“Hamilələrin toy mərasimləri və digər yığıncaqlarda iştirakı düzgün deyil”.

Bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti” proqramında deyib.

O, qeyd edib ki, işləyən hamilə qadın iş yerində digər şəxslərlə sosial məsafəni qorumalıdır: “Eyni zamanda hamilələr dügzün qidalanmalı, təmiz havada çox vaxt keçirməlidir”.

T.Həsənova bildirib ki, COVID-19 virusu hamilələrin doğuş prosesinə dolayısı ilə təsiri var: “Təbii ki, normal doğuş mümkündür. Əgər hamilələrdə xəstəlik ağırdısa o zaman qeysəriyyə üçün göstəriş olur. Hamiləlik zamanı qanı durulaşdırmaq üçün verilən dərman doğuşdan sonra müəyyən çətinlik yarada bilər”.

Həmçinin o, bildirib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur: “Çünki anayla uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maskayla belə süd verməsi məsləhət deyil”.