booked.netbooked.net booked.net  

Paytaxtın tıxac problemi həm də şəhərin ekologiyasına mənfi təsirlidir…

…Bakının mərkəzində, Afiyəddin Cəlilov küçəsinin Cavanşir körpüsü ilə kəsişməsindəki 14 mərtəbəli bina bir həftədir sökülür. Binanın sökülməsinin səbəbi ictimaiyyətə bəlli deyil. Amma söküntünü aparan şirkətin toz-dumanı ətrafda yaşayan sakinlərə yaxşı tanışdır… Qısası, ya zəllədən, ya vəlvələdən, mərkəzdəki bu bina sökülür. Yerində nə tikiləcək? Əgər Ağ Şəhər Bulvarının başlanğıcı olan bu ərazidə sökülən binanın yerində yenə göydələn tikiləcəksə, Bakının ekologiyasının qənimi olan tıxacla yüklənməsinə daha bir «töhfə» verilmiş olacaq.

 Tıxaclardan çıxış yolu görünmür…

  Tıxaclar təkcə yollarda izafi yandırılan yanacağın tüstüsü ilə yekunlaşmır. Həm də yollardakı cansıxıcı tıxaclarda ilişib qalan avtomobillərin səs-küyü, siqnalı da paytaxt sakinlərinin səhhətinə mənfi təsirlidir.

 Bakı isə sancılı adam kimi xeyli müddətdir tıxaclardan əziyyət çəkir. Paytaxt sakinləri isə hər gün faydalı vaxtını tıxaclarda keçirir. İnsanların bununla da faydalı iş əmsalı azalmaqdadır. Məsələn, 8 saatlıq iş saatının 2-3 saatı tıxacda əriyirsə və insanlar işdən sonra yenidən tıxacların əziyyətini çəkirsə, görün növbəti iş gününə hazırlıq nə kökdədir?

 Yollarda qocalan Bakı sakinləri…

 Tanınmış hüquq müdafiəçisi Azər Həsrətin tıxaclarla bağlı maraqlı statusu var. Deyir: «…İndi məni dərd alıb da. Evdən şəhərə çıxmaq istəyirəm, amma qorxudan çıxmıram. Maşınla çıxacağam, tıxacda qalacağam. Avtobusla olsa bu dəfə də dayanacaqda qalıb qocalacağam. Nə edim, necə edim axı? Bu şəhərin nəqliyyat problemi yəni heç vaxt həll edilə bilən deyil? Həll edilmirsə, bir səbəbi var da. Bu işin başında duranların başı yetmir idarə etməyə. Yeni kadrlar gəlsin. Bacarmasalar dünyada bu sahədə ən optimal təcrübəsi olan şəhərlərdən birinin ekspertlərini çağıraq, pulunu verək, düzüb qoşsun da bu məsələni. Ömrümüz çürüdü axı yollarda boşuna. Niyə hansısa taxtabaş bir vəzifədə otursun deyə hər gün 100 minlərlə insan yollarda əziyyət çəkməlidir? Niyə də, niyə?».

 

Əslində isə, nəqliyyatı idarə edənlərdə günah yoxdur. Biz 1 kvm sahəni verib deyirik ki, 10 kvm sahəlik qaraş tik! Təxminən belə. Bakının daxilində genişlənməyə yol-sahə qalmayıb. Məsələn, 30 il, 50 il qabaqkı küçələrdə 100 avtomobil yola çıxırdısa, indi hamının mənzili daxildədir və indi həmin yola 1000 maşın çıxır. Hamı mərkəzə pərçimlənib. Axşamlar göydələnləri seyr edin, o boyda binalarda 20-30 mənzildə işıq yanır... Bu qədər mənzil tikintisinə doğrudanmı ehtiyac var? Əslində, Azərbaycanda əmlak vergisi barədə qanunlarımız işləsə və boş saxlanılan mənzilə görə vergi yükü artırılsa, heç kim ehtiyacından onqat artığında mənzil alıb saxlamaz və Bakımız da rahat nəfəs alar.

 ***

 Ziya Məmmədovun nazir olduğu vaxt təklif vermişdim ki, Bakının 5 istiqamətindən gəlib Cavanşir körpüsündə cəmləşən maşınların müşahidəsini aparmışam, 90 faizi rayon istiqamətinə və "Sədərək"ə, "Binə" və "Meyvəli"yə gedir. Onlar niyə mərkəzə girməlidir? Həmin avtomobilləri dəniz sahili ilə, məsələn, "Lenkombinat"dan Lökbatanadək bərə ilə daşımaq olar. Dənizdən sahilboyu yol da çəkmək mümkündür. Mənə nazirlikdən bu təklifə görə minnətdarlıq məktubu da gəldi... Amma qaldı belə. Sonra Çin şirkətinə belə bir layihə təklifi verildi, amma maliyyəsini tapa bilmədilər. Çünki pullar oğurlanıb xaricə daşınmışdı, hələ də geri qaytarılmayıb...

 Yollara və metroya çıxış növbəliliklə???

 …Düşündürücü mənzərədir: Sovetlər dönəmində rast gəldiyim bir mənzərəyə indi Bakıda rast gəlməkdəyəm: o vaxt insanlar pal-paltar, ərzaq növbəsinə dayanardı, indi metroya daxil olmaq üçün növbəsini gözləməyə məcburdur. Rəsmilər tıxaclarla bağlı məsələnin həlledilməzliyini etiraf edirlər və çıxış yolunu belə görürlər: metro stansiyalarına sərnişinlər növbə ilə buraxılsın!

 Bu azmış kimi, avtomobillər də yollara DYP əməkdaşları tərəfindən növbə ilə buraxılır. Təbii ki, məqsəd əsas baş yollardakı sıxlığı nizamlamaqdır. Lakin hazırda Bakının yollarındakı vəziyyət elədir ki, əsas yollardan biri bir neçə dəqiqəliyə bağlanırsa, paralel küçə keçilməz olur, avtomobillərin uzun tıxacı yaranır…

 Bəs çıxış yolu nədir?

 Tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının bu suala cavabı diqqəti çəkir:

-Mirvari xanım, Siz təkcə neftçilərin deyil, onların timsalında həm də Bakı sakinlərinin hüquqlarının müdafiəçisiniz. İndi hara üz tuturuq, hamı tıxaclardan danışır. Siz nə düşünürsünüz, doğrudanmı bu məsələ həlli mümkünsüzdür?

-Ciddi deyirəm, həm metro, həm də ictimai nəqliyyata cavabdeh qurumların nəqliyyat sahəsi üzrə ekspertlərinin çıxışlarını izləyirəm, onlar açıq şəkildə etiraf edirlər ki, artıq vəziyyət o həddədir ki, paytaxtın tıxac problemi həllolunmaz görünür. Qısa desəm, Bakının yollarının kələfi dolaşdırılıb. Rəsmilərin çıxış yolu barədə söylədikləri də təsdiq edir ki, hazırkı durumda bu məsələ problem olaraq qalır… Paytaxta tıxacların bu həddə çatması isə şəhərin ekoloji problemlərini qaçılmaz etməkdədir… Hər gün yüz minlərlə maşın küçələrdə saatlarda yanacaq yandırmağa məhkumdur…

-Bəs Sizin təklfiniz nədən ibarətdir?

-Bilirsiniz, sahəyə cavabdehlər çıxış yolunu faktiki görmürlərsə, mən nə deyə bilərəm. Amma problemdən yeganə çıxış yolu budur ki, Bakının daxilindəki göydələnlərin vurhavur tikilməsinin qarşısı alınmalıdır. Aydın məsələdir ki, 50 il əvvəlki küçələrin avtomobil tutumu necə idisə, indi də elə qalıb. O vaxtlar Bakıda 70-80 min avtomobil var idisə, indi həmin küçələrə 100 dəfə çox avtomobil çıxır. Özü də bir var bu nəqliyyat vasitələri kənardan daxil olub gedə, bir də var avtomobillər əsasən daxildədir və paytaxtın daxilində hərəkətdədir. Çünki iş adamlarına imkan verildi ki, Bakının daxilində göydələnlər tikib əhalini mərkəzə yığsınlar. İndi hamı bu iş adamlarının tikdiklərinin girovuna çevrilib. Onu da deyim ki, bir sıra küçələrə avtobus zolaqları çəkilib və onsuz da dar olan həmin küçələr bir az da daraldılıb. Çıxış yoluna gəlincə, indiki məqamda bu çətin sualdır. Sadəcə, Bakının daxilinəki əsas yollara daxil olan və paytaxtdan kənara-bölgələrə gedən avtomobillərin istiqamətini dəyişmək, bir də Bakının daxilindəki göydələnlərin tikintisini dayandırmaq lazımdır. Yadımdadır ki, neçə il əvvəl Prezident Bakının mərkəzi hissələrində göydələn tikintisinə qadağa qoymuşdu. Bu yaxşı məsələ idi. Lakin indi görürük ki, bəzi iş adamları və rəsmi şəxslər pilot layihə adı altında Bakıdakı ötən əsrin 60-70-ci illərində tikilmiş dörd və ya beşmərətəbəli binaları söküb yerində 25-30 mərtəbəli komplekslər tikir. Bu yolverilməzdir…

***

Belə. İnanaq ki, Bakının tıxac problemlərinə bir əncam çəkiləcək və Əməkdar jurnalist Azər Həsrət demiş, yollarda qocalanların sayı azalacaq… Və Bakının ekoloji problemlərinə bais olan tıxaclar aradan qaldırılacaq.

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Ağentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.17). 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN