Gürcüstanda artıq  iki nəfər koronavirusun “omikron” ştammına yoluxub.

 Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib. Qamkrelidze  koronavirusun “Omikron” ştammına yoluxanların hər ikisinin Gürcüstan vətəndaşları olduğunu açıqlayıb: “Onlar ABŞ və Yaxın Şərqə, xüsusən Dubaya səyahət edən Gürcüstan vətəndaşlarıdır. Hər ikisi təcrid olunub, lakin 26 nəfərlə təmasda olublar. Onlardan 11-i əcnəbi, qalanları isə Gürcüstan vətəndaşıdır. Hər iki yoluxmuş şəxs öz mənzilində təcrid olunub və vəziyyətləri yüngüldür".

Lakin bununla belə Gürcüstanda koronavirusa yoluxma sayı azalmaya döğru gedir. Belə ki, son 24 saat ərzində ölkə üzrə 1 296 yeni yoluxma qeydə alınıb. Ötən gün isə ölkə üzrə 2 195 yoluxma halı qeydə alınmışdı.

Xatırladaq ki,  koronavirusun yeni "omikron"ştammı öncə Cənubi Afrikada müşahidə edilib, sonra isə digər ölkələrə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, “Omikron” Gürcüstandan başqa, dünyanın daha 89 ölkəsində qeydə alınıb.

Qeyd edək ki, İtaliya Dərman Agentliyinin (Aifa) prezidenti virusoloq Giorgio Palu, yeni koronavirus ştammının orijinal COVID-19 variantından onlarla dəfə daha çox antitel tələb etdiyini söyləyib.

Palu vurğulayıb ki, "omikron"un ağırlıq dərəcəsini Cənubi Afrika təcrübəsi ilə eyni qiymətləndirmək olmaz. 

Onun sözlərinə görə, Cənubi Afrika təcrübəsi (omikron deltadan daha yüngüldür) burada işləmir və Cənubi Afrika əhalisi Avropadan daha gəncdir, peyvənd nisbəti təxminən 25% təşkil edir, həmçinin ölkədə yay fəslidir.

Mütəxəssisin fikrincə, "omikron" ştammı həm peyvənddən sonra, həm də sağaldıqdan sonra yaranan antitellərdən yan keçə bilir. O, peyvəndin üç dozasının daha təsirli ola biləcəyini vurğulayıb.

 

JASMİN