“Təzadlar”ın əməkdaşları Hacı İbrahimin “Xəzər adaları” xarabalığından reportaj hazırlamaq istədi, amma…

…Günlərin birində, daha dəqiq desək, 2011-ci ildə Azərbaycanın bəzi rəsmi və qeyri-rəsmi KİV-ləri Bakıda, Xəzər dənizinin ləpədöyənində 3 min hektar ərazini əhatə edəcək “Xəzər adaları” adlı bir inanılmaz layihəyəyə start verildiyini yazmağa başladı… Bu layihənin baş qəhrəmanı isə (bir qardaşı Azərbaycan Diaspor Komitəsinin sədri Nazim İbrahimov idi, digər qardaşı ATV-nin uzun illər sahibi olmuşdu, digər bir qardaşı isə Bakıda göydələnlər kralı kimi tanınırdı, indi həbsdə olmalıdır) Hacı İbrahim idi…

 Azərbaycan mətbuatının yalanlarına xariciləri inandırma taktikası…

 Ölkənin üzdə olan KİV-ləri az qala Qarabağ problemini belə unudub Hacı İbrahimin 100-150 milyard dollara başa gələcək utopik, feyk  layihəsindən hər gün yazırdı. Hacı İbrahimin ofisindən reportajlar qəzet manşetlərini bəzəyirdi… Hacının səxavətli münasibəti jurnalistləri necə həvəsləndirmişdisə, onlar tanınmış tikinti mütəxəssislərindən Abşeron kimi seysmik zonada hündürlüyü 1000 metr (təxminən 270 mərtəbəli) hündürlüyündə belə bir binanın tikilməsinin mümkünlüyünü belə soruşmağı unutmuşdular… Hacı isə hər gün özü haqqında uydurulan əfsanələrdən, gop məqalələrdən… xumarlanıb meyxoş olurdu və Çin, Türkiyə, Kanada, ABŞ, Qətər… kimi ölkələrin iş adamlarını şirnikləndirib Bakıya gətirtmişdi ki, onun əfsanəvi layihəsinə pul töksünlər. Sonra “ya xan ölər, ya eşşək” fəlsəfəsi ilə məsələni yoluna qoymağa nə var idi ki! Özü də həmin ölkələrdə səfərlərdə olurdu, yatırım, tikinti… sövdələşmələri aparırdı.

Azərbaycan üçün belə bir tikinti layihəsi haqqında məlumat və məqalələr, yazılar, maraqlıdır ki, ölkənin hüquq mühafizə, MTN kimi belə strateji məsələlərə diqqətli olan bir dövlət qurumunu qulağının dibində, gözünün önündə yazılırdı. Və kimsə demirdi ki, Hacı, istiotu çox edirsən, özünə gəl!

***

Hacı isə, təkrar edirik, təkcə dastana dönmüş adının yazıldığı məqalələrdən-təriflərdən deyil, həm də hər səhər yediyi qara ikra və içdiyi konyakdan meyxoş olmuşdu. “Yeni Musavat”da az qala hər gün Hacı İbrahimi göyün 270-ci mənzil mərtəbəsinə qaldıran məqalələrin birini xatırlayırıq. Deyirdi ki, “Mən hər səhər qara ikra ilə konyak içib sonra işimə başlayıram…” Təxminən belə.

 “Təzadlar”ın əməkdaşları Hacı İbrahimin “Xəzər adaları” xarabalığından reportaj hazırladı…

 Qısa olaraq deyək ki, vikipediyada “Xəzər adaları”nın tikintisi barədə belə yazılır: “…Tikintiyə 2011-ci ilin mart ayında başlanılıb. “Xəzər adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəridir. Layihənin əsas hissəsinin tikintisi üçün 60 mlrd. dollar tələb olunur. Bu məbləğin yarısı xaricdən cəlb olunacaq, yarısı isə mənzil satışlarından gələn gəlirin hesabına əldə ediləcək. "Avesta" şirkətinin prezidenti İbrahim İbrahimovun sözlərinə görə Amerika, Türkiyə, ərəb və Çin investorları layihəyə maraq göstərirlər. 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar yatıracağı bəlli oldu. Həmin ay Qətərin dövlət şirkətinin layihəyə 1 mlrd. dollar yatıra biləcəyi məlum oldu. 2013-cü ilin yanvar ayında, AzərTAc agentliyinin verdiyi məlumata görə, layihə çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalanmışdır. Müqavilənin ilkin dəyəri 510 milyon avrodur. Martın 2-si məlum oldu ki, Kanada dövlət agentliyi "Export Development Canada" tikinti layihəsinin reallaşdırılması üçün 4 milyard dollaradək məbləğdə kredit ayıracaq. 2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı olub.Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir. “Xəzər Adaları”nın tikintisi 2015-ci ildən dayandırılmışdır”.

Daha bir məqam: “Xəzər adaları”, yaxud bu layihənin təxminən 1.2 milyard dollara başa gələn hissəsi, sən demə, yüz milyonlarla dollar kredit əvəzində Azərbaycan Beynəlxalq Bankında girov qoyulur. Bankın keçmiş rəhbərliyi iqtisadi səmərəliliyi böyük şübhə doğuran bu layihəyə yüz milyonlarla dollar dövlət vəsaitini axıtmışdı. Sonradan 2015-ci ildə “kredit oliqarxları”nın ovu başlayanda Avesta şirkətinin rəhbəri Hacı İbrahimi də həmin pullara görə “Bandotdel”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) aparmışlar, amma pullar çoxdan dənizə axıdılmışdı və onların geri qaytarılması qeyri-real idi. Belə vəziyyətdə bankda girov olan “Xəzər adaları” layihəsi də Beynəlxalq Bankın problemli kreditlərinə görə girov qoyulmuş digər aktivlər kimi “Azəraqrarkredit” ASC-nin balansına verilir. Daha sonra isə kompleks “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.  “Azərbaycan Sənaye Korporasiyası” layihə üçün xarici investor axtarsa da, 2021-ci il aprel ayına qədər bu layihə ilə heç bir investor maraqlanmayıb. 2019-cu ilin iyul ayında Hacı İbrahim açıqlayır ki, daha onun dövlətə “bir qəpik də olsun” borcu qalmayıb. Çünki “Xəzər adaları”nı dövlətə verib.

