Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu Aprel döyüşlərinin iştirakçısıdır. Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhəti ilə əlaqədar 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan kömək olmasa, həyatda varlığı belə sual altında qalar.

V.Sadıqov dəfələrlə ona əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Sonuncu dəfə 2021-ci ilin 14 sentyabrında Qazax Rayon Mərkəzi Xəstəxanasında keçdiyi müayinənin nəticələri Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Şikayətçi bildirir ki, hər dəfə ona müxtəlif bəhanələrlə cavab verməkdən yayınıblar. Müalicə üçün M.Mirqasımov adına 1 saylı Respublika Kliniki Xəstəxanasına göndəriblər: "Orada 7 gün yatdım, şöbə müdiri Sevda Məmmədova və 1-ci mərtəbədə oturan direktor məndən əlillik dərəcəsi təyin olunmasına müvafiq diaqnoz təsdiqləmək üçün 500 manat istədilər. Mənim isə onlara verməyə pulum yoxdur. Bunlar əlil adama dərəcə təyin etmək əvəzinə, üstəlik, zəlil edirlər".

V.Sadıqovun sözlərinə görə, Ağstafadan onun kimi və hətta səhhəti daha pis olan, amma pensiya almaq imkanından məhrum edilən qazilər az deyil: "Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Arzu Tofiq oğlunun pensiyası da kəsilib. Arzu 4-cü mərhələ onkoloji xəstədir. Oğlunun biri hərbi xidmətdədir, digər iki övladı azyaşlıdır. Axırıncı dəfə dost-tanış bir araya gəlib ona qan veriblər. Bunlar belə etməklə nə fikirləşirlər? Biz beynəlxalq məhkəməyəmi müraciət edək, öz hökumətimizəmi qarşı çıxaq. Uğrunda vuruşub canımızı qoyduğumuz ölkəni gözdənmi salaq? Axı qürurumuz buna yol vermir!"

Şikayətçi həmçinin bildirir ki, depuat Günay Ağayevaya da köməkçisi vasitəsilə problemi barədə məlumat verib. İndi isə üzünü Prezidentə, Ali Baş Komandan İlham Əliyevəı tutub kömək istəyir. KİV-dən xahiş edir ki, onun problemini ictimailəşdirib aidiyyəti qurumlara çatdırsınlar. V.Sadıqov onu da qeyd edir ki, son 5 ildə Ağstafa rayon Mərkəzi Xəstəxanasına 3 baş həkim təyin olunsa da, müsbətə doğru heç nə dəyişməyib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV