdə əsas iş bağçalara uşaq qəbulunun qaydaya salınmasıdır.

“İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır”, - deyə nazir qeyd edib.

Ekspertlərin fikrincə isə, ölkədə lazımi qədər uşaq bağçası yoxdur. Belə olan halda, bütün bunlar necə həyata keçirilməlidir?

Məlum olduğu kimi, 2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə ayırılması nəzərdə tutulub.

Təhsil Nazirliyinin məlumatına görə, hazırlanan yeni qaydalara əsasən, şagird və tərbiyəçilərin işə qəbulu vahid elektron formatda keçiriləcək. Uşaq bağçaları ilə bağlı vahid məlumat sisteminin yaradılması planlaşdırılır. Proses yaxın zamanlarda bitəcək. Bundan sonra bağçalara uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq.

Məlumatda daha sonra qeyd olunub ki, uşaq bağçalarında qidalanma rasionu ilə bağlı da qaydalar köhnəlib. Yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq nəticələr ictimaiyyətə təqdim olunacaq.

Nazirlikdən vurğulanıb ki, gələcək illərdə yeni uşaq bağçalarının tikilməsi mümkün ola bilər: "Uşaq bağçaları nazirliyin balansına az müddətdir verilib. Bu səbəbdən hazırda araşdırma mərhələsindəyik”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov  bildirib ki, hazırda ölkədə 1693 dövlət uşaq bağçası var və orada 123 min uşaq tərbiyə alır: “2011-ci ildə ölkə Prezidentinin sərəncamı ilə uşaq bağçaları icra hakimiyyətlərinə verildi və bundan gözləntilərimiz daha böyük idi. Amma 10 il ərzində orada hər hansı inkişaf görmədik. Bu 10 il ərzində uşaq bağçaları 20 il geri düşdü. 2021-ci ildə ölkə başçısı yenidən uşaq bağçalarını Təhsil Nazirliyinə qaytardı”.

Ekspertin sözlərinə görə, 2011-2021-ci illərdə uşaqların bağçalara qəbulu şəffaf olmayıb: “Bu, tərbiyəçilərin qəbuluna da aiddir. Qidalanma ilə bağlı ciddi problemlər vardı. Kim pul verirdisə, onun uşağını bağçaya götürürdülər, işə qəbul prosesi müsabiqə yolu ilə keçirilmirdi, icra hakimiyyətləri kimi istəyirdilər işə qəbul edirdilər.”

O qeyd edib ki, artıq proses dəyişib: “Burada ilk olaraq tətbiq ediləcək qayda - uşaq bağçalarının yerləşdiyi mikroərazidə qeydiyyatda olan uşaqların qəbulu həyata keçiriləcək. Əvvəl Xətai rayonunda yaşayan uşağı Nəsimi rayonunda yerləşən bağçaya qəbul edirdilər. İndi bu, mümkün olmayacaq. Hər kəs yaşadığı əraziyə yaxın bağçaya müraciət edə biləcək və kənar yerlərdə bağçada yer boş qalarsa, ora müraciət etmək hüququ qazanacaq. Bu, şəffaflıq üçün çox vacibdir.”

K.Əsədovun fikrincə, uşaq bağçalarına işə yalnız ali təhsili və orta ixtisas təhsili olan şəxslər qəbul edilməlidir.

Uşaq bağçalarının sayına gəlincə, ekspert bildirib ki, bağçaların sayı həddindən artıq azdır. “Biz təklif etmişik ki, bu sahədə özəl sektor vergilərdən azad edilsin. Bakıda cəmi 240 uşaq bağçası var. Azərbaycan üzrə uşaqların cəmi 25 faizi uşaq bağçalarına cəlb edilir. Elə regionlar var ki, məsələn, Qax, Zaqatala, Daşkəsən, Gədəbəy, orada uşaqların 2 faizi belə, uşaq bağçalarına cəlb edilə bilmir. Ona görə də özəl sektora dəstək vermək lazımdır, kommunal xərclərə, vergilərə güzəşt tədbiq edilməlidir. Bu, olmasa, iş çətin olacaq”, -  deyə ekspert qeyd edib.

E.ŞİRİNOV