 Bu da Hacı İbrahimin dövlətə verdiyi 1,2 milyard dollarlıq xarabalığı…

 Bu gün “Təzadlar”ın Araşdırma Qrupunun üzvləri Hacı İbrahimin dövlətə verdiyini dediyi 1,2 milyard dollarlıq xarabalığına baş çəkdi… Bu barədə ətraflı reportaj təqdim ediləcək. Hələlik isə qısa bir məlumat verək ki, Bakı-Ələt avtomagistralının 25-ci km-də, yolun solunda hər kəsi uzaqdan-Xəzərin sahilindən “salamlayan” xarabalığı 2011-ci ildəndir… Əvvəlcə Hacı İbrahimi əfsanələşdirən, bu hap-gop layihəni tərifləyib Hacı İbrahimlə birgə göylərə qaldıranlar isə 2015-ci ildən susur. Niyə? Dövlətimiz və cəmiyyətimiz üçün göz dağı olan bu layihəyə ayrılan pullardan indi fotoşəkillərdə gördüyünüz bu xarabalıqlar qalıb. Və həm də vaxtilə yolun kənarında axşamlar rəngli işığa qərq olan bahalı palma ağaclarından isə indi quruca kötük qalıb. Hacı İbrahim vaxtilə qəzetlərin birinə müsahibəsində bu palmaların birini on min manata Dubaydan gətirtdiyini demişdi… Təxminən xatırlayırıq, 25 palma var idi…

***

…Bu da “Xəzər adaları”na gedən yol və şlaqbaum… Məftillə bağlanmış yolun və şlaqbaumun arxasındakı “Ala qapı”nın ətrafından başlayan xarabalıqların izi tikintisi yarımçıq qalmış, uzaqdan miskin görkəmi ilə diqqəti çəkən çoxmənzilli binanın karkasına kimi uzanıb gedir. Yanında pas atıb qalmış kranın irəli uzanmış qülləsi isə, sanki onu izləyənlərə uzanan qolları kimi “Məni xilas edin” deyirdi… Gözümüzə dəyən canlı dəyən isə bir bikef gözətçi və onun gözü yemək axtaran arıq iti idi. Qapıçı ilə söhbət edirik:

-Yol niyə bağlıdır? Qabağa getmək olmaz ki?

-O tərəfdə heç kim yoxdur, ona görə bağlamışıq.

-Bəs tikintidə iş getmir?

-Yox, hər şeyə həbs qoyulub… Burada bir mənəm, bir də itim…

-Bəs Hacı İbrahim hardadır, gəlmir?

-(Gülür). Nəyə gəlsin, bu xarabalığa???

 

 Vaxtilə Hacı İbrahimin avtomobili gələndə bu şlaqbaumun yanında 6-7 nəfər dayanardı. İndi isə, bir it var, bir də bikef gözətçi.Təəssüflər.

Bir də ona təəssüflər ki, axı niyə kimsə soruşmur ki, əgər layihəyə imza atıb öhdəlik götürmüşdünsə, dünyanın tanınmış sahibkarlarını şirnikləndirib buraya gətirirdinsə, ay Hacı İbrahim, sənin bu xarabalığın kimə lazımdır?

 Bizə neçə gün orada olanda əmək haqqı borcunun izi ilə gəlmiş bir usta isə dedi ki, 2015-ci ildən yarımçıq qalmış tikililərin monolit beton arakəsmə hissəsi Xəzərin nəmişliyindən ovulub tökülür, ömrünü başa vurur. Belə çıxır ki, “Xəzər adaları”nı balansına götürmüş  “Azərbaycan Sənaye Korporasiyası” ASC bu qalıqları söküb-töküb yerində nəsə inşa edəcək. Bu qədər dövlət vəsaiti niyə Hacı İbrahimin xarabalıqlarında güdaza getməlidir?

 Bəli, Qarabağın indiki quruculuq işlərinə dəstək vermək üçün “Yaşat” Fondu yaradılıb, inalərin qəbul edildiyi bir vaxtda, Haci İbrahimin 1,2 milyardlıq xarabalığına baxıb köks ötürməkdən başqa bizə nə qalıb? Mətbuatın yazdığına görə, Hacı İbrahimin Türkiyədə və digər Avropa ölkələrində, eləcə də Rusiyada (qardaşı Nazim İbrahimovun xətti ilə) yüz milyon dollarlıq əmlakları var. Azərbaycan dövləti niyə bu əmlakları müsadirə etdirmir? Belə çıxır ki, dövləti aldat, milyardları mənimsə, sonar belə bir xarabalığı qoy, get öz istirahətinə?!

Təsəvvür edirsinizmi, nə qədər iş adamları Hacı İbrahimin bu hap-gop layihəsinin acı aqibətini canlı görəndən sonra Azərbaycanda iş görməkdən imtina ediblər.

Hesab edirik ki, Baş Prokurorluq Hacı İbrahimlə bağlı məsələyə yenidən baxmalıdır. Çünki onun “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə verdiyi “Xəzər adaları” xarabalıqlarından açıq-aydın korrupsiya və dövləti, əcnəbi iş adamlarını, ictimaiyyəti aldatma cinayəti var…

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA