Nazirliyin Dünya Bankından aldığı 100 milyon dollarlıq kredit hesabına həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi"ndəki tenderlərdə olan qalmaqaldan Prezidentə şikayət edildi...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kreditlər hesabına həyata keçirdiyi sosial layihələrlə bağlı ciddi narazılıqlar var. Keçirilən tenderlərdəki iştirakçılardan birinin Prezidentə müraciətində (surəti “Təzadlar”a göndərilib) bu sosial layihələrlə  bağlı qaranlıq məqamlardan bəhs edilir...

***

Müraciıtdə o da qeyd edilir ki, sən demə, tanınmış araşdırmaçı jurnalist Bəxtiyar Hacıyev də bu məsələ ilə bağlı araşdırmalar aparıb.

Beləliklə, məlum olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun vaxtilə partnyoru və əsas simalarından biri olduğu, indi isə yaxın qohumunun rəhbərlik etdiyi “EKVİTA” MMC adlı yerli şirkət nazirlikdən əvvəlcə 1 milyon manata yaxın, ardınca isə başqa şirkətlərlə konsorsium şəklində 9 milyon 265 min dollarlıq tenderlərin qalibi olub.

Müraciətdə qeyd edilir ki, 2021-ci ilin oktyabr ayında Dünya Bankının 100 milyonluq kredit layihəsi çərçivəsində, eyni satınalma metodu ilə başqa bir tender də keçirilib – “Əmək Bazarının qiymətləndirilməsi və VTC strategiyasının hazırlanması”. “Cənab Prezident! 1 oktyabr 2021-ci ildə tenderin qalibi olan konsorsiumla 1 milyon 274 min ABŞ dolları məbləğində müqavilə imzalanıb. Tenderin qalibi olmuş konsorsiuma daxil olan “GLOBAL LEGAL” MMC adlı yerli şirkətin qanuni təmsilçisi Sevil Yəhyayeva adlı şəxsdir. Araşdıranda məlum olur ki, “Ekvita” şirkətinin Hüquq Menecerinin də adı Sevil Yəhyayevadır (skrinşotlar əlavədə).

 

 Bu azmış kimi, 920.000 manatlıq "peşə standartlarının hazırlanması" tenderində də “Ekvita” MMC şirkəti tək yox, “Global Legal” MMC şirkəti ilə konsorsium şəklində qalib gəlibmiş (bu barədə rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində yayımlanmış bildirişin şəklini əlavə edirəm).

Bir az da araşdıranda məlum oldu ki, qalib konsorsiumun digər üzvü olan "IBF INTERNATIONAL CONSULTING" şirkətinin mütəxəssisi olan bir şəxs isə eyni zamanda “Ekvita” şirkətinin işçisidir (o da skrinşot əlavədə). Yəni, belə görünür ki, oktyabrda keçirilmiş 1.3 milyon dollarlıq tenderin qalibi olmuş şirkətlər də, avqustdakı 9,2 milyonluq layihənin qalibi olan və nazir müavininə çox yaxın hesab edilən “Ekvita” şirkəti ilə bu və ya digər şəkildə əlaqəli şirkətlərdir. Bəs bunlar necə baş verir? Niyə sosial layihə adı altında Azərbaycan dövlətinin təminat məktubları ilə alınmış kreditlər hansısa maraqlı vəzifəli şəxslərin əli ilə ələ keçirilir? Sonra da hesabat verilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi üçün sosial layihələr həyata keçirir, yeni iş yerləri açılır və s. Ortada yeyib qıraqda gəzən bu məmurların isə, sonradan məlum olur ki, qazandıqları-ələ keçirdikləri bu pullar sayəsində xarici ölkələrdə iri biznes şəbəkələri var. Belə çıxır ki, onlar Azərbaycandakı qazancdan çox razıdırlar, Azərbaycanın pulu onlara hava-su kimi lazımdır, amma onların Azərbaycana etibarı yoxdur, eləmi???”.

Qeyd edilən müəmmalarla bağlı  bir neçə gün əvvəl  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçtuna informasiya sorğusu göndərdik. Hələki cavab yoxdur...

***

Araşdırmamız davam edir, əlavə məlumat veriləcək. Onu da qeyd edək ki, Türkiyənin ticarət naziri Ruhsar Pekcan bu il oxşar müəmmalara, yəni tenderdə yol verilən bu tip makinasiyalarda şübhəli bilinərək vəzifəsindən azad edilib...

A.Məmmədli

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